Sosial 

Pandemiyaya qalib gəlməyin yeganə yolu

Bu, vətəndaşların mövcud qayda və qanunlara məsuliyyətli yanaşmalarından keçir

 

Son günlər tibb alimləri payız aylarında koronavirusun digər respirator virus infeksiyaları ilə birlikdə artma ehtimalının yuksək olmasından danışırlar. Xüsusilə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri payız aylarına ciddi hazırlıq görülməsini tövsiyə edirlər.

Bu da önəmli faktdır ki, Azərbaycanda virusun üzə çıxdığı ilk zamandan etibarən ona qarşı effektiv tədbirlərə start verilib və vətəndaşların həyatı, sağlamlığı prioritet məsələ kimi önə çıxarılıb. Pandemiya ilə mübarizədə qəbul edilən bütün qərarların arxasında məhz əhalinin sağlamlığı, rifahı, təhlükəsizliyinin etibarlı təmini dayanıb.

Prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti altında qlobal bəlaya qarşı həyata keçirilən operativ, məqsədyönlü tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa, sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verib, kütləvi yoluxmanın qarşısını alıb. Məhz dövlət rəhbərinin tapşırığı əsasında  pandemiyaya qarşı vaxtında görülmüş preventiv tədbirlər sayəsində Azərbaycan dünyanı bürümüş virusa qarşı mübarizədə nümunəvi ölkələr sırasında qərarlaşıb. Dəfələrlə Azərbaycanın COVID-19-la uğurlu mübarizəsi ÜST tərəfindən təqdir edilib. Qurum Azərbaycanda infeksiya ilə bağlı hazırda da həyata keçirilən tədbirlərin doğru olduğunu bir daha vurğulayıb. Vətəndaşların xəstəlikdən qorunması üçün bütün sahələrdə, xüsusilə də səhiyyə sektorunda keçirilən lazımi tədbirlər sayəsində virusa yoluxan 30 mindən çox vətəndaşımız müalicə olunaraq sağalıb və ailəsinə qovuşub. Qısa zaman ərzində 20-dən artıq xəstəxana koronavirus xəstələrinin ixtiyarına verilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən, bölgələri də əhatə etməklə modul tipli xəstəxanalar quraşdırılıb. Beləliklə, ölkədə koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanıb, 35 rayon və şəhərdə 46 xəstəxana bu istiqamətdə fəaliyyətə başlayıb. Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün lazım olan laboratoriyaların sayı pandemiya başlayandan qısa müddət ərzində 5 dəfə artaraq 6-dan 31-ə çatdırılıb. Yaxın zamanlarda isə laboratoriyaların sayının 45-ə çatdırılması planlaşdırılır.

Koronavirus xəstələrinin dövlət hesabına müalicəsi, həkimlərin sayının artırılması və təcrübə mübadiləsi məsələləri də kompleks şəkildə həll olunur. Eyni zamanda, həmişə olduğu kimi, bu dövrdə də insanların sosial rifahı diqqətdən kənarda qalmayıb. Pandemiyadan əziyyət çəkən insanların maddi və mənəvi cəhətdən dəstəklənməsi, ölkə iqtisadiyyatına dəyən ziyanın aradan qaldırılması üçün dövlət tərəfindən təqribən 5 milyon nəfəri əhatə edən məşğulluq və sosial rifaha dəstək paketi icra olunub. Artıq 7-ci aydır ki, respublikamızda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Bununla əlaqədar Milli Məclis tərəfindən bir sıra qanunlar da qəbul edilib, cərimələr müəyyənləşdirilib. Məhz ölkədəki sanitar-epidemioloji vəziyyətin təhlilinə əsaslanaraq zamanında tətbiq edilən karantin rejimi və müəyyən məhdudiyyətlər hazırda koronavirusa yoluxma sayında əldə olunan nailiyyətlərə birbaşa stimul verib. Hətta yoluxma sayı azaldığı üçün bəzi xəstəxanalar da bağlanıb. Son zamanlar müsbət dinamikanın tendensiya halını alması qarşısında yumşalmalara keçidi sürətləndirib. Belə ki, avqustun 5-dən SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb. Bu ayın 10-dan iqtisadi aktivliyin gücləndirilməsinin zərurəti nəzərə alınaraq, sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketi qüvvəyə minib.

Müvafiq qərara əsasən, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazilərində qeyd olunan tarixdən etibarən bir sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. İri ticarət mərkəzləri və  «Mall»lardan başqa, qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan mağazalar açılıb, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilmiş məhdudiyyətlər aradan götürülüb.

Avqustun 18-dən isə ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə başlanılıb, ayın 21-dən isə milli parkların qapıları ziyarətçilərin üzünə açılıb. Bununla belə, koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.

Təəssüf ki, qoyulan qadağalara əməl etməyərək və xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas kimi kütləvi mərasimlər keçirən şəxslər də olub ki, həmin şəxslər indiyə qədər daxili işlər orqanları tərəfindən müvafiq qaydada məsuliyyətə cəlb ediliblər.

Bu günlərdə isə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb. Amma Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və tələblərinə hörmətsiz yanaşa bilməz.

Elçin Zaman«İki sahil»

Daha çox xəbərlər