Sosial məsafəni qorusaq, tibbi maska taxsaq və gigiyena qaydalarına əməl etsək…
COVID-19 infeksiyasının yaratdığı pandemiya reallığı ilə əvvəllər heç bir ölkə qarşılaşmayıb. Odur ki, koronavirus pandemiyası indi hamımız üçün ümumi bəlaya çevrilib. Genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyəti sabitləşdirmək hələ ki, mümkün olmayıb. Bəzi mütəxəssislərin haqlı olaraq qeyd etdikləri kimi, bu, sadəcə pandemiya deyil, bəşəriyyətə qarşı başlanmış silahsız, əsgərsiz bir müharibədir. Amansızlığı ilə dünya müharibələrindən heç də geri qalmayan qeyri-adi bir müharibə. Artıq son statistikaya görə, bütün dünyada bu infeksiyaya yoluxanların sayı 23 milyonu, vəfat edənlərin sayı ilə 808 mini ötüb.
Virus ölkəmizdən də yan keçmədi. Lakin həyata keçirilən səmərəli tədbirlər nəticəsində ilkin mərhələdə Azərbaycan koronavirusla mübarizədə uğurlu nəticələr əldə etdi. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın məsələyə ilk gündən həssas reaksiyaları, həyata keçirilən tədbirlər göstərdi ki, Azərbaycan dövləti insanların sağlamlığı üçün lazım olan bütün addımları atır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması, Prezident İlham Əliyevin Fərman və sərəncamları ilə məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olan Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, xaricdən tibbi laboratoriyaların alınması, modul tipli xəstəxanaların yaradılması, qoruyucu tibbi maska fabriklərinin açılması, sahibkarlıq subyektində çalışan 600 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsinin dövlət tərəfindən ödənilməsi, işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi, ictimai iş yerlərinin yaradılması cənab İlham Əliyevin öz xalqının yanında olduğunu, öz vətəndaşının taleyinə son dərəcə diqqətlə yanaşdığını növbəti dəfə təsdiq etdi.
Azərbaycanda virusun ilk üzə çıxdığı zamandan etibarən görülən effektiv tədbirlər, infeksiyanı nəzarətolunan səviyyədə saxlamağa imkan verib. Yoluxma səviyyəsində müsbət dinamika tendensiya halını alıb. Buna görə də sərtləşdirilmiş karantin rejimindən mərhələli şəkildə yumşaldılmalara keçid də sürətlənib. Belə ki, avqustun 5-dən SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb. Bu ayın 10-dan isə iqtisadi aktivliyin gücləndirilməsinin zəruriliyi nəzərə alınaraq sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketi qüvvəyə minib.
Müvafiq qərara əsasən, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində qeyd olunan tarixdən etibarən bir sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. İri ticarət mərkəzləri və “Mall”lardan başqa, qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan mağazalar açılıb, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilmiş məhdudiyyətlər aradan götürülüb. Ayın 18-dən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə, 21-dən isə milli parkların qapıları ziyarətçilərin üzünə açılıb.
Onu da qeyd edək ki, yumşaldılmalarla əlaqədar son günlər yenidən koronavirusa yoluxma sayında müəyyən artımlar da müşahidə olunmağa başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bir neçə gün bundan öncə keçirilən mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və nəzarəti şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, ölkəmizdə koronavirus infeksiyasına yoluxmada artım müşahidə olunmasına baxmayaraq, vəziyyət ciddi nəzarət altındadır. Onun sözlərinə görə, karantin rejimi ilə bağlı mərhələli şəkildə yumşaldılmalara gedilən zaman bəlli artımlar gözlənilən olur, amma bu, heç də o demək deyil ki, vətəndaşlar qaydalara əməl etməməlidirlər.
Y.Qarayeva məlumat verib ki, hazırda ölkədə ən çox yoluxma Bakı və Abşerondadır: “Ölkə üzrə ümumi yoluxmanın 50 faizə yaxını bu ərazilərdədir. Ən çox 50-59 yaş həddində olan insanlar bu virusa yoluxub. Son həftədə 651 nəfər bu virusa yoluxub. Yoluxmanın artmasına səbəb yumşalmalarla bağlıdır. Amma bu, o demək deyil ki, biz bununla razılaşmalıyıq. Hər birimiz qaydalara riayət etməliyik. Maskalardan istifadə vacibdir. Qaydalara riayət etsək, yoluxmanın artmasının qarşısını ala bilərik”.
Y.Qarayeva onu da qeyd edib ki, bu gün karantin rejimində sərtləşməyə getməklə bağlı fikir yoxdur. Əvvəlki aylarla müqayisədə yoluxma sayında azalma olduğu üçün pandemiyaya görə müalicə aparan bəzi xəstəxanalar bağlanıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov da məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, virusun artmasına bir neçə səbəb ola bilər. Virusun artmasının səbəblərindən biri COVID-19-un hələ də bizə məlum olmayan və tam bilinməyən xüsusiyyətləri ola bilər. Karantin rejiminin yumuşalması nəticəsində insanlar arasında təmasda artım və ya tövsiyə olunan qaydalara kütləvi olaraq riayət etməmək də virusun artmasının bir səbəbi sayıla bilər.
Deputat vurğulayıb ki, ötən 5 ay ərizində COVID-19-un həm dünyada, həm ölkəmizdə yaratmış olduğu reallıqlar bizə çox şey öyrətdi: “Ötən dövr ərzində COVID-19-un xüsusiyyətləri və təhlükələri barədə çox şey öyrəndik. Həmçinin ötən müddət ərzində biz üç mühüm məsələyə diqqət etməklə virusla çox rahat şəkildə mübarizə aparmağın mümkün olduğu öyrəndik. Sosial məsafəni qorumaq, tibbi maska taxmaq və gigiyena qaydalarına əməl etmək kimi sadə üsullarla bu xəstəliyin yayılmasının qarşısını effektiv formada ala bilərik. Vətəndaşlarımızı bu sadə qaydalara əməl etməyə çağırıram”.
Mənsumə Babayeva, “İki sahil”

