Yağış fayda verdi
“Son yağışlar su anbarlarındakı ehtiyatların həcmini artırıb”
“Son günlər yağan yağışlar nəticəsində ölkənin Şimal və Şimal-Qərb bölgələrindəki çaylarda bol sululuq müşahidə edilib, su anbarlarındakı ehtiyatların həcmi artıb”.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmisi Qulu Kərimov bildirib.
“O cümlədən Mingəçevir su anbarına axan Şirinçay, Balakənçay, Göyçay və Girdmançayda suyun səviyyəsi artıb. Şimal bölgəsinin çaylarının da suyunda 3-4 dəfə artım var. Əgər əvvəllər saniyədə 8 -10 kubmetr su axırdısa, bu günə bu rəqəm 40 kubmetrə çatıb. Əgər yağıntılar davamlı olsa su anbarlarındakı ehtiyatların həcmi bir qədər də artar” – deyə o, qeyd edib.
Xatırladaq ki, hazırda Azərbaycanda 135 sututar və su anbarı var. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş yeni Tədbirlər Planına əsasən isə daha 10 su anbarının (Əlicançay, Qudiyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay,Ağsuçay ,Türyançay, Yengicə, Viləşçay, Zəyəmçay) yaradılması nəzərdə tutulub.

