Sosial 

COVID-19-a görə həyəcan təbili

Tibbi maskanı həyat tərzimiz kimi qəbul edib  istifadə etməklə həm özümüzü, həm də ətrafımızdakı insanları yoluxmadan xilas edə bilərik

COVID-19-la mübarizə bu gün də öz aktuallığını qoruyur.  Virusa yoluxma sayında mənfi dinamika izlənilməkdə davam edir. Müqayisəli təhlil əsasında gündəlik, yaxud həftəlik statistikada  dəyişiklik özünü qabarıq şəkildə büruzə verir. Bu hal dünya dövlətlərində də yaşanmaqdadır. Bir sözlə, COVID-19-a görə həyəcan təbili çalınır. Belə bir zamanda məsuliyyət hissini daha da artırmaq ən mühüm tələblərdəndir.

Azərbaycanın ədalət mübarizəsində qələbəsi hər birimizi sevindirməklə yanaşı, birgə paylaşmağa çağırış etdi, küçə və meydanlara topladı. Qələbəmiz qürurvericidir. Bununla harada yaşamasından asılı olmayaraq hər kəs qürur hissi keçirir. Amma nəzərə alsaq ki, dünya, o cümlədən ölkəmiz COVID-19-la mübarizə aparır, bu halda belə kütləvi tədbirlərdə sosial məsafənin gözlənilməməsinin, daha dəqiq desək, heç yada da düşməməsi yoluxma halının artmasını sürətləndirir. 2020-ci ili tariximizə həm siyasi müstəvidə, həm də koronavirusla mübarizə cəbhəsində qələbə ili kimi yazılması üçün karantin qaydalarının tələblərini lazımi səviyyədə yerinə yetirək, daha çox evdə qalmağa maraq göstərək, həm özümüzü, həm də ətrafdakıları qoruyaq. Sevincimizi ailə daxilində də paylaşa, ən əsası  ünsiyyətimizi müasir dövrün  yaratdığı imkanlardan istifadə edərək də qura bilərik. Əsas olan müvəqqəti dövr üçün gündəlik həyat tərzimizə çevrilən qaydalara riayət etmək, COVID-19-a qalib gəlməkdir.

Məlum olduğu kimi, virusun yayılma coğrafiyasının genişləndirilməsi əksər dünya dövlətlərində, həmçinin ölkəmizdə  karantin rejiminin sərtləşdirilməsi ilə müşayiət olunur. Belə ki,  karantin rejiminin müddəti dekabrın  uzadılıb,  məhdudlaşdırıcı tədbirlər həyata keçirilir.

Koronavirus infeksiyası ilə bağlı bugünkü vəziyyətdən  bəhs edərkən daim mübarizə tədbirlərinə başlandığı gündən  dövlətimizin başçısı  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  təxirəsalınmaz və zəruri qabaqlayıcı tədbirlərdən bəhs edir,  birinci mərhələni az itki ilə başa vurmağımızı xüsusi qeyd edirik.   Təkmil təcrübənin tətbiqi şəraitində ölkədə xüsusi karantin  tədbirlərinin həyata keçirilməsi beynəlxalq səviyyədə də təqdir edildi. Bu gün Azərbaycanın istər türk dünyasına, istərsə də bütün dünyaya «COVID-19-la mübarizədə birlikdəyik» çağırışı və onu əməldə sübut edən dövlət kimi təqdim olunması bu sahədə də təkmil təcrübəyə malik olmasından irəli gəlir. Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin ardınca dekabrın 3-4-də BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək.

Azərbaycan özünütəcridin COVID-19-la mübarizədə əsas şərtlərdən biri olduğunu təsdiqlədi və əksər dünya dövlətləri də bu təcrübədən  yararlandı. Bu, Azərbaycan dövlətinin insanların sağlamlığına göstərdiyi diqqətin göstəricisi idi. Ölkə Prezidenti  İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün müraciətlərində də  vətəndaş məsuliyyəti ön planda dayanıb. İstər döyüş meydanında müharibənin getdiyi, istərsə də bugünkü qələbə sevincini yaşadığımız zamanlarda  ölkəmizdə epidemioloji vəziyyət diqqətdən kənarda qalmır, mövcud duruma uyğun olaraq addımlar atılıb və atılır.

Noyabrın 10-na olan  məlumata əsasən, virusa yoluxanların sayı 1346 nəfər, sağalanların  sayı 598 nəfər olub. Noyabrın 11-nin məlumatına görə isə yoluxma sayı 1202 nəfər, sağalanların sayı 998 nəfərdir. Gündəlik yoluxma sayında artım, yaxud azalmanın baş verməsi insanlarda məsuliyyətin azalmasına, laqeydliyə gətirib çıxarmamalıdır. Unutmayaq ki, laqeydliyimiz  çox ağır fəsadlara səbəb olacaq ki, bu da hər birimizin uzunmüddətli   depressiya yaşamağımızı şərtləndirəcək.

Əlbəttə,  tətbiq edilmiş xüsusi karantin rejiminin qaydalarına əməl etmək bizim ən ümdə vəzifələrimizdən biridir. Bir müddət əvvəl müsbət dinamika karantin rejiminin yumşaldılmasına yol açdı.  Amma ölkə ictimaiyyətinə bu çağırış  edilmişdir ki, müsbət dinamika arxayınçılıq yaratmamalıdır. Kütləvi toplanma hallarına yol vermək olmaz. Maskadan lazımi, tələb olunan şəkildə istifadə olunmalı, sosial məsafə gözlənilməlidir. İctimai nəqliyyatdan istifadə zamanı bütün tələblərə riayət edilməlidir. Mütəxəssislərin vurğuladıqları kimi, payız-qış mövsümündə laqeyd yanaşma xüsusilə təhlükəli vəziyyətə gətirib çıxara bilər.  Virusa yoluxma hallarının artım dinamikasının təhlili bu məqama da aydınlıq gətirir ki, insanlar əsasən iş yerlərində,  ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. Bu yoluxmanın “qəhrəmanlarına” çevrilməmək üçün sadə bir qaydaya riayət etmək kifayətdir. Tibbi maskanı həyat tərzimiz kimi qəbul edib  istifadə etməklə həm özümüzü, həm də ətrafımızdakı insanları yoluxmadan xilas edə bilərik.

Yeganə Əliyeva, “İki sahil”

Daha çox xəbərlər