Sosial 

Tıxacların aqressivləşdirdiyi sürücülər

Yollarda sürücülər arasında sanki müharibə gedir. Hər kəs işıqforu birinci keçmək istəyir, işə, dərsə, evə ya başqa gedəcəyi ünvana tez çatmaq uğrunda mübarizə aparır. Hər gün pik saatlarda yaranan və kilometrlərlə uzanan tıxac da sürücülərin aqressivləşməsinə şərait yaradır. Saatlarla tıxacda qalan sürücülər hirsini “qaz”dan çıxırlar. Bu da ki çox vaxt avtomobil qəzası ilə nəticələnir.

Yol üstündə “müharibə”də yük maşınları, avtobusları, onlar minik avtomobillərini, minik avtomobilləri isə motosiklet və mopedləri “sıxmağa” çalışırlar. Sanki irihəcmli nəqliyyat vasitəsi idarə edən şəxs özünə heç nə olmayacağına güvənərək yolda daha təhlükəli sürür, xırdahəcmliləri görməzdən gəlirlər. İşıqforu birinci keçmək, zolağa birinci daxil olmaq üstündə mübarizədə yol hərəkəti qaydaları heçə sayılır, sürücülər “rəqib”lərini hər fürsətdə üstələməyə çalışırlar. Bu qaydaları pozanlar isə əsasən avtobus, yük avtomobili və taksi sürücüləri olurlar. Digər sürücülərə nisbətən günün çox hissəsini yollarda keçirən bu şəxslər digər nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaradırlar. Hətta bəzən onlar özlərini haqlı da çıxartmağa çalışırlar.

Statistikaya görə, qəzaların çoxu yolayrıcında baş verir. Buna səbəb ya hansısa sürücünün işıqforun qırmızı işığında keçməsi, ya da sola dönən sürücünün digər hərəkət iştirakçılarına yol verməməsi olur. Digər qəzalar isə avtomobil sürücüsünün diqqətinin mobil telefonda olması səbəbindən baş verir. Bundan başqa yüksək sürət də qəza səbəblərindən biridir ki, bu, əsasən, magistral yollarda yaşanır. Həmçinin, qarlı və yağışlı hava şəraiti də avtomobil qəzalarına şərait yaradır.

Əvvəllər sığorta xidmətinin icbari olmadığı dövrdə sürücülər daha da aqressiv münasibət göstərirdilər. Yüngül qəzalarda belə sürücülər arasında əlbəyaxa davalar düşürdü, qəzada xəsarət almayan sürücülər bir-birlərinə xəsarət yetirirdilər.

Yolda qəza zamanı ən çox xəsarət alanlar isə moped və ya motosiklet sürücüləri olur. Onlar ikitəkərli nəqliyyat vasitəsi idarə etdiklərinə görə cüzi bir toxunuşla aşa, zədələnə bilərlər. Üstəlik, onlar dörd tərəfdən mühafizə olunan “qutu”da da deyillər. Motosiklet sürücülərinin əksəriyyəti qaydaları pozsa da, bəzən onlar öz yoluyla hərəkət edərkən bəzi avtomobil sürücülərinin “terror”una məruz qalırlar. Xarici ölkələrdə motosiklet sürücüləri həmin avtomobillərin güzgülərini qıraraq onlara “dərs” versələr də, Azərbaycanda bu hal yaşanmır. Moped və motosikleti heçə sayan sürücülərin diqqətsizliyi ağır qəzalarla, bəzən də ölümlə nəticələnir.

Statistikaya görə, 25 il ərzində Azərbaycanın avtomobil yollarında 66 min 981 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu rəqəmlər isə müharibədə ölən insanların sayından çox da fərqlənmir.

Unutmayaq ki, avtomobil qəzalarının başlıca səbəbi qaydalar barədə məlumatsızlıq və dolaysı ilə yüksək sürətdir. Avtomobilin sürətinin çoxluğu birbaşa qəzanın ağırlığına mənfi yöndə təsir edir. Bu səbəbdən avtomobil idarə etməzdən əvvəl yol hərəkəti qaydalarını bilmək vacibdir. Qaydaları bilmək sizi təkcə qəzadan qorumur, həmçinin, lazım gəldikdə, bu məsələdə haqqınızı tələb etməkdə köməyinizə çatır. //Milli.Az

Daha çox xəbərlər