COVID-19-un yeganə tələbi: Məsuliyyətli olaq
İnsanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək, bir sözlə, dövlətimizi, xalqımızı bu vəziyyətdən xilas etmək bu amillə sıx bağlıdır
Dövlətimizin başçısı İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə «Pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir… Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır» söyləyən ölkə Prezidenti bildirmişdir ki, bundan sonra da addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək, beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir: «Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq… Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun.»
Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizənin birinci mərhələsini uğurla başa vurmasını şərtləndirən əsas amil dövlətimizin başçısı İlham Əliyevin insanların sağlamlığını əsas tutaraq özünütəcrid qaydalarına riayət olunmasını qarşıya əsas tələb kimi qoyması oldu. Bu gün də həmin tələb öz aktuallığını qorumaqdadır. Sadə gigiyena qaydalarına düzgün riayət olunması, sosial məsafənin saxlanılması xəstəliklə mübarizəyə öz müsbət təsirini göstərir. Məhz ölkəmizin ilk gündən özünütəcrid qaydalarını tətbiq etməsi digər ölkələrə nümunə olan təcrübə modelinin təqdimatında əhəmiyyətli rol oynadı. Özümüzü təcrid etməklə, ətrafımızı, doğmalarımızı da qoruduq, onlara dəstək olduq. Yeni texnologiyaların yaratdığı imkanlardan istifadə edərək doğmalarımızla, ətrafımızdakı insanlarla qurulan əlaqələr birliyimizin, həmrəyliyimizin zəifləməməsinə, əksinə daha da möhkəmlənməsinə stimul oldu. Karantin dövrünün tələbləri xalqımızın malik olduğu ən gözəl xüsusiyyətləri- ruh yüksəkliyi və mərdliyi, mərhəmət və şəfqəti, inam və məhəbbəti daha da qabartdı.
Karantin rejiminin öncə sərtləşdirilməsi müsbət dinamikaya yol açdı. Belə ki, xəstəliyə yoluxma halı kiçik rəqəmlərlə ifadə olundu, müalicə olunub, öz əvvəlki həyatlarına qayıdan insanların sayı çoxaldı. Bu dinamika karantin rejiminin yumşaldılmasını zərurətə çevirdi. Amma təəssüflər olsun ki, bu zərurət əksər insanlarda belə təəssüratı yaratdı ki, artıq koronavirus yoxdur, sərbəst, tibbi maskadan istifadə etmədən, sosial məsafəni gözləmədən hərəkət etmək mümkündür. Bu arxayınlıq əldə olunan müsbət nəticələrin yenidən mənfiliyə doğru dəyişməsini şərtləndirdi. Belə ki, qısa müddətdə yoluxanların sayı artdı. Əgər ilk əvvəllər yoluxanların sayı bir, yaxud ikirəqəmli ədədlə ifadə olunurdusa, artıq karantin rejiminin yumşaldılmasından sonra üçrəqəmli ədədlər gündəmdə oldu. Yəni yoluxanların sayı 500-dən çox olaraq həyəcan təbilinin çalınmasına əsas verdi. İyun ayının 20-dən sonra karantin qaydalarında yenidən sərtləşmələr başladı. Artıq xəstəliyə yoluxanların sayında stabillik özünü büruzə verir. Ən əsası sağalanların sayı günbəgün artmaqda, yoluxanların sayı isə azalmaqda oldu. Bu isə avqust ayının 5-də yenidən karantin rejiminin yumşaldılmasına yol açdı.
Daim vurğuladımız kimi, heç bir ölkə hansısa hadisədən, çətinlikdən sığortalanmayıb. Əsas olan yaşanan durumun ətraflı təhlili və vəziyyətdən çıxış yolunun düzgün müəyyənləşdirilməsidir. Qeyd etdiyimiz kimi, Azərbaycan bu təcrübəni nümayiş etdirdi. Belə ki, heç bir ajiotaj, depressiya yaşanmadan düşünülmüş və məqsədyönlü model ortaya qoyuldu. «Bu gün koronavirusla bağlı əsas problem odur ki, xəstəliyin geniş yayılması o ölkələrin mövcud olan səhiyyə potensialından daha genişhəcmlidir» söyləyən dövlətimizin başçısı bildirir ki, ona görə bizim əsas vəzifəmiz xəstəliyin geniş yayılmasına imkan verməmək idi. Bilirdik ki, bu xəstəlik Azərbaycana xaricdən gəlib. Artıq daxildə yoluxma prosesi başlayan zaman bilirdik ki, bu prosesin qarşısını almaq tam mümkün olmayacaq: «Amma məhdudlaşdırmaq, xəstələnmə zəncirini qırmaq, vaxt udmaq, bu vaxtdan istifadə edərək bütün bizim tibb sahəsini təşkilatlandırmaq, maska, dezinfeksiya vasitələri müəssisələrini işə salmaq üçün bizə vaxt lazım idi. Eyni zamanda, mənim göstərişimlə bizim ən qabaqcıl xəstəxanalarda koronavirus xəstələri yerləşdirildi.»
