Cəmiyyət 

Nikah bağlanarkən narkoloji tibb müəssisəsindən arayış tələbi – deputat

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, qanun layihəsi barədə komitə sədri Musa Quliyev məlumat verib. Layihəyə əsasən, vətəndaşlar əsaslı şübhələr yarandığı halda, işəgötürənin hesabına icbari tibbi müayinədən keçiriləcəklər. Sənəddə həmçinin bildirilir ki, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda əsaslandırılmaqla dərhal tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi işəgötürənin hesabına təmin edilməlidir.

Həmin şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) “Narkoloji xidmət və nəzarət haqqında” Qanuna uyğun olaraq keçəcəklər.

Deputat Göydəniz Qəhrəmanlı çıxış edərək nikah zamanı narkoloji arayışın da tələb olunmasını təklif edib. O ildirib ki, narkotik vasitələrin qəbulu insan sağlamlığına ciddi zərər vurmaqla yanaşı, cəmiyyət üçün də böyük təhlükə yaradır və insanların taleyinə mənfi təsir göstərir.
Deputat qeyd edib ki, Azərbaycanda narkomaniyaya qarşı ciddi mübarizə aparılır və bu sahədə göstəricilər bir çox ölkələrlə müqayisədə daha aşağıdır: “Bu da dövlətimizin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir”. Deputat bildirib ki, müzakirə olunan qanun layihəsi işə qəbul olunan şəxslərin bu məsələyə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq. Deputat təklif edib ki, nikah bağlanarkən təqdim olunan tibbi arayışa əlavə olaraq, narkoloji tibb müəssisəsi tərəfindən verilmiş arayışın da tələb olunması məqsədəuyğundur.

G.Qəhrəmanlının sözlərinə görə, bəzi hallarda şəxsdə narkoloji asılılıq nikahdan sonra üzə çıxır və bu da ailələrin dağılmasına səbəb olur. “Əgər bu hallar əvvəlcədən müəyyən edilərsə, boşanmaların sayını azaltmaq mümkün olar”-deputat fikrini yekunlaşdırıb.

Daha çox xəbərlər