Siyasət 

Sənə Qələbə yaraşır, Vətən!

Nəhayət, Azərbaycan xalqının 30 ildən bəri intizarla gözlədiyi xoş xəbər gəldi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzun illərdən bəri apardığı məqsədyönlü işlər, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi. 10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə – QƏLƏBƏ GÜNÜnə çevrildi, təqvimə qızıl hərflərlə yazıldı. Məhz bu gün Azərbaycanın rəşadətli ordusunun düşmənin “yenilməz ordusu” üzərində möhtəşəm qələbəsi təmin olundu. Ermənistan tərəfi məğlub olduğunu etiraf etməyə məcbur edildi.

Azərbaycan Ordusu bu missiyanın öhdəsindən layiqincə gəldi. Şuşa azad edildikdən dərhal sonra – noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətinə müjdə verdi. Şuşanın işğaldan azad edilməsi Ermənistanı tam tərksilah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Noyabrın 10-da Azərbaycan Ermənistanı məhz öz dəmir yumruğu sayəsində sülhə məcbur etdi. Bu, Azərbaycanın tarixi qələbəsidir. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar və bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Ermənistan qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracağı barədə öhdəlik götürdü. Ən mühüm amillərdən biri isə budur ki, proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Ermənistan ərazisində dəhliz yaradılır. 9-cu maddəyə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Artıq insanlarımız çox rahat şəkildə həmin dəhliz vasitəsilə hərəkət fəaliyyətini davam etdirəcəklər. Bu dəhliz, eyni zamanda, türk dünyasını quru yolu ilə bir-birinə bağlayacaq.

Qeyd edək ki, ordumuz tərəfindən sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zamanı dünya hərb tarixində görünməmiş hərbi əməliyyatlar aparıldı. Hələ müharibənin gedişi dövründə bu əməliyyatlar dünyanın mühüm hərbi akademiyalarında təhlil olunmağa, öyrənilməyə başladı. Azərbaycan xalqının mədəniyyət beşiyi, milli qürur mənbəyi olan Şuşa şəhəri uğrunda döyüşlər xüsusilə diqqətəlayiq oldu. Düşmən, həmçinin dünyanın aparıcı kütləvi informasiya vasitələri bu döyüş zamanı haqq işi uğrunda vuruşan Azərbaycan əsgərlərinin vətənpərvərliyini, qəhrəmanlığını, şücaətini, yenilməzliyini etiraf etməyə məcbur oldular, onların döyüş əzmi qarşısında heyrətlərini gizlədə bilmədilər. Bütün bunlar isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti sayəsində baş verdi.

44 günlük savaş, həmçinin Azərbaycan xalqının öz Prezidentini, liderini nə qədər sevdiyinin, onun ətrafında sıx birləşdiyinin parlaq nümayişinə çevrildi. Məhz bu birlik qəhrəman Azərbaycan Ordusunun möhtəşəm qələbəsini təmin etdi. Öz rəhbərinə böyük inam bəsləyən Azərbaycan xalqının gücü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğunda birləşdi və bu yumruqla Ermənistan rəhbərliyinin və ordusunun başına elə bir zərbə endirildi ki, onlar bir daha özlərinə gələ bilmədilər. Baş nazir Nikol Paşinyan çıxışlarında və müsahibələrində sayıqlamağa, rabitəsiz bəyanatlar verməyə başladı. Ermənistan ordusunda fərarilik, özbaşınalıq başladı. Səfərbərlikdən yayınma, döyüşdən imtina etmə halları gücləndi. Nəticədə qısa müddət ərzində ordumuz tərəfindən 300-ə yaxın şəhər, qəsəbə və kənd, strateji əhəmiyyətli çoxlu yüksəkliklər işğaldan azad olundu. Düşmən çoxlu canlı qüvvə və döyüş texnikası itkisinə məruz qaldı.  Buna görə də qələbədən dəm vuran, xalqını aldadan Ermənistanın baş naziri Nikol Paşinyan rüsvayçılıqla məğlub olduqlarını etiraf etdi. Təxminən bir il bundan əvvəl Prezidentimiz tərəfindən deyilən “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri reallığa çevrildi.

Bir zamanlar xəyalını qurduğumuz yurd yerləri artıq bizimdir. Hər bir qarış torpağından düşmənin ayaq izini silməyə gəlirik. Cəbrayılda, Zəngilanda, Füzulidə, Suqovuşanda, Hadrutda, Qubadlıda, Xudafərin körpüsünün üzərində şanlı bayrağımızı dalğalandıran qəhrəman oğullarımız Şuşa qalasında da üçrəngli qürurumuzu öz zirvəsinə yüksəltdi. Ölkə başçımızın dediyi kimi: “Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”.

Sənə Qələbə yaraşır, Vətən! Əzəmətli QƏLƏBƏMİZ mübarək, Azərbaycan! Qürur günümüz mübarək Azərbaycan! Qarabağ Azərbaycandır! Eşq olsun şanlı ordumuza…

Sevinc Azadi, “İki sahil”

Daha çox xəbərlər