Mehriban xanım Əliyeva: Vəzifədən asılı olmayaraq, insan işinə vicdanla yanaşmalı, söz və işlərində bütöv olmalıdır
Xeyirxahlıq və humanizm Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinin əsas prinsipləridir. Mehriban xanım Əliyevanın siyasi xadim kimi fomalaşmasında ulu öndər Heydər Əliyev siyasi məktəbinin güclü təsiri olmuş, müdrik siyasi xadimin bilik və təcrübəsindən, zəkasından bəhrələnmişdir. Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə “Azərbaycanın taleyi Heydər Əliyevin taleyi ilə əbədi olaraq bağlandı” fikrini çıxışında əsaslı şəkildə şərh edən Mehriban xanım Əliyeva həyat dərsi kimi dəyərləndirdiyi məqamlara da diqqət yönəldərək bildirmişdir: “Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür. Səksən il sürən bu şərəfli ömür sübut etdi ki, böyük və nadir insanlar doğulduqları andan ömrün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Onlar millətlərinin və ümumiyyətlə bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəzolunmaz rol oynamış olurlar. Yəqin ki, belə insanların ömrü elə bu səbəbdən alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir.”
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin irsini təbliğ etməklə yanaşı, ayrı-ayrı sahələrdə həyata keçirdiyi layihələri ilə diqqət çəkir. Məhz bu layihələrin məqsəd və məramına diqqət yetirdikdə açıq-aydın görmək olur ki, onların əksəriyyəti xeyirxahlığa, humanizmə xidmət edir. Belə ki, Heydər Əliyev Fondu maddi baxımdan çətinlik çəkən, bu baxımdan müalicə oluna bilməyən minlərlə xəstəni əməliyyat və müalicə etdirərək yenidən həyata qayıtmalarına dəstək olub. Bu gün bu fikri böyük inamla qeyd edirik ki, ölkə vətəndaşlarının üz tutduğu ünvan dövlətimizin başçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Onun xalqımıza ünvanlanan müraciətlərinin sonunda qeyd olunan « Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN» kəlməsi bu birliyin, səmimiyyətin, sədaqətin göstəricisidir. Hər kəs Mehriban xanım Əliyevaya mərhəmət, xeyirxahlıq və humanizm simvolu kimi baxır. Ona ünvanlanan çoxsaylı təşəkkür məktublarında insanlara qayğı ilə yanaşması, onların hər bir problemini dinləmək, həlli üçün zəruri olan addımları atmaq istəyinə verilən dəyər öz əksini tapır.
Qeyd etdiyimiz kimi, Ulu Öndərin ideyalarının təbliğatçısı olan Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən çoxsaylı layihələri ilə hər zaman diqqətdədir. Fondun Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsi, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində atdığı addımların miqyası genişdir. Fondun «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi çərçivəsində paytaxt və bölgələrdə yeni məktəblərin tikilməsi, bəzilərinin yenidən qurularaq əsaslı təmir olunması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı atılan addımlar hər kəsə məlumdur. Hazırda bu layihə çərçivəsində 2 mindən artıq məktəb tikilib, müasr dövrün tələblərinə uyğun olaraq kompyuterləşdirilib. Bu da məktəblilərin müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməsini təmin edir. Fond nəinki ölkə daxilində, onun hüdudlarından kənarda da məktəb tikintisinə və əsaslı təmirinə xüsusi diqqət yetirir. Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası “Təhsilə dəstək” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun həyata keçirdiyi ən uğurlu və önəmli işlərdən biridir. Bununla yanaşı, Rumıniya, Rusiya Federasiyası, Gürcüstan, Hollandiya və Misirin bir neçə təhsil müəssisəsinin yenidən qurulması, yeni avadanlıqla təchizatı həyata keçirilib. Heydər Əliyev Fondu təhsil müəssisələrinin dərs vəsaiti və müxtəlif ədəbiyyatla təchizatına da xüsusi önəm verir.
