İSLAM 

Hacı Surxay Məmmədli: “Aşura günündə məqsəd toplaşmaq yox, Allahı dərk etməkdir”

“Artıq Məhərrəmlik ayı başlayandan bu günə qədər insanlarla onlayn bağlantı quraraq Məhərrəmliyin mahiyyəti, ali dəyərləri barədə söhbətlər aparırıq” .

Bu sözləri Oxu.Az-a İçərişəhər “Cümə” məscidinin axundu, ilahiyyət elmləri doktoru, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli deyib.

O bildirib ki, pandemiya dövrünə baxmayaraq onlayn aparılan söhbətləri ölkədə və ölkə hüdudlarından kənarda çox ailələr izləyirlər:

“Əvvəllər biz 300-500 nəfərin iştirakı ilə məscid daxilində Məhərrəmliyin fəlsəfəsini izah edirdiksə, indi bu proses onlayn şəbəkədə həyata keçirirlir. Hər gün axşam saat 21:30-da onlayn qaydada gündəlik Məhərrəmlik ayı ilə bağlı xütbələr oxunur. Orada vətəndaşlarımızın ünvanladığı suallara cavab verməyə çalışırıq.

Hətta canlı yayımda dua bölməsi də açdıq. Pandemiya ilə əlaqədar məscidlərin bağlanmasını nəzərə alaraq, bu formada insanları maarifləndiririk”.

Hacı Surxay Məmmədli onu da qeyd edib ki, Məhərrəmlik ayında, Aşura günündə məqsəd toplaşmaq yox, Allahı dərk etməkdir.

“İslamın nüvəsi Qurandır. Quran isə bizə səbrli olmağı öyrədir. Bəzi insanlar bu il yaranan gözlənilməz pandemiya dövrü ilə bağlı gərginlik keçirirlər. Amma nəzərə almaq lazımdır ki, indi tək Azərbaycanda yox, bütün müsəlman ölkələrində dini mərasimlərin keçirilməsi müvəqqəti olaraq təxirə salınıb.

Məscidlərin bağlı olmasına görə vətəndaşlarımız narahatdır. Amma bütün bəşəriyyət pandemiya dövrünü yaşayır.

Dünyanı cənginə alan virus bəlası dövlətləri rəvan həyatından ayırıb, insanların yaşam tərzini dəyişdirib. Eyni zamanda inama söykənən ənənələrə yeni yanaşma gətirib.

Allah tezliklə bu bəlanı bütün dünyadan, o cümlədən ölkəmizdən uzaq eləsin” – deyə Hacı Surxay Məmmədli qeyd edib.

Daha çox xəbərlər