Kədərli gizlənpaç – HEKAYƏ
– Gəl öncə səni öpüm, sonra gizlənpaç oynayaq
– Gəl ata! Urra! – bunu deyib ata-bala biri-birinə sarıldılar. Artıq 4 yaşın içində olan uşaq hələ atasının onu belə öpüb-oxşadığını görməmişdi.
– Hə, sən yum, mən gizlənim.
…
– Ana, niyə atam çıxmır e-e-e. Hamı məktəbə atası ilə gedir. Daha oynamıram mən.
– Əziz oğlum, hər axşam sən yatanda atan gəlir, səni öpür, sənin üçün şokolad qoyur. Səhər sən durana yaxın yenə qaçıb gizlənir ki, sən onu “kustuklaya” bilməyəsən.
– Yox, daha şokolad istəmirəm, atamı istəyirəm.
…
– Ana, mən ikinci sinfə keçirəm. Atamı görə bilməyəcəyəm?
– Oğlum, oğ… – qəhərdən boğulurdu ana – sənə demək ist…
– Ana, narahat olma, məktəbdə atamın şəklini gördüm. Müəlliməm məni başa saldı. Dedi ki, atan şəhid olub.
– Bəli oğlum, həmin gün atan özü bilirdi ki, çox ağır əməliyyata gedir…
Vüsal Hətəmov

