Avstraliyanın Viktoriya ştatında rekord miqdarda yoluxma qeydə alınıb
Son sutka ərzində Avstraliyanın cənubunda yerləşən Viktoriya ştatında rekord miqdarda – 532 nəfər koronavirusa yoluxub, altı nəfər isə həyatını itirib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ştatın baş naziri Den Endrüs məlumat verib.
“Viktoriya ştatında ümumilikdə 8 min 696 koronavirus yoluxması qeydə alınıb, bunlardan 532-si yenidir. Təəssüflə qeyd edirəm ki, Viktoriya sakinlərindən altısı virusa yoluxma nəticəsində həyatını itirib”, – deyə D.Endrü sakinlərlə görüşü zamanı bildirib.
Qeyd edək ki, bu ştatda indiyə qədər yoluxanların gündəlik sayı 500 nəfəri ötməyib. Sonuncu rekord iyulun 22-də qeydə alınıb. Həmin vaxt 434 nəfərin yoluxduğu bildirilirdi. Hazırda bu ştatda 4 min 500 nəfərin müalicə aldığı da qeyd edilir.
Bununla yanaşı, Viktoriya ştatının virusun yayıldığı mərkəzə çevrildiyi və baş sanitar həkimin tövsiyəsi ilə burada təkrar karantin tətbiq olunduğu bildirilir.
Avstraliyanın Baş naziri Skott Morrison isə Viktoriya ştatındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu bəyan edib.

