Belçikadakı aksiyada yaralanan REAL TV-nin əməkdaşı erməni vəhşiliyindən DANIŞDI
Mətbuatda 200 azərbaycanlının Belçika polisi tərəfindən saxlanılması ilə bağlı məlumat gedib. Məlumatda bildirilir ki, Belçikanın paytaxtı Brüssel şəhərində bir neçə gün öncə döyülmüş həmvətənlərimizə dəstək məqsədilə orada yaşayan azərbaycanlılar bir yerə yığışıblar. Belçika polisi də həmin soydaşlarımızı saxlayıb.
Bununla bağlı Sonxeber.az-a danışan REAL televiziyasının Avropa bürosunun rəhbəri Xatirə Sərdarqızı bildirib ki, 200 azərbaycanlının polislər tərəfindən saxlanılması ilə bağlı yayılan xəbər yalandır:
“Heç bir azərbaycanlı saxlanılmayıb. Bu yalan xəbəri hansısa sayt yaymışdı. Mən dərhal Belçikadakı gənclərimizlə əlaqə saxladım. Onlar da bir daha araşdırdılar. Ümumiyyətlə belə bir hadisə olmayıb. Azərbaycanlıların saxlanma xəbəri yalandır. İyulun 22-də təxribat törədən 17 erməni saxlanılmışdı. İyulun 22-də törədilən təxribatda mənimlə birlikdə 7 nəfər ağır yaralanmışdı. Onlardan 5 nəfəri həmin gün evə buraxıldı. 2 nəfər isə bir gecə həkim nəzarətində qaldı. Onların da vəziyyəti yaxşıdı. Hazırda hər kəs evdədir. Uşaqların hamısı özlərini yaxşı hiss edirlər. O gündən sonra ermənilər tərəfindən heç bir təxribat törədilməyib. Hər birimiz ermənilərdən şikayət edəcəyik. Artıq vəkillər tutulur. Ermənilərin bizə qarşı törətdiklər bütün təxribatlar həm görüntü, həm sənədlərlə həm də xəstəxana kağızları ilə əlimizdədir. Biz lazım olan yerlərə müraciət edib ermənilərlə mübarizəmizi beynəlxalq müstəvidə davam etdirəcəyik”.

