Sosial 

Qarabağ Azərbaycandır!

Qarabağ Azərbaycanın, hər bir bir azərbaycanlının ürəyidir.Qarabağ və ətraf rayonların işğal olunmasından 30 ilə yaxın uzun illər ötsə də, heç bir zaman unutmadıq və unuda da bilməzdik. Nə erməni vəhşilərinin öz torpaqlarımızda  o yerli əhalilərin başına gətirdikləri min bir müsibətləri;nə torpaqlarının azadlığı,qız gəlinləri, qocaları, körpələri qorumaq naminə  rəşadətlə mərd- mərdanə alçaq düşmən üzərinə yürüyən, mübarizə aparan, son damla qanlarına qədər alçaq yağılar qarşısında əyilməyən yüzlərlə qəhrəman  oğulları;nə o çətin günlərdə ərşə qalxan anaların üsyan dolu naləsini;nə torpaqlarından didərgin düşmüş onca insanların acısını, uzun illər yaşadıqları çətinlikləri;nə də doğma yurd- yuvalarından didərgin düşsələr də həsrət dolu günlərinə  səbr edərək nə vaxtsa o yurdlarına qayıdacağı ümidi ilə yaşayan günahsız insanları unutmaq olar mı və ya olardı mı?!

Mən əslən Füzuli rayonundanam, amma çox təəssüf edirəm ki,orada böyümək,uşaqlıq-gənclik çağlarını keçirmək, işləmək mənə və mənim kimi yüzlərlə gənclərə qismət olmadı.Babam isə Füzuli deyə- deyə bu dünyadan köçdü.Vəsiyyət etmişdi ki, onu Füzuli rayonuna yaxın olduğu üçün Beyləqan rayonunda dəfn etsinlər.Nə vaxtsa Füzuli alınsa, onun cəsədini öz vətənində basdırsınlar deyə.Babam bu günün gerçəkləşəcəyini, vətəninin xilasının özü şahidi olmasa belə hiss etmişdi.

30 ilə yaxın bir zaman qısa zaman dövrü deyil.Bəzən, hətta inamımızın son olduğuna, artıq heç bir şeyin əvvəlki kimi olmayacağına, çox ağır da olsa, torpaqlarımızın mənfurların tapdağı altında qalacağına, Xocalının isə göz yaşının dinməyəcəyinə, daim matəmdə qalacağı şübhələrinə düşmədik desək yalan olar.Ancaq,qəlbimizin dərinliklərində bir qığılcım heç zaman sönmədi. Sentyabr ayının 27-dən başlayan savaş bu qığılcımı alovlandırdı. İllərdir sülh yolu ilə əldə etməyə çalışdığımız,nail ola bilmədiyimiz Vətən müharibəsinin başlanmasıyla Azərbaycan xalqında, millətimizdə bütün mənliyimizlə elə bir cəsarət,intiqam hissi baş qaldırdı ki,mən həqiqətən millətimizin birliyinə,oğullarımızın mərdliyinə heyran qaldım.

Haydi qoç igidlər, yol vətənə sarı

Dəl yağının köksünü qisası sarı

Haqq bizdən, Qarabağ yurdumuzdan sarı

Zəfər sənə yaraşır, can Azərbaycan!

Haqq yolunda yürürüz heç qorