Azərbaycan COVID-19-a qarşı peyvəndi əldə edən birinci ölkələr sırasında olacaq
Ölkə Prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirakı zamanı böyük əminliklə söylədiyi bu fikir Azərbaycanın pandemiya dövründə istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə atdığı addımlara əsaslanır
Dövlətimizin başçısı İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirakı zamanı əsaslı şəkildə bu reallığı diqqətə çatdırmışdır ki, koronavirus pandemiyasına qarşı görülmüş tədbirlər bizə vəziyyəti nəzarətdə, itkiləri isə minimum səviyyədə saxlamağa imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb: «Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi – bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin – COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik. Onu da bildirməliyəm ki, Azərbaycan məsuliyyətli və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış ölkə kimi, digər ölkələrə də humanitar yardım göstərib. Artıq Azərbaycan 30-dan çox ölkəyə humanitar yardım göstərib və bu, bizim ümumi mübarizəyə verdiyimiz böyük töhfədir.»
Azərbaycan COVID-19-la mübarizə istiqamətində istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlərlə diqqət mərkəzindədir. Daha dəqiq desək, ölkəmiz koronavirus infeksiyası ilə mübarizə sahəsində beynəlxalq aləmdə vahid platforma formalaşdırdı. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Həmçinin cənab İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Əsas çağırış budur: “COVID-19-a qarşı birlikdəyik.”
Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmiz pandemiya dövründə birlik, həmrəylik çağırışlarını əməldə təsdiqləməklə yanaşı, koronavirusdan xilas olmaq üçün zəruri olan tədbirlərin həyata keçirilməsində maliyyə baxımından çətinlik çəkən, ümumiyyətlə, maddi dəstəyə ehtiyacı olan ölkələrə dəstəyini əsirgəmir. Azərbaycan pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, ölkəmiz bu günə qədər 30-dan artıq dövlətə humanitar yardım göstərib və bu işi davam etdirməyi planlaşdırır.
Dövlətimizin pandemiya dövründə beynəlxalq əməkdaşlığa verdiyi töhfələr xarici siyasət uğurlarının tərkib hissəsidir. Xarici siyasətin əsas istiqamətləri olan iki və çoxtərəfli çərçivədə əlaqələrin yüksələn xətlə inkişafını şərtləndirən əsas amillərdən biri təbii ki, demokratik prinsiplərin qorunması, eyni zamanda, təkmilləşmə və müasirləşmə elementləridir. Pandemiya dövrünün əsas tədbirləri sırasında yer alan Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti də deyilənlərin təsdiqidir. Avropa İttifaqının, həmçinin üzv dövlətlərin təmsilçiləri Azərbaycanın dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkə olduğunu xüsusi qeyd edirlər. Bu fikirlər Prezident İlham Əliyevin müasirləşməni, təkmilləşməni dövlət siyasətinin əsası kimi qəbul edərək bu istiqamətdə atdığı addımlara verilən ən yüksək dəyərdir. Çıxışlarında «Azərbaycan enerji sahəsində hər zaman hamı ilə əməkdaşlıq etməyə açıq bir ölkədir. Mən bir daha qeyd etməliyəm ki, Azərbaycan beynəlxalq məsələlərdə bütün ölkələrlə dialoqa hazırdır» söyləyən cənab İlham Əliyev Azərbaycanın multikultural dəyərlərin inkişafına böyük töhfələr verdiyini xüsusi diqqətə çatdırır.
İqtisadi inkişaf modeli, demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilən, hazırda beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan cənab İlham Əliyevin böyük inamla söylədiyi kimi, sürətlə müasirləşir, yeniləşir, demokratik proseslərin və azadlıqların təmin edilməsi bundan sonra da prioritet olacaq. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib. Zəngin tarixə, mədəniyyətə, ədəbiyyata, milli-mənəvi dəyərlərə malik olduğunu həmin tədbirlər çərçivəsində bir daha dünyaya çatdırmaqla bu mühüm məqamı da bəyan edir ki, müxtəlif millətlərin, xalqların sülh, əmin-amanlıq şəraitində yaşadığı Azərbaycan tolerant, multikultural ölkədir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək.
Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının çıxışlarında Azərbaycanın bu gün dünyada yeri və rolu yüksək dəyərləndirilərək əsas diqqət göstərilən məsələ 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Problemin bu günə qədər həllinin uzanması qarşı tərəfin beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməməsinin göstəricisi kimi qeyd olunmuşdu. Sammitdə bir daha vurğulanmışdı ki, bütün münaqişəli məsələlərin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinin tərəfdarı olan rəsmi Bakı ən nüfuzlu təşkilatların tribunasından bəyan edir ki, Azərbaycan sülh danışıqlarının tərəfdarıdır, amma bu səylər səmərə vermədiyi təqdirdə digər varianta üstünlük veriləcəyi şəksizdir.
Ümumilikdə, müasir dünyamızda multikultural dövlətçilik, ölkələrarası qarşılıqlı maraq və mənafelərə xidmət edən iqtisadi əməkdaşlıq siyasi sabitliyin, sosial rifahın, humanizmin bərqərar olmasında alternativsiz istiqamət kimi təqdim edilir. Azərbaycan dinc yanaşı yaşamağın, dözümlülüyün, tolerantlığın nümunəsini nümayiş etdirir, qarşılıqlı maraqları təmin edən əməkdaşlığın insanların və xalqların əlaqələrinin daha da yaxınlaşmasına, dostluğuna xidmət etdiyini təsdiq edir. Ölkəmiz dünyada ən islahatçı dövlət kimi tanınır və bu amil nüfuzlu beynəlxalq maliyyə qurumlarının və ekspertlərin də diqqətindədir. Ötən 17 ildə Azərbaycan islahatların davamlılığının nəticəsində müasir, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunda sürətli inkişaf yolu keçib. Bu tərəqqinin və dünyanı heyrətləndirən uğurların təməlində ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin uğurlu davamı dayanır.
Qeyd edək ki, 2018-ci ildə dövlətimizin başçısı İlham Əliyevin Belçika Krallığına səfəri çərçivəsində imzalanan «Tərəfdaşlıq prioritetləri» sənədində, həmçinin Almaniyanın Federal Kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda keçirdiyi görüşlərdə ölkəmizin müasirliyə, təkmilləşməyə meyilliliyi yüksək dəyərləndirilərək «Azərbaycan artıq ənənələri olan bir dövlətdir» fikirləri ölkəmizin regionda və dünyada sabitləşdirici faktor roluna işıq salmaqla yanaşı, zəngin tarixə malik olmasının dünya miqyasında təqdir edildiyinə işarə idi. Avropa İttifaqı, həmçinin quruma üzv olan dövlətlərlə müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrini genişləndirən Azərbaycanın demokratik prinsiplərə verdiyi önəm daim təqdir olunur. Azərbaycan bu gün dünya birliyində insanların azad, sərbəst yaşadığı tolerant ölkə kimi tanınır. Bu gün Azərbaycan demokratik təsisatlarla, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, dünya təcrübəsinə istinad edərək yeniliklərin ölkəmizdə tətbiqi üçün təcrübə mübadiləsi aparır. Bir sözlə, müasir dovrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin güclənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir.
Bunları sadalamağımız təbii ki, səbəbsiz deyil. Azərbaycan pandemiya dövründə də bütün çətinliklərə baxmayaraq digər ölkələrin də qayğılarına biganə yanaşmır, lazım olan dəstəyi göstərməyə səy göstərir. «Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq» söyləyən cənab İlham Əliyev bildirir ki, mən tam səmimiyyətlə deyə bilərəm, özümüzü tərifləmək üçün yox, sadəcə olaraq, həqiqəti dilə gətirmək üçün, Azərbaycan dünyanı birləşdirir.