Karantin rejiminin gah sərtləşdirilməsi, gah da yumşaldılması belə bir həqiqəti də ortaya qoyur ki, heç bir ölkə birinci mərhələsi başa çatan koronavirus infeksiyasının ikinci və üçüncü dalğasının yaşanmayacağından xəbərdar ola bilməz. Dövlətimizin başçısı İlham Əliyev yuxarıda qeyd etdiyimiz müşavirədə də bu məqamı xüsusi qeyd etmişdir ki, yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır. Həkimlərin böyük əksəriyyəti bunu sanitar normaların gözlənilməməsi ucbatından baş vermiş hadisə kimi dəyərləndirir: «Mən də bu yanaşma ilə razıyam. Çünki bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır.»
Qeyd etdiyimiz kimi, artıq bir neçə ölkənin faciəli təcrübəsi bəşəriyyətə koronavirus pandemiyası zamanı sağ qalmağın əsas prinsipini necə formalaşdırmaq lazım olduğunu göstərdi. Bu prinsip dramatik dərəcədə sadə və birmənalıdır: ya xalq karantin rejiminin qayda və göstərişlərinə hökmən əməl edir və birlikdə sağ qalır, ya da tövsiyələrə məhəl qoymur və çoxsaylı insan tələfatına səbəb olur. Bu baxımdan hər kəs ciddi düşünməli, dərk etməlidir ki, cəmi bir insanın laqeydliyi onlarla günahsız insanın ölümünə gətirib çıxara bilər.
Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı vaxtdan Azərbaycanın dünyaya səs salan əsas çağırışı bu oldu ki, biz birlikdə güclüyük! Bu çağırış isə öz növbəsində birliyi, həmrəyliyi bir tələbə çevirdi. Bu çağırış olundu ki, laqeydlik hər birimizə, bizim yaxınlarımıza, ölkəmizə real təhlükə törədə bilər. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində bu qaydalar elə də çətin deyil – məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq. Tərəzinin digər gözündəki həyat və sağlamlığımızdır.
Xalqımız bu çağırışlara dəstəklərini əməlləri ilə təsdiqləyərək vətəndaş-dövlət birliyini, həmrəyliyini daha da möhkəmləndirdi. Bu isə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin davamlılığı üçün əsas amillərdən biridir. Ölkə Prezidentinə ünvanlanan təşəkkür məktublarında da bu məqamlar öz əksini tapır ki, biz Sizinləyik, hörmətli Prezidentimiz. Günün tələblərinə uyğun qarşıya qoyulan hər bir tapşırığa, çağırışa əməl etməyə hazırıq. Xalqımız üçün! Doğma Vətənimiz üçün! Güclü, qüdrətli Azərbaycanımız üçün! Tezliklə bu bəladan xilas olacaq, Azərbaycanın davamlı inkişafı postpandemiya dövrü üçün nəzərdə tutulan inkişaf modeli əsasında təmin ediləcək. Azərbaycanın davamlı inkişafını, insanlarımızın sağlamlığını istəyiriksə, kütləvilikdən uzaq olaq, əvvəldə də qeyd etdiyimiz kimi, səmimiyyətimizi, bir-birimizə olan hörmət və sevgimizi məsafədən ifadə edək. Ən böyük sərvətimiz olan sağlamlığımızı birlikdə qoruyaq, COVID-19-a qalib gələk!
Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur. Bütün bunlarla yanaşı, qarşıda dayanan ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir. Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış fəsilləri gəldiyi üçün bu məsələ xüsusi aktuallıq kəsb edir. Yoluxma təhlükəsinin yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər 10 rayonun (Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) “sarı” zonaya keçirilməsi mümkündür. Uzun müddətdir bu rayonlarda yoluxma faktlarının aşağı səviyyədə olması buna tam şərait yaradır. Həmçinin sanitar-epidemioloji vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların tətbiq olunduğu bir sıra sahələrdə – tədris, repetitor xidmətləri və s. məhdudiyyətlərin aradan qaldırılması mümkündür. Operativ Qərargahın 27 avqust tarixində keçirilən mətbuat konfransında bu kimi məsələlərə aydınlıq gətirildi.
Əsas olan bütün hallarda sağlamlığımız, virusa yoluxmamaq üçün bütün zəruri olan qaydalara riayət etmək, əvvəlki həyatımıza yenidən qayıtmaq istəyiriksə, «Biz birlikdə güclüyük!» söyləyib daha həmrəy olaq!
Yeganə Əliyeva, «İki sahil»

