“Interpol”: Həyəcan təbili çalmağın vaxtıdır
“Interpol”un açıqladığı yeni hesabatda bildirilir ki, dünya üzrə qanunsuz plastik tullantı cinayətinə görə həyəcan təbili çalmağın vaxtıdır.
Məlumata görə, dünya miqyasında əmələ gələn çoxsaylı plastik tullantı cinayət şəbəkələri üçün yeni biznes yaradıb.
Hesabatda bildirilir ki, 2018-ci ildən bəri tullantıların mənşəyini gizlətmək üçün bir çox tranzit ölkələr vasitəsilə Cənub-Şərqi Asiyaya yönəldilmiş qanunsuz tullantı daşınmalarında ciddi artım müşahidə olunur.
Qeyd olunur ki, plastik tullantılara nəzarət olunmasında olan çətinliklər plastik tullantı sektorunda cinayət işlərinə yol açır.
Ötən ilin may ayında Malayziya hökuməti təxminən 4 min ton plastik tullantının 13 ölkəyə geri qaytarılması prosesinə başladı. Belə ki, 2018-ci ildə Çinin ətraf mühiti qorumaq məqsədilə təkrar istehsal üçün olan məhsullara qapılarını bağlı elan etməsi hadisəsindən sonra plastik tullantılar Malayziyaya doğru yönəldilmişdi.
Xatırladaq ki, 2018-ci ilin yanvar ayından Çində plastik tullantıların idxalına ciddi məhdudiyyətlər tətbiq edilir. Həmin vaxtdan tullantı ixracatçıları alternativ marşrutlar axtarışına başlayıblar.
Məruzədə dünya polis cəmiyyəti bu cinayətin izlənilməsi, tullantıların daşınmasına nəzarət, risklərin qabaqcadan müəyyən edilməsi, maliyyə araşdırmaları və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsində daha təşəbbüskar olması üçün sərhədlər boyunca birlikdə çalışmağa çağırılır.
Nubar Süleymanova, “İki sahil”