“Uşaq Evləri və İnternat Məktəblərinin İnkişafı” Proqramı çərçivəsində respublika üzrə onlarla uşaq müəssisəsinin hər biri əsaslı şəkildə təmir edilib, yeni avadanlıqla təchiz olunub. Ümumiyyətlə, uşaqların inkişafı üçün zəruri olan şəraitin yaradılması Fondun fəaliyyətinin əsasını təşkil edir. Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Fond «Diabetli uşaqlara ən yüksək qayğı» layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin edilmişdir. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün Mərkəzin, tələbatı ödəyəcək qədər Qan Bankının yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir. «Talassemiyasız həyat naminə» layihəsi çərçivəsində görülən işlər də deyilənlərin təsdiqidir. Fondun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, valideynsiz, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binasının tikilib istifadəyə verilməsi də təqdirəlayiqdir.
Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafına, zəngin mədəni irsinin qorunmasına və təbliğinə töhfələri davamlılığı ilə diqqət çəkir. Muğamı qorumaq, inkişaf etdirmək, onun dərin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədi ilə Fond “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri” musiqi albomunu nəfis şəkildə nəşr etmişdir. Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Qədim muğam sənətinin qorunub-saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə Fond 2007-ci ildən televiziya muğam müsabiqələri keçirir. Bu, sadəcə olaraq sənət növü deyil, bu, bizim mədəni sərvətimizdir. Gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Fondun layihələri sırasında ənənəvi Qəbələ Beynəlxalq Musiqi festivallarını da xüsusi qeyd etməliyik.
Fond, bir sözlə, Azərbaycanın beynəlxalq aləmdə təqdimatında əhəmiyyətli rol oynayır, töhfələri ilə ictimaiyyətin rəğbətini qazanır. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsinin təbliğində Fondun rolu inkaredilməzdir. “Tolerantlığın ünvanı –Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilən tədbirlər də deyilənlərin bariz nümunəsidir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərin də miqyası genişdir. Belə ki, Fond tarixi faktların dili ilə nəşr olunan vəsaitləri müxtəlif dillərə tərcümə edərək onların dünya ictimaiyyətinə çatdırılmasına nail olur, hər bir mühüm hadisə ərəfəsində dünyanın müxtəlif ölkələrində təşkil etdiyi tədbirlər əsasında Azərbaycanın təqdimatını həyata keçirir.
“Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda, səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır.» Dövlətimizin başçısı İlham Əliyev məhz reallıqlara söykənərək Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bu fikirləri səsləndirmişdir.
Təbii ki, dünyaya çıxış öncə ölkə daxilində görülən işlərdən, əldə olunan uğurlardan başlanır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs etmədən öncə bu gerçəkliyi xüsusi vurğulamaq lazımdır ki, bu gün ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xidmətləri böyükdür və onların miqyasının nə qədər geniş olduğunu aydın görmək mümkündür. Ötən il Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin növbəti 43-cü sessiyasının keçirilməsi Azərbaycanın milli-mənəvi dəyərlərinin, tarixi-mədəni irsinin qorunması və təbliği işinə Heydər Əliyev Fondunun töhfələrinin aydın mənzərəsini yaradır. Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri adına Azərbaycan şifahı xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki davamlı səylərinə, dünya mədəniyyətlərinin mübadiləsi istiqamətində xidmətlərinə, həmçinin UNESCO-nun ideyalarına sadiqliyinə görə layiq görülüb. Ümumiləşdirilmiş şəkildə desək, 2004-cü il avqustun 13-dən Azərbaycan-UNESCO əməkdaşlığı yeni mərhələyə daxil olub. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynayır.
Təbii ki, bu xidmətlər özlüyündə əlaqələrin inkişafına stimul verir. Beynəlxalq səviyyəli dialoqlarda iştirakı ilə bəşəri dəyərlərə sadiqliyini, Azərbaycanın dünya mədəniyyətinin bir parçası olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən Mehriban xanım Əliyeva «Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma-istər dövlət, istər qeyri -dövlət qurumuna, -bizimlə birgə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram» söyləyərək, hər bir uğurun əsasında yüksək məsuliyyət hissinin dayandığını bildirir. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev Fondunun istər ölkə daxilində, istərsə də dünya miqyasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alaraq Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı – «Heydər Əliyev mükafatı» ilə təltif etdi.
Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatı mərasimində söylədiyi bu fikirləri də xatırlatmaq istərdik: «Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır.» Bu prinsiplərə söykənərək uğur səhifələrinin sayını artıran Heydər Əliyev Fondunun fəaliyyətini belə səciyyələndirmişdir ki, rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 16 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, bu illər ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın hər kəsə gələcəyi ilə bağlı düzgün seçim etməsinə yardımçı olan müsahibələrinin birində «İnsanlarda hansı keyfiyyətlərə qiymət verirsiniz» sualına cavabını xatırlatmaqla bugünkü uğurlarına yol açan ümumiləşdirməni aparmış olarıq. Mehriban xanım Əliyeva həmin suala cavabında bildirmişdir: «Saflığı və mənliyi, səmimiliyi və xeyirxahlığı, ağlı və peşəkarlığı. Heç bir ifadədə süniliyi qəbul etmirəm. Təəssüf ki, müasir həyat quruluşu çox şeyi yox edir, insana yeni-yeni bilik, bacarıq, imkan verərək, bəzən onun mənəvi tamlığını tapdalayır. Uğurun, firavanlığın arxasınca qaçmaq, bunlara nəyin bahasına olursa olsun, nail olmaq istəyi insanları tanınmaz dərəcədə dəyişir, bu da məyusluq gətirir. Düzdür illər ötdükcə mən insanların zəifliklərinə və bir çox şeylərə daha dözümlü yanaşmağa başlamışam. Lakin özüm üçün yolverilməz saydığım şeylərə görə, başqalarını da bağışlaya bilmərəm. Xoşbəxtlikdən məni həm ailəmdə, həm də peşəkar fəaliyyətimdə yalnız parlaq, pozitiv, səmimi və xeyirxah insanlar əhatə edir. Onlarla ünsiyyət həmişə sevinc gətirir.»
İllər keçdikcə görülən işlərin miqyası daha aydın görünür. 29 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar göz qabağındadır. Müstəqillik əldə etdikdən sonra beynəlxalq aləmdə qüdrətli dövlət kimi tanınan, Qərblə Şərq arasında körpü rolunu oynayan, sivilizasiyalararası dialoq məkanı sayılan, böyük nüfuz qazanan, hazırda dünyanın ən sabit, geosiyasi əhəmiyyəti ilə fərqlənən Azərbaycan mədəniyyətlərin qovuşduğu məkandır. Müasir dövrün tələbinə uyğun fəaliyyət göstərmək, yerləşdiyimiz əlverişli məkandan dünya hadisələrinin gedişinə uyğun yararlanmaq, zamanı qabaqlamaq günümüzün başlıca çağırışıdır. Qloballaşma əsrində təkcə mənsub olduğun xalqın milli – mədəni irsinin deyil, bütünlükdə bəşəri dəyərlərin mənfi təsirlərdən qorunması istiqamətində nəyəsə nail olmağın özü insandan fədakarlıq, qətiyyət və dünyamızda gedən proseslərə dərindən bələd olub, layiqli qiymətləndirmək bacarığı tələb edir. Bu baxımdan Mehriban xanım Əliyeva qarşısına qoyduğu məqsədə nail olmuş, Azərbaycanın tanıdılması baxımından tarixi xidmətləri ilə fərqlənmişdir. Bu gün Heydər Əliyev Fondunun layihələri, təşkil olunan görüşlər dünya siyasətçiləri, ekspertləri, ziyalıları tərəfindən dəstəklənib, haqqında xoş sözlər deyilirsə bu, səmimi duyğular ilk növbədə təşəbbüskar kimi Mehriban xanımın əməyinə verilən qiymətdir.
Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision» mahnı yarışmasının, həmçinin ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının dünyaya səs salan təqdimatından da aydın göründü. İlk Avropa Oyunlarının açılış mərasimini xatırlasaq, bu tədbirin Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsinin 24-cü ilinə təsadüf etməsi ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayımın başlamasında öz ifadəsini tapmışdır. 24 illik yolun, yerləşdiyi coğrafi məkanın Azərbaycana qazandırdığı uğurlar müxtəlif təqdimatlarla ölkə və dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva açılış mərasimindəki çıxışında bildirmişdir: «Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya Hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun!»
«Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir» söyləyən Mehriban xanım Əliyeva bildirmişdir ki, bu tədbir Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirir: «Müstəqil dövlət kimi biz gəncik. Cəmi 24 yaşımız var. Yaşımız bu axşamkı mərasimdə geriyə saymağın məhz həmin rəqəmdən başlanılması ilə üst-üstə düşür. Son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş və müasirləşmə müşahidə olunub. Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır. Mehriban xanım bu əminliyi də ifadə etmişdir ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı–2015”in parlaq ruhunun atəşi orada olacaq.
Onu da qeyd edək ki, Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.
Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətini, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə gördüyü işləri, humanitar missiyasını ölkəmizin siyasi tarixində ilk dəfə formalaşmış “birinci xanım” kontekstində dəyərləndirmək düzgün olmazdı. Sirr deyil ki, dövlət başçılarının xanımlarının əksəriyyəti daha çox ictimai fəaliyyətə, xeyriyyəçiliyə meyil göstərir. Amma Mehriban xanım Əliyevanın timsalında birinci xanım statusu ənənəvi çərçivəyə sığmır. Azərbaycanın birinci xanımı bir tərəfdən humanizm, mərhəmət, xeyriyyəçilik və qayğıkeşliyi özündə ehtiva edir, digər tərəfdən Heydər Əliyev Fondunun prezidenti kimi elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən yüzlərlə dəyərli layihənin, mədəni irsimizin qorunması və beynəlxalq arenada təbliği proqramlarının müəllifidir. 2017-ci ilin fevralından isə Azərbaycanın Birinci vitse-prezidenti kimi təkmil islahatlarla, mühüm addımlarla davamlı inkişafa öz töhfəsini verir.
Mehriban xanım Əliyevanın gördüyü işlərin dövlətə, xalqa verdiyi səmərə ölçüyəgəlməz dərəcədə dəyərli və əhəmiyyətlidir. Ölkəmizdə Amnistiya aktlarının qəbulunda Mehriban xanım Əliyevanın təşəbbüskar kimi çıxış etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan addımlar sırasındandır. «Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir» söyləyən Mehriban xanım Əliyeva humanizmi, xeyirxahlığı hər addımında öndə saxlayır.
Təbii ki, bir yazı çərçivəsində Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini əhatə etmək qeyri-mümkündür. Davamlı inkişaf yolunda inamla irəliləyən Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz reallıqdır. Dövrün tələbinə uyğun olaraq təkmilləşmə, yeniləşmə dövlət siyasətimizin əsasını təşkil edir. Səylərin birləşdirilməsi fonunda qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmaq mümkündür.
Məhz hazırkı pandemiya dövründə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətimizin başçısı İlham Əliyevlə birgə vətəndaşların yanında olması, onları narahat edən məsələlərlə yaxından tanış olması, onların qayğıları ilə yaşaması vətəndaş məmnunluğunun artırılmasında əhəmiyyətli rol oynayır. Xalqımız tam əmindir ki, bu birlik, həmrəylik sayəsində hər bir çətinlikdən uğurla çıxan Azərbaycan COVID-19-la mübarizədə də qalib olacaq, postpandemiya dövrü üçün nəzərdə tutulan hədəflərə yüksə səviyyədə nail olacaq. Mehriban xanım Əliyeva bildirir: «COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün gələcək. Çox ümidvaram ki, həmin gün uzaqda deyil. Amma hələ ki, o gün gəlməyib, hörmətli qardaşlar və bacılar, xahiş edirəm, sayıq və intizamlı olun, yeni qayda və tələblərə tam ciddiyyətlə yanaşın. Özünüzdən və yaxınlarınızdan muğayət olun! Bizim sevimli Vətənimizi, bizim Azərbaycanımızı qoruyun!»
Hər bir çıxışını müstəqil Azərbaycan dövləti, xalqı ifadələri ilə başlayan Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı müraciətlərində də dövlətimiz, xalqımız üçün «bir olaq», «həmrəy olaq» fikirləri də əsas yer tutur. Bu bir daha xalqın Mehriban xanım Əliyevaya, Mehriban xanım Əliyevanın isə xalqına, dövlətinə bağlılığının ifadəsidir.
Yeganə Əliyeva, «İki sahil»

