Qarabağın azad olunmasının TƏK YOLU – Bunu Paşinyan istədi
Təxminən 30 il əvvəl doğma yurd-yuvasından ayaqyalın köçkün düşən Azərbaycan övladları bu gün tank belində öz torpaqlarına qayıdırlar. Azərbaycanın Müzəffər Ordusu torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən əks-hücum əməliyyatını böyük qətiyyət və şücaətlə davam etdirir. Ordusu ilə çiyin-çiyinə düşmənə aman verməyən xalq isə ən müqəddəs tapşırığın öhdəsindən gəlmək üçün səfərbər olub. Ön cəbhədə olduğu kimi, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin informasiya cəbhəsində də davam edən savaşdakı komandanlığı isə sözlə ifadə edilməyəcək qədər böyükdür.

Ağır məğlubiyyətlər alan Ermənistan yaralı ilan kimi Azərbaycanı ölümcül hala salmaq üçün haradan gəldi, necə gəldi hücum edərək qisas almağa can atır. Buna sübut kimi sentyabrın 27-dən sonra ard-arda işğaldakı kəndlərimizi, rayonlarımızı, şəhərlərimizi azad edən Azərbaycan Ordusu qarşısındakı məğlubiyyətin əvəzini çıxmaq məqsədilə humanitar atəşkəs razılığından saatlar sonra Ermənistan silahlı birləşmələrinin mülki əhalinin sıx yaşadığı Gəncəni, Bərdəni qadağan olunmuş silahlardan atəşə tutaraq onlarla dinc sakinin, uşağın qətlə yetirilməsi faktını göstərə bilərik. Lakin bu da son deyil. Düşmən ağır məğlubiyyəti erməni əhalisindən min cür yalanlar uydurmaqla, dezinformasiyalar yaymaqla gizlətməyə çalışır. Nikol Paşinyanın və erməni lobbisinin təsiri altında olan KİV-lərin yalanlarını Ali Baş Komandan deşifrə edərək düşməni dünyanın gözü qarşısında rüsvay etməyə davam edir.

Ali Baş Komandan İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı işğalda olan torpaqların azad edilməsi üçün Paşinyanın Azərbaycanın qarşısında müharibədən başqa variant qoymadığını bir daha bəyan edib. Azərbaycanın hərbi əməliyyatları davam etdirməyin tərəfdarı olmadığını döyüşlərin davam etdiyi 40 gün ərzində dünyanın ən məşhur KİV mənsubları ilə müsahibələri zamanı dəfələrlə diqqətə çatdırdığını bildirən Prezident “Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər. Sentyabrın 27-dən bu yana bütün bu vaxt ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi ərazilərin boşaldılacağı barədə heç vaxt heç nə deməyib” fikirlərini səsləndirməklə düşmənin müharibədə maraqlı olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Ali Baş Komandan qeyd edib ki, əgər Ermənistanın baş naziri şəxsən özü, qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, Azərbaycan Ordusu dərhal dayanmağa hazırdır: “Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir”. Prezident İlham Əliyev EFE informasiya agentliyinə müsahibəsində Paşinyanın bu gedişlə vaxt qazanmaq, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istədiyini, Azərbaycana qarşı yeni hücumlar etmək və işğaldan azad edilən əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istədiyini bildirib. O, Paşinyanın atəşkəs barədə cəhdlərinin, sadəcə, bundan ibarət olduğunu açıq şəkildə qeyd edib.

Düşmən münaqişənin masada həlli variantını törətdiyi təxribatlar, günahsız insanlara qarşı terror əməlləri ilə puç etdi. Məsələnin sülh yolu ilə həlli üçün qalan şanslarının da üstündən xətt çəkən Paşinyan özünə ən böyük cəzanı kəsdi. Ali Baş Komandan İlham Əliyev də daha Paşinyanla bir masa arxasında oturmağın bir mənasının olmadığını EFE-yə müsahibəsində bidirib. Prezident son iki il ərzində erməni baş nazirlə çoxsaylı görüşlərini xatırladaraq, ilk görüşlər istisna olmaqla qalan hamısının tamamilə səmərəsiz və mənasız olduğunu deyib. Paşinyanın hakimiyyətə gəldiyi müddətdən bir il sonra tamamilə fərqli sözlər dediyini bildirən Ali Baş Komandan onun “Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur”, “Qarabağ Ermənistandır”, “Azərbaycan Dağlıq Qarabağdakı qondarma qurumun “rəhbərliyi” ilə danışıqlar aparmalıdır” çıxışları ilə danışıqlar prosesini pozmaq üçün hər şeyi etdiyini diqqətə çatdırıb.
Prezidentin İspaniyanın nüfuzlu agentliyinə verdiyi bu müsahibə Azərbaycanın informasiya savaşında növbəti qələbəsi kimi yadda qaldı. Düşmənin bütün yalanlarını faktlarla ifşa edən Ali Baş Komandan Vətən Müharibəsində əhəmiyyətli üstünlüyümüzü daha da möhkəmləndirdi.
milli.az

