Hikmət Hacıyev payız aylarında koronavirus ağırlaşmalarından danışdı
Koronavirusun digər ölkələrdə yayılma tendensiyası izlənilir. Uzaq Şərq, Avropa ölkələrində virusun təkrar yayıldığı müşahidə edilir.
ARANTV.AZ Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, payız mövsümü ilə bağlı yayılan viruslar koronavirus infeksiyası ilə birlikdə daha təhlükəli vəziyyət yarada bilər:
“Bu istiqamətdə səhiyyə sistemində qabaqlayıcı tədbirlər görülür, dünya ölkələrinin təcrübəsindən də yararlanılır. ÜST və digər aidiyyəti səhiyyə strukturları da ümumi xarakter daşıyan ənənəvi virusların koronavirusla paralel olaraq insanların səhhətində ağırlaşmalar yarada biləcəyini bildiriblər.
Bu istiqamətdə ölkə səhiyyəsində də fikir mübadiləsi aparılır və vəziyyətin nəzarətdə saxlanılması üçün addımlar atılır”.

