Sosial 

COVID-19-a qalib gəlmək üçün hamımız mübarizəyə qoşulmalıyıq

Dövlətimizin başçısı İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə “İndi bir daha demək istəyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır” söyləyərək dünyada koronavirus infeksiyası yayıldığı vaxtdan Azərbaycan dövlətinin  çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər  həyata keçirdiyinin aydın mənzərəsini yaratdı. Ölkə Prezidenti İlham Əliyev, eyni zamanda,  ölkəmizin hərtərəfli inkişafını, insanların sağlamlığını, təhlükəsizliyini təmin etmək üçün bundan sonra görüləcək işlərin  xronologiyasını  açıqladı, həmin istiqamətdə atılacaq addımların, həyata keçiriləcək islahatların daha da dərinləşdirilməsinin vacibliyini bildirdi.

Məlumdur ki, hökumətin  koronavirusla mübarizə  sahəsində  strategiyası özlüyündə bir neçə istiqaməti əhatə edir: – Virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti  infrastrukturun koronavirusla mübarizə üçün  tələb olunan standartlara uyğunlaşdırılması,  ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edilməsi və əhalinin sosial  müdafiəsinin gücləndirilməsi ilə bağlı  məsələlərin həlli,  maarifləndirmə işinin aktuallığını qorumaq.

Ümumbəşəri bəlanın xəstəliklə bağlı olması hər bir ölkənin səhiyyə sistemini  gününün çağırışlarına uyğun təkmilləşdirməsini ilk gündən bir tələbə çevirdi.  Dövlətimizin başçısı İlham Əliyevin koronovirus infeksiyası ilə mübarizə tədbirlərinə başlanan zaman virusa yoluxmuş  xəstələrin müalicəsi məqsədilə ilk istifadəyə verilən “Yeni klinika” tibb müəssisəsinin açılışında söylədiyi fikirləri yada salaq: “Hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər.”

Artıq həmin vaxtdan, yəni “Yeni klinika”nın açılışından ötən 5 aydan artıq  dövrdə  Azərbaycanın koronavirusla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərə, hazırkı müsbət dinamikaya diqqət yetirdikdə, görürük ki, ölkəmiz bu mübarizədə də nümunəviliyini qorudu. Ölkəmizdə həyata keçirilən kompleks tədbirlər, bu tədbirlər çərçivəsində digər sahələr kimi, səhiyyə sistemində də təkmilləşmələr COVID-19-la mübarizənin birinci mərhələsindən az itki ilə çıxmağı şərtləndirdi. Hazırda 46 xəstəxanada koronaviruslu xəstələr müalicə alır. Azərbaycanın tətbiq etdiyi təcrübə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirilir. Bir sözlə, hökumətin intensiv və düzgün fəaliyyəti nəticəsində qısa müddətdə səhiyyə  infrastrukturumuz koronavirusla mübarizəyə  istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti  əlaqələndirildi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında  Operativ  Qərargah yaradılaraq müntəzəm şəkildə karantin rejiminin  tələbləri, həmçinin statistikaya uyğun olaraq qaydaların yumşaldılması, yaxud sərtləşdirilməsi barədə məlumatlar açıqlanır. Artıq avqust ayının 5-dən karantin rejimində növbəti yumşalmalar həyata keçirildi. Müsbət dinamika bu addımı şərtləndirdi.

Koronaviruslu xəstələrin müalicəsi üçün zəruri olan bütün addımlar davamlı olaraq atılır.     Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2020-ci il tarixli  «Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında»  Sərəncamı da  görülən tədbirlərin miqyasının genişləndirilməsinə, ən əsası  səhiyyənin inkişafına və  insanların sağlamlığının təminatına xidmət edən addımlar sırasından oldu. Bölgələri də əhatə etməklə ölkədə  2000 çarpayılıq 10 modul tipli  xəstəxananın quraşdırılmasına başlanıldı və onların artıq 9-u istifadəyə  verilib.  Ən müasir standartlara cavab verən laboratoriyalar alındı və qısa müddətdə  onların sayının 45-ə çatdırılması nəzərdə tutulur.

Təbii ki, bu mübarizədə çoxminli həkim ordusunun üzərinə böyük məsuliyyət düşür.   Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çıxışlarında, xalqa müraciətlərində həkim əməyinə yüksək dəyər öz ifadəsini tapır. «Bizim cəsarətli tibb işçilərimizə – həkimlərə, tibb bacıları və qardaşlarına, laborantlara, xəstəxana və klinikaların texniki heyətinə, gecə-gündüz insanların həyatı və sağlamlığı naminə mübarizə aparmağa davam edən hər kəsə bir daha səmimi və sonsuz təşəkkürümü ünvanlayıram. Polislərə və daxili qoşunların hərbi qulluqçularına dərin təşəkkürümü bildirirəm. Axı, bu çətin günlərdə asayişi, təhlükəsizliyi və karantin tədbirlərinə əməl olunmasını məhz onlar təmin edirlər» söyləyən Mehriban Əliyeva bildirir ki, çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir.

Sağlamlığımızın keşikçiləri olan həkimlərimiz  öz həyatlarını təhlükə qarşısında qoyaraq gecəli-gündüzlü  koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağalıb ailələrinə dönməsi üçün bütün imkanlardan maksimum istifadə edir, ən əsası peşələrindən irəli gələn məsuliyyət hissinin ağırlığını daha dərindən dərk edirlər.  Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etdiyi kimi, həkimlər öz vəzifə borcunu yerinə yetirmək,  Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər: «Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.»  Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə, o cümlədən gözəl Bakımızın  küçələrində yerləşdirilən  reklam lövhələrində  həkimlərin əməyinə verilən yüksək dəyər aydın şəkildə nümayiş olundu. «Eşq olsun Azərbaycan həkimlərinə!», «Evdə qalaq, həkimlərə dəstək olaq!» kimi çağırışlarının müsbət nəticələri xəstəliyə yoluxanların sayının azalmasında özünü qabarıq şəkildə büruzə verir.  Bu əminlik yaranır ki, dövlətimizin dəstəyi, həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsi, həkim heyətinin  səyləri nəticəsində  koronavirus  pandemiyasına qarşı mübarizədə qalib olacaq, bu sınaqdan az itki ilə çıxacağıq.

Ümumilikdə  son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər göz önündədir. Statistikaya diqqət yetirsək,  2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib.  Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Bir neçə şəhərdə  Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir,   yaxın vaxtlarda istifadələri nəzərdə tutulub.  Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə  Qazax, Goranboy və Şəmkir şəhərlərində Mərkəzi Rayon xəstəxanalarının açılışı olmuşdur.

Dövlətimiz ilk gündən insanların sağlamlığının təminatını prioritet məsələ kimi öndə saxlayaraq maarifləndirmə işinin də gücləndirilməsini əsas tələb kimi irəli sürür. Vətəndaşlara bu çağırışlar edilir ki, hər kəs özünün mənəvi həkimi olmalıdır. Bu baxımdan ki, lazım olan gigiyena və özünütəcrid qaydalarına əməl etsək, xəstəliyə yoluxmanın faizi  çoxalmaz, əhatə dairəsi genişlənməz. Dövlətimizin başçısı ilk gündən «Biz nə etməliyik» sualı ətrafında fikirlərini  açıqlayaraq bildirmişdir ki, qaydaların pozulmasına imkan verə bilmərik: «Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, “mən qorxmuram, mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır.”

Dövlətimiz hər zaman  həkimlərimizin əməyini yüksək dəyərləndirir. Pandemiya dövründə cənab İlham Əliyevin  18 mart 2020-ci il tarixli «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında»  Sərəncamı da bu tərkibdəndir. Yeni növ koronavirus  infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanan həmin sənədə əsasən  işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə edildi.  Həmin Sərəncamda bu mühüm bənd də öz əksini tapmışdır ki, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtləri də müəyyənləşdirilsin. Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq  Baş Nazir Əli Əsədovun «Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə» Qərarında  onlara  2020-ci il aprel 1-dən aylıq 250 manat məbləğində mükafat ödənilir.

Dövlətimizin başçısı İlham Əliyev  koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının 3, 4, 5 misli məbləğində artırılmasını  dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürü kimi dəyərləndirməklə yanaşı, bu mühüm məqamı xüsusi qeyd edir ki, ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil.  Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər.

Bu günlərdə  Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edən dövlətimizin başçısı İlham Əliyev «COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır» söyləyərək bu fikri xüsusi  qeyd etmişdir ki,  Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Səhiyyə sistemində çalışan insanlar prinsip etibarilə daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub: «Ancaq burada əsas problem həkimlərin sayındadır. Çünki heç bir ölkə bu pandemiyaya hazır deyildi. Heç kimin ağlına gələ bilməzdi ki, dünya belə bir bəla ilə üzləşəcək. Bizdə və eləcə də bütün başqa ölkələrdə həkimlərin sayı normal həyat rejiminə hesablanıb. Ona görə, əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana beş ölkədən – Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər bizə kömək göstərirlər.»

Yeni tibb  müəssisələrinin  yaradılmasına görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevaya minnətdarlıqlarını ifadə edən həkimlərimiz  dövlətimiz tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülən işlərdən məmnunluqlarını bildirir və bu inamı ifadə edirlər ki, dövlətimizin COVID-19-a qarşı tətbiq etdiyi təkmil təcrübə nəticəsində  bu bəladan az itki ilə çıxacağıq.

Yeganə Əliyeva«İki sahil»

Daha çox xəbərlər