Sosial 

Xeyirxah dostlarımız olan kitabların, həyatımızda bilib-bilmədiyimiz faydaları

Bəs kitab oxumağı uşaqlarımıza, azyaşlılara necə sevdirək?       

Bütün müsəlman aləminin peyğəmbəri olan HZ. Məhəmməd buyurmuşdur:”Beşikdən məzaradək elm öyrən”! Elm Çində belə olsa, onu öyrən.

Kitablar həyatımızın bir hissəsidir. Hər birimiz kitab oxumağı, mütaliəni özümüzdə alışqanlıq halına gətirməliyik. Bir düşünün,hobbiniz kitab oxumaq olarsa, ən zəngin insan olacağınıza əmin olun!Çünki, kitablar yalnız vərəqlərdən, söz yığınından ibarət deyil.Kitablar, dünyası sehirli, möcüzələrlə dolu bir aləmdir. Uğurlu gələcəyin açarı kitablara bağlılıqdır, desəm yanılmaram.Həm maddi ehtiyaclarını ödəməyə yardımçı olan bir işin olacaq. Həm də əldə etdiyin bilgilərini, mənimsədiklərini paylaşacaq, özünü və kimlərisə mənəvi sıxıntılardan, çətinliklərdən asanlıqla xilas edə biləcək mənəvi bir gücə sahib olacaqsan!Bəs kitab oxumağı uşaqlarımıza, azyaşlılara necə sevdirək?Bu məsələdə də əsas yük ananın üzərinə düşür. Çünki, uşaq vaxtının çox hissəsini anası ilə keçirir. Əgər uşaq ziyalı bir ailədə dünyaya gəlirsə, bu sevgi o uşaqda asanlıqla formalaşacaq. Ona görə ki, onların evində müxtəlif kitablarla dolu rəflər olacaq. Uşaq davamlı olaraq ananın və ya ailə üzvlərindən kimisə kitab oxuyaraq görəcək. Ailə üzvlərindəki bu alışqanlığın şahidi olan evlərin izləyiciləri, seyirciləri uşaqlar istər-istəməz kitaba bağlanacaqlar. Əziz valideyinlər, övladlarımızın zamanın müasir tələblərinə uyğun dünyagörüşlü böyüməsini,dövrün təhsil standartlarına cavab verən, tələb edilən elmli, təhsilli gənclərdən olmağını istəyiriksə, ilk növbədə özümüz ən yaxşı nümunə olmalıyıq.Valideyin ali təhsilli olmasa belə,övladının təhsilli, parlaq gələcəyinin olmasını istəyirsə, müxtəlif bəsit üsullarla körpəlikdən kitaba həvəs oyatmalı,bir yerdə kitablarla çox vaxt keçirməlidirlər.

Kitab oxumaq vərdişini fomalaşdırmaq üçün konkret yaş məhdudiyyəti yoxdur. Buna görə də kitab oxumaq vərdişini körpəlikdən aşılamaq lazımdır.

0-3yaş aralığında uşaqlara kitab oxumaq onların müəyyən sözcükləri mənimsəyərək yaddaşına qeyd edərək təkrar etməsinə,tez danışmasına kömək ola bilər. Az cümlələrdən ibarət, ancaq çox rəsm və əlvan rənglərlə əhatə olunmuş kitab bu yaşda uşaqların diqqətini çəkər. Beləliklə, kitablar onlara əyləncəli gələcək,onla oynamağa, maraqlanmağa xeyli vaxt sərf edəcəklər.

3-5yaş aralığı, uşaqlarda oxumağa hazırlıq mərhələsidir. Bu yaş uşaqlar üçün bol rəsmlərdən ibarət əyləncəli,eyni zamanda öyrədici nağıl kitabları seçmək lazımdır. Bu yaşda uşaqlar nağıl dinlərkən hansısa  qəhrəman ona maraqlı gələcək, onunla bağlı fikirlər söyləyəcək, xəyal gücünü işə salaraq müxtəlif suallar verəcək.Bu onun yaradıcı düşüncəsinin işə düşdüyünü, maraqlarını ifadə etməyə çalışmasını göstərir. Suallardan aldıqları izahlar əsasında da yeni nələrsə kəşf edəcək.

5-8 yaşarası uşaqlara həyatda yalnız yaxşıların olmadığını, pislərin də mövcud olduğunu göstərən nağıllar, hekayələr oxumaq lazımdır.Bu zaman uşaq özünü nağıl qəhrəmanının yerinə qoyaraq mən olsam necə edərdim, necə mübarizə aparırdım deyə, öz zəkasına uyğun çıxış yollarını axtarır.Bununla  uşaq həyatda qarşısına çətinliklərin, pis insanların da çıxa biləcəyini dərk edir.Sonda isə hər zaman yaxşıların qalib gəldiyini anlayan uşaqda yaxşılığa doğru müsbət keyfiyyətlər formalaşır.

Robot kimi nağıl oxumaq, oxumaq deyil.Əgər uşaqda həvəs oyatmaq, səni dinləməsini istəyirsənsə, ucadan,səsinizi alçaldıb bir an qadıraraq həyəcanlı səslə, mimik hərəkətlər edərək bunu etməlisiniz.

8-12yaş aralığında uşaqlar sərbəst yazıb oxuya bilirlər.Artıq onlar özlərinə xas  zövq, maraqları yönündə sərbəst kitab seçə bilərlər.Siz də bəzən  kitab seçimində təkliflər edə bilərsiniz. Yeni bilgilər, macəralar onların həyəcanlarını artıracaqdır.

Kitab oxumaq uşaqlarla yanaşı yetişkinlər, ümumiyyətlə, hər yaşda insan üçün önəmlidir. Müəyyən bir yaş dönəmində çoxu insanlar hafizəylə bağlı problemlər yaşayır.Sadə bir nümunə: 3 gün əvvəl belə hansı hadisənin və nə səbəbdən baş verdiyini xatırlaya bilmir. Hər hansı özünü ifadə məqamında dilinə gətirmək istədiyi kəlməni belə ani unudur və dayanır. Mütaliə edən, davamlı kitab oxuyan insanlarda bu kimi yaddaş problemləri olmur.Kitab oxuyan insan özünü tez və rahatlıqla kəşf edə bilir. Kitab oxumağın faydalarını saymaqla bitməz. Kitab oxumanın elm tərəfindən sübut olunmuş faydaları:biliyini zənginləşdirər,diqqət dağınıqlığını aradan qaldırar,beyin funksiyalarını yaxşılaşdırar, ünsiyyət bacarığını mükəmməlləşdirər,yuxu problemini aradan qaldırar,stress, depressiv  situasiyalardan uzaq saxlayar, nikbin, həyatsevər olmana kömək edər.

Oxuma alışqanlığı qazanan insan düşünən, fikir yürüdən, düşündüyünü ifadə edəbilən, yanlış ilə doğrunu ayıra bilən insandır.Kitabsevər bir toplumun insanları daha mədəni, dünyagörüşlü, geniş düşüncə və mənəvi keyfiyyətlərə sahib olar. Həyat istisnalarsız mümkün deyil. Əlbəttə ki, axmaq alim və ya yaxşı, amma, savadsız çoban da ola bilər.Nə xoş o insanın halına ki, həm təhsilli, həm də insan kimi əsil insandır.Nəticədə oxuyaraq təkəbbürlü, cahil alim yox, təkamül edərək daxili keyfiyyətlərlə zənginləşən bir insan olmalı! Sadəcə bilgi əldə etmək və oxumaq kifayət etməz. Oxuduğumuz, öyrəndiyimiz yararlı bilgiləri yaşamımızda tətbiq etməliyik. Əsil elm, məqsədyönlü kitab oxumanın nəticəsi, özəlliyi və gözəlliyi də budur.

Gəlin, kitablara xeyirxah dostlarımız kimi baxaq! Bizlərə xidmət edir, qarşılığında isə heç nə gözləmir.

Əsmər Məmmədova- pedaqoq

Daha çox xəbərlər