Gözəl Bakımızla fəxr etməyə haqqımız var
Sovet dövləti tərəfindən yetmiş il varidatı talanan Bakının bir çox əraziləri mazutla, neftlə çirklənmiş “Qara şəhər”ə çevrilmişdi. Əslində şəhərətrafı bəzi yerlər antisanitar vəziyyətdə idi. Sumqayıtın, Bibiheybətin, Qaradağın çirkabla necə əhatə olunduğu hələ də yaddaşlardan silinmir. Bu yerlərdən keçmək əziyyət verirdi, kəskin üfunətli hava, antisanitar ekoloji şərait, şoran torpaq sahələri “göz ağrıdır”, təəssüf hissi doğururdu. İndi qürurla deyə bilərik ki, bu dediklərimiz yaxın keçmişdə qalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib: “Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik.
Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin, sarkofat tikək bunun üstündə. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz indi bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başladı. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi. Eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur.”
Bakının böyük bir hissəsi olan “Qara şəhər”də neft tullantılarının və buxarının təsirindən binalar da qaralırdı, elə buna görə də ora “Qara şəhər” deyirdilər. Vaxtilə yaşamaq üçün cəhənnəm əzabı olan bu yerdə taxtadan tikilmiş fəhlə barakları, neft buruqları, uçuq-sökük “gecə qondular” vardı. Ağcaqanadlardan qorunmaq mümkün olmayan bu yerdə yoluxucu xəstəliklər sakinləri üzüb əldən salırdı. Qısaca desək, Bakıda ən çirkli antisanitar sahə bura sayılırdı. Qeyd edək ki, “Qara şəhər” əsasən indiki Səbail rayonunun ərazisində idi. Artıq “Qara şəhər” yoxdur, onun yerində yaraşıqlı binaları, yaşıl bağları, əyləncə mərkəzləri, uşaqlar üçün attraksionlar, böyük karuseli və s. olan gözəl şəhər yüksəlir. Məşhur Bakı bulvarı barədə isə çox danışmaq olar. Bura həm şəhər sakinlərinin, həm də xarici qonaqların çox sevdikləri gözəl məkandır.
Xatırladaq ki, “Ağ şəhər”in layihəsi icra ediləndə orada ən azı iki metr torpaq layı çıxarıldı. Onun tərkibi bütün neft çöküntüləri, qudron, zəhər idi. Burada “Azərneftyağ” neft emalı zavodu işləyirdi. Ancaq onun da ömrü başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev Neft Emalı Zavodunda yenidənqurma işləri başa çatacaq, “Avro-5” benzini istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu da söküləcək. Bütün o rezervuarlar, köhnə binalar, neft çənləri, könə heft buruqları, texniki qurğular söküləcək və ora böyük park olacaq.
Son illər paytaxtımızın yaşıllaşdırılması, abadlaşdırılması, yeni parkların salınması göz önündədir. Bakı dünyanın ekoloji təmiz, yaşıl və gözəl şəhərləri sırasındadır. Bunu Bakıya gələn xarici rəsmi qonaqlar, istirahətə, müalicəyə və səyahətə gələnlər də bildirirlər. Gözəl Bakımızla fəxr etməyə haqqımız var.

