Siyasət 

Londonda AXC-nin yaranmasının 100 illiyi qeyd edilib

ARANTV.AZ xəbər verir ki, Londonda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Böyük Britaniyanın paytaxtı Londonda Heydər Əliyev Fondunun və Azərbaycanın bu ölkədəki Səfirliyinin təşkilatçılığı ilə keçirilən rəsmi qəbulda Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə müsəlman Şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin yaranma tarixi və fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlər barədə məlumat verdi. Qeyd etdi ki, cəmi 23 ay ömrü olan Respublika qısa müddətdə ciddi uğurlara imza atıb, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlər qurub, qadınlara ilk dəfə seçki hüququ verib. Diplomat 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamızın bu gün dünyada uğurlu xarici və daxili siyasət yürüdən, inkişaf edən demokratik dövlət kimi tanındığını vurğuladı. Azərbaycanla Böyük Britaniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə sürətlə inkişaf edən əlaqələrdən danışan Tahir Tağızadə Böyük Britaniyanın Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu qeyd etdi, hər 2 ölkə arasında son 27 il ərzində möhkəm əməkdaşlığın qurulduğunu diqqətə çatdırdı. Tədbirdə Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Böyük Britaniya ilə birgə fəaliyyət göstərdiyi bildirildi, Prezident İlham Əliyevin Londona son səfərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyi vurğulandı. Böyük Britaniya hökumətinin Lordlar palatasının üzvü, Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson da tədbir iştirakçılarını və xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edərək, 100 il əvvəl Şərqdə ilk demokratik Respublikanın qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirdi. AXC-nin nailiyyətləri arasında qadınlara səsvermə hüququnun verilməsini xüsusi vurğulayan Baronessa Nikolson ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirdi. Qeyd etdi ki, Azərbaycanla Böyük Britaniya arasında təkcə enerji üzrə deyil, təhsil, mədəniyyət, hərbi və digər sahələrdə də münasibətlər inkişaf edir. İkitərəfli diplomatik əlaqələrə nəzər salan Lordlar palatasının üzvü ölkəsinin Azərbaycanla bütün sferalarda əməkdaşlığının səviyyəsindən razı olduğunu bildirdi və bu əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini vurğuladı. Azərbaycan Prezidentinin Londona son səfərini xüsusi qeyd edən xanım Nikolson, bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi. Tədbir çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair foto və sənədlər, video və audiomateriallar, səfirliyin tərtib etdiyi broşürlər təqdim olundu, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan sənədli film nümayiş etdirildi, milli musiqilər səsləndi.

Daha çox xəbərlər