Sosial 

Vətəndaşlar sosial məsuliyyətlərini artırmalıdırlar

Hazırda dünya dövlətlərinin gündəliyində aktual və vacib məsələ pandemiyaya qarşı mübarizə ilə bilavasitə əlaqədardır. Çünki bu virus bilavasitə insan sağlamlığına və həyatına ciddi təhlükədir. Azərbaycan xalqının tarixi sınaq qarşısında qaldığı dönəmdə dövlət başçısı insanların sağlamlığının dövlət üçün prioritet istiqamət olduğunu çıxışlarında dönə-dönə vurğulamışdır. Virusun yayıldığı ilk günlərdən dövlət əhəmiyyətli və vacib tədbirlər həyata keçirib, bütün qüvvələri bu yöndə səfərbər edib. Vətəndaşlar isə yalnız məsuliyyətli olmaqla, dövlətin çağırışlarına əməl etməklə bu mübarizəyə öz töhfəsini verə bilərlər.

Avqustun 20-nə olan statistik məlumata əsasən, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. İndiyədək ölkədə ümumilikdə 34 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 511 nəfəri müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1 738 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 174, ötən müddət ərzində isə ümumilikdə 855 802 test aparılıb.

İyulun 16-dan etibarən müşahidə olunan müsbət dinamikaya əsasən, pandemiya ilə mübarizə dönəmində bəzi şəhər və rayonlar üzrə tətbiq olunan sərt karantin qadağalarına mərhələli yumşalmalar edildi. Belə ki, avqustun 5-dən SMS və icaze.e-gov.az portalı vasitəsilə icazə mexanizmi ləğv olunduqdan sonra vətəndaşlar sərbəst hərəkət edə bilirlər. Çimərliklər müəyyən şərtlərlə vətəndaşların üzünə açıldı, müəyyən obyektlərin, satış mərkəzlərinin də işləməsinə icazə verildi. Bərbər və gözəllik salonlarının fəaliyyəti bərpa edildi. Unutmayaq ki, karantin rejiminin məhdudiyyətlərinin bir qisminin yumşaldılması, yoluxma sayının əvvəlki günlərlə müqayisədə xeyli azalması da virusla mübarizəni dayandırmamalıdır. Bu icazələrin verilməsi hələ pandemiyanın bitməsi, virus üzərində qələbə demək deyildi. Amma…

Təəssüflər olsun ki, ehtimallar özünü doğruldur. Son günlərin statistik göstəriciləri onu deməyə əsas verir ki, yoluxma sayı yenidən artır. Yumşalma tədbirlərinin üstündən uzun müddət keçməsə də görünən odur ki, karantin qaydalarına tam şəkildə əməl olunmur, vətəndaşlar yenə də məsuliyyətsizlik və laqeydlik nümayiş etdirirlər. Belə ki, əvvəlki həftədə ölkəmizdə yoluxma sayı ardıcıl olaraq 100-dən aşağı rəqəmlərlə ifadə olunurdu. Hətta avqustun 10-da 79 yoluxma faktı qeydə alınmışdı. Yumşalmadan bir həftə sonra,  yəni avqustun 12-dən başlayaraq, yoluxanların sayı 91-ə qalxdı. Avqustun 19-da isə  yoluxanların sayı daha da artaraq 146 nəfərə qədər yüksəldi.

Karantin qaydalarının yumşaldılmasından sonra virusun guya mövcud olmadığına, ya da bitdiyinə inananlar artmağa başlayır. Hər gün gözümüzün qarşısında insanların virusa yoluxduğunu, əziyyət çəkdiyini və dünyasını dəyişdiyini görürük. Kimsə bilmədən virusa yoluxub xəstəliyi yüngül keçirə, fərqində olmadan başqasını yoluxdurub onun ölümünə səbəb ola bilər. Bu səbəbdən də, erkən arxayınçılıq hər sahədə mənfi nəticələrə aparıb çıxarır. Arxayınlaşmaq koronavirus xəstəliyinin yeni dalğasının yaranmasına zəmin yarada bilər. Bu mənada, sağlamlığın qorunması öhdəliyi həm də vətəndaşlardan asılıdır. İnsan sağlamlığına hər hansı bir təhlükə varsa, onu heç nəyə qurban vermək olmaz.

Koronavirusla mübarizə istiqamətində düzgün addımlamamaq birbaşa yoluxma sayına təsir edir, onu artırır. COVID-19-un həm dünyada, həm də  ölkəmizdə yaratmış olduğu reallıqlar bizə çox şey öyrətdi, virusun yaratdığı təhlükələr barədə çox şey öyrəndik.  Həmçinin üç mühüm məsələyə diqqət etməklə virusla çox rahat şəkildə mübarizə aparmağın mümkün olduğunu öyrəndik. Sosial məsafəni qorumaq, tibbi maska taxmaq və gigiyena qaydalarına əməl etmək kimi sadə üsullarla bu xəstəliyin yayılmasının qarşısını effektiv formada ala bilərik. Vətəndaşlarımızı bu sadə qaydalara əməl etməyə çağırırıq. Pandemiya ilə mübarizə dövründə ən vacib məsələ isə koronavirusun yayılma sürətinin aşağı salınmasıdır. Çalışaq ki, insanların laqeydliyi, biganəliyi və qaydalara əməl etməməsi bizi sərt karantin günlərinə geri qaytarmasın. Aylardır apardığımız mübarizədə qazandığımız uğurlu nəticəni qoruyub saxlamağı bacaraq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, pandemiya ilə mübarizədə yeni bir dövrə daxil oluruq: “Payız aylarında COVID-19 virusuna yoluxmaların artması proqnozlaşdırılır.  Ümid edirəm ki, gələcəkdə ölkə üzrə ciddi karantin rejimi tətbiq edilməyəcək, əvəzində hansı bölgədə bu virusun nə qədər yayıldığını araşdırmaq və bundan asılı olaraq rayonlarda lokal məhdudlaşdırma aparmaqla mübarizə tədbirləri gücləndiriləcək. Azərbaycanda virusa yoluxma səviyyəsi rayon və bölgələr üzrə rəng sisteminə görə müəyyən edilib. Yoluxma səviyyəsi yüksək olan rayonlarda virusun qarşısını almaq üçün daha ciddi tədbirlər görülür. Azərbaycanın bu üsulla mübarizə aparması bizim tərəfimizdən müsbət qiymətləndirilib. İnsanlar virusla mübarizə ilə bağlı qaydalara ciddi əməl etməli, gigiyenik təmizliyə diqqət yetirməlidirlər. Çünki bu virus minimum 1, maksimum 2 il davam edə bilər. Bu virusun peyvəndi tapılsa belə, həmin peyvəndin bütün insanlara vurulması üçün uzun zaman lazımdır.”

ÜST-ün ekspertlərinin fikrincə, hələlik pandemiya bir qədər geri çəkilsə də, ehtiyatı əldən vermək , məsuliyyətsiz və səhlənkar davranmaq faciəvi nəticələrə səbəb olar. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaqdır.Vətəndaşlardan tələb olunan sosial məsuliyyət  isə  elə də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafəni qorumaq, sanitar- gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün olduqca əhəmiyyətlidir.

Daha çox xəbərlər