Heç bir xarici və daxili qüvvə Ali Baş Komandanla xalqın möhtəşəm birliyin poza bilməz
Ölkəmizdəki siyasi həmrəylik düşmənlərimizə qarşı ən dəyərli silahdır
İyulun 12-də işğalçı Ermənistanın hərbi birləşmələri tərəfindən Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə hücumundan və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda bir daha güclü milli birlik və həmrəylik nümayiş etdirildi. Respublikamızın hər bir guşəsində xalqın Ali Baş Komandana, ordumuza dəstək aksiyaları keçirildi.
Məhz Prezident İlham Əliyevin çağrışı ilə qısa müddətdə 50 mindən çox insan əsasən də cənclər ordu sıralarına yazılmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrində qeydiyyatdan keçdilər. Füzulili gənclər də bu çağrışa qoşularaq Ali Baş Komandana və Ordumuza dəstək aksiyasında yüksək əhval ruhiyyədə iştirak etdilər.
Təbii ki, belə günlərdə siyasi baxışlarından, yaşından, statusundan asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə etməsi Xalqımızın böyüklüyündən və müdrikliyindən xəbər verirdi.
Bu fakt da təqdirəlayiq haldır ki, cəmiyyətin digər təbəqələri kimi ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların da mütləq əksəriyyəti öz müsbət mövqelərini bildiriblər.
Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir kənara qoyaraq, həmrəylik nümayiş etdirib və Ali Baş Komandanın yanında olduqlarını bəyan ediblər. Əslində, belə bir həmrəyliyin ifadə olunması cəmiyyətimizin çoxdan gözlədiyi məsələ idi. Ölkə ictimaiyyəti siyasi rəqiblərin Vətən təhlükədə olduğu anda birlik və həmrəylik etdirmələrini çox yüksək dəyərləndirir. Yaranmış vəziyyətlə bağlı ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın sədri birgə bəyanat imzalayıb və bu, o deməkdir ki, Azərbaycandakı partiyaların mütləq əksəriyyəti vahid mövqedən çıxış edirlər. Birgə bəyanatdan da göründüyü kimi siyasi partiyalar bəyan edirlər ki, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, dövlət başçısımızın ətrafında sıx birləşiblər.
Həmin siyasi partiyaların qəbul etdiyi birgə bəyantda deyilirdi: «Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.»
Siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirmələri və analiz etmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığı, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri, Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından da əhəmiyyətlidir. Dövlətimizə və ordumuza dəstək aksiyalarında müəyyən dairələrin təxribata cəhd göstərmələri isə ermənilərin maraqlarına xidmət edir. Belələrinə Azərbaycan cəmiyyətində yer yoxdur və xalqımız onları şiddətlə qınayır. Eyni zamanda, heç bir daxili və xarici siyasi amil Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini poza bilməz.
Bəli, məhz Azərbaycan dövləti də xalqla birlikdədir, onun milli mənafeyini həmişə yüksək səviyyədə qorumağa nail olub. Ona görə də xalqımızda dövlətinə, onun rəhbərinə inam və etimad nə qədər yüksəkdirsə, Azərbaycan dövləti də daim xalqı ilə birlikdədir.
Aydın Rəşidli,
YAP Füzuli rayon təşkilatı Gənclər Birliyinin sədri