Bir daha bu reallıq diqqətə çatdırıldı ki, real baxışların formalaşması əsasında qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq olar. Baxmayaraq ki, əvvəldə də qeyd etdiyimiz kimi, bəzi dövlətlər, qurumlar arasında əməkdaşlıq əlaqələri mövcud olmayıb, bir sözlə, birinin problemi digərini narahat etməyib. Azərbaycan birləşdirici, sabitləşdirici missiyasını uğurla yerinə yetirməklə beynəlxalq aləmdə yeni bir mənzərəni formalaşdırdı. Dövlətimizin başçısının vurğuladığı kimi, məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə. Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk.
Təsadüfi deyil ki, BMT-nin Baş katibi problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Azərbaycan dövlətinin, Prezidentinin COVID-lə mübarizə sahəsində atdığı addımlar təqdirəlayiqdir. Məhz uğurlu xarici siyasət nəticəsində Azərbaycan bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır. Dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinad etsək, Azərbaycanın coğrafi mövqeyi regiondakı rolunu əvvəlcədən müəyyənləşdirən ölkədir. BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande koronavirus pandemiyasına qarşı mübarizədə ölkələrin əməkdaşlığı məsələsinə dair xüsusi sessiyanın keçirilməsi təşəbbüsünə görə Azərbaycana təşəkkürünü bildirib. Ticani Məhəmməd-Bande həmin sessiyanın təşkilinə həsr olunmuş xüsusi görüşdə bildirib ki,Baş Assambleyada pandemiya məsələsinə dair xüsusi sessiya keçirilməsi təklifi bu təhlükəyə qarşı mübarizədə beynəlxalq səylərin səfərbər edilməsi üçün etibarlı təməldir”: “Biz Azərbaycana minnətdarıq ki, o, Qoşulmama Hərəkatının sədri olaraq bu mühüm xüsusi sessiyanın keçirilməsi təşəbbüsü ilə çıxış edib”. Bu əminlik də ifadə edilir ki, xüsusi sessiya dünya liderlərinin pandemiyaya reaksiyası ilə bağlı hərəkətlərin nəticələrinə daha çox diqqət yetirmələrini təmin edəcək: “Bu sessiya koronavirus infeksiyasının yayılmasına, həmçinin onun insanların həyatına təsirinə reaksiya göstərən qlobal platforma kimi Baş Assambleyanın rolunu daha da möhkəmlədəcək”. Azərbaycan Xarici İşlər Nazirliyi də əmin olduğunu bildirib ki, xüsusi sessiya pandemiyaya qarşı mübarizədə dövlətlərin həmrəyliyinin möhkəmlənməsinə töhfə verəcək, bu qlobal təhdidə cavab axtarışı üzrə beynəlxalq əməkdaşlığı gücləndirəcək.
Qısa təhlil əsasında Azərbaycanın xarici siyasətinin prinsiplərinin pandemiya dövründə də ölkəmizə böyük nüfuz qazandırdığını, beynəlxalq münasibətlər sistemində yeri və rolunun möhkəmlənməsinə yol açdığını aydın şəkildə görürük. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin möhkəmlənən mövqeyi COVID-19-a qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bəzi şirkətlərlə fəal işin aparılmasına öz müsbət təsirini göstərir. “Ancaq əlbəttə ki, biz postpandemiya dövrünə də hazır olmalıyıq və müvafiq göstərişlər verilibdir. Postpandemiya dövrü nə vaxt başlayacaq, bunu hələ ki, heç kim deyə bilmir. Ancaq dünyada gedən araşdırmalar, tədqiqatlar, peyvəndlərin üzərində işin aparılması ümidverici siqnallar verir. Onu da bildirməliyəm ki, biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq» söyləyən dövlətimizin başçısı İlham Əliyev belə bir əminliyi də ifadə edir ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaq: «Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı bütün araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri və beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik və ümid edirəm, ondan sonra demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb. Hesab edirəm ki, biz o vaxta qədər öz addımlarımızı mövcud vəziyyətə uyğun atmalıyıq.»
Yeganə Əliyeva, «İki sahil»

