Sosial 

Şərqin ilk Avropa tipli ali təhsil ocağı

Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamentinin 1 sentyabr 1919-cu il tarixli qərarı ilə yaradılan və Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin 101 yaşı tamam olur

Müsəlman Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirən Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi tarixi hadisələrdən biri də BDU-nun yaradılması olub. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirib. Ölkənin maliyyə imkanlarının xeyli zəif, maddi-texniki bazanın qeyri-mövcudluğu, milli kadrların çatışmazlığı Bakıda universitetin yaradılmasını zəruri edirdi. İslam Şərqində ilk Avropa tipli universiteti yaratmaq yolunda böyük maneələr olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçaylıq gərgin mübarizədən sonra 1919-cu il sentyabrın 1-də “Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi haqqında” qanun qəbul etdi. 1919-cu il sentyabrın 29-da isə parlament tərəfindən BDU-nun idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən 5 fəsil, 72 maddədən ibarət nizamnamə qəbul olundu. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə ilk dərs günü elan edildi. Universitet ilk tədris ilini 2 fakültə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. BDU-nun ilk rektoru Kazan Universitetinin professoru, cərrah V.İ.Razumovski olub. Universitetin 1920-1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar – professor P.K.Jüze, professor A.O.Makovelski, professor A.O.Mişel və digər alimlər olmuşlar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N.Y.Marr, V.V.Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922-1924-cü illərdə bu universitetdə təhsil almışdır.

Təəssüf ki, 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə çevrildi. II Dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur. Respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının əksəriyyəti, o cümlədən Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digərləri məhz Bakı Dövlət Universitetinin bazasında yaradılmışdır.

1969-cu ildən sonrakı illər universitet həyatında bilik və elmin yüksək zirvələrinə doğru yüksəliş illəri sayıla bilər. Bu universitetimizin dünya şöhrətli məzunu Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə bağlıdır. Geniş bir tarixi dövrü əhatə edən həmin illərdə yeni müasir ixtisaslar üzrə fakültələr, kafedralar, 30-a qədər elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başladı. Beləliklə, universitetin gələcək inkişafı üçün möhkəm zəmin yaradıldı.

Bu gün 101 yaşlı Bakı Dövlət Universiteti ölkəmizin ali təhsil ocaqlarından ilki kimi elmin və təhsilin inkişafında böyük xidmətlər göstərir. XX əsrin əvvəllərindən başlayaraq BDU Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşməsində mühüm rol oynayır. Hazırda Bakı Dövlət Universitetinin 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.

Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi müntəzəm olaraq universitetin 15 mindən çox müəllim və tələbəsinin hər gün istifadəsindədir. Universitet yüksək ixtisaslı kadrlar hazırlamaqla bərabər, həm təbiət, həm də humanitar elm sahələri olmaqla 123 kafedranı, 200-dən çox elmi əməkdaşı olan 37 elmi-tədqiqat və tədris laboratoriyasını, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunu və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunu özündə birləşdirən, Azərbaycan dili, ədəbiyyatı və tarixinin klassik məsələlərindən tutmuş genetika, nanotexnologiya, nanomaterialların alınmasınadək çox geniş spektrdə mövzuları əhatə edən, elmi araşdırmalar həyata keçirən böyük elmi mərkəzdir.

Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİ-nin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002-2004-ci illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.

Bakı Dövlət Universitetində 12 ölkədən 400-dən artıq xarici tələbə, magistrant, aspirant, doktorant, stajor təhsil alır. Universitetdə bakalavr hazırlığı üçün 4 il, magistr hazırlığı üçün 2 il, elmlər namizədi və elmlər doktoru hazırlığı üçün 3-4 il vaxt norması nəzərdə tutulmuşdur. Təhsil ödənişli və ödənişsiz əsaslardadır. Burada əyani və qiyabi şöbələr fəaliyyət göstərir. Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman – sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada, həmçinin yataqxana və tələbə şəhərciyi var.

2010-cu ilin dekabrında Akademik Göstəricilərə görə Universitetlərin Reytinqində (“University Ranking by Academic Performance”) dünyanın ən yaxşı 2000 universitetinin siyahısı açıqlanıb. Cədvələ ABŞın Harvard Universiteti başçılıq edir. Azərbaycandan isə yalnız Bakı Dövlət Universiteti siyahıya düşüb və cədvəldə 1951-ci pillədə qərarlaşıb.

Prezident İlham Əliyev bu müqəddəs məbədin müasir fəaliyyətini belə qiymətləndirir: ˝Bakı Dövlət Universiteti yüksək ixtisaslı milli kadrların hazırlanması, yeni-yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, eləcə də mədəni-mənəvi dəyərlərimizin yaradılması yolunda boynuna düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına yeni töhfələr verir˝. Həqiqətən, Bakı Dövlət Universiteti bu gün üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir.  Belə bir yol isə istiqamətini həmişə öz rəhbərliyindən, bu rəhbərliyin Vətənə, millətə, elmə, təhsilə, dünyaya inteqrasiya ideallarına bağlılığından alır.

Sevinc Azadi, “İki sahil”

Daha çox xəbərlər