Cəmiyyət 

Azərbaycanın yeni turizm brendi təqdim edilib

ARANTV.AZ xəbər verir ki, Azərbaycanın yeni turizm brendi təqdim edilib. Bakıda keçirilən ilk Milli Turizm Sammitində o da bildirilib ki, ilin sonunadək Dövlət Turizm Agentliyinin 6 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək.

Bu gün qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan turizm sahəsində kompleks tədbirlər reallaşdırılır. Son illər ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzləri, otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması da bu sahəyə olan xüsusi diqqətin göstəricisidir. Hazırda bir neçə ölkədə Azərbaycanın turizm nümayəndəliklərinin açılması nəzərədə tutulur. Eləcə də turistlərə göstərilən xidmətin artırılması  istiqamətində iş aparılır, yeni turizm məhsulları yaradılır, müasir informasiya texnologiyaları tətbiq edilir. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən ilk Milli Turizm Sammitində bu barədə məlumat verdi. Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid isə “Azərbaycan turizm startegiyası-2023” barədə danışdı. Azərbaycanın tarixi qoruqları ilə bağlı layihələr hazlırladıqlarını deyən Florian Senqstşmid onu da bildirdi ki, bu il Bakıda iki turizm mərkəzi açılacaq.

Sonra Azərbaycanın yeni milli turizm brendi təqdim olundu. Azərbaycan Turizm Bürosunun Brend və marketinq üzrə direktoru Fidan Əliyeva bildirdi ki, brendin əsas simvolları bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüardır. Azərbaycanın yeni turizm loqosu olan “A” hərfi “Azərbaycan” sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcək. “Yenidən fərqli baxışla bax”   brendin əsas şüarıdır. Azərbaycanın turizm brendinin hazırlanması prosesində 100-dən çox müxtəlif peşə sahibləri ilə müsahibə xarakterli araşdırma aparılıb və bu proses 5 ay davam edib. Yeni brendin dünya ictimaiyyətinə təqdimatı isə gələn ay Londonda keçiriləcək “Dünya Səyahət Bazarı” sərgisində reallaşacaq.

Dövlət Turizm Agentliyi qoruqlar üçün yeni idarəetmə modeli də tətbiq edəcək. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən ilk Milli Turizm Sammitində hər iki qurumun fəaliyyəti ilə bağlı təqdimatlar da oldu.

Daha çox xəbərlər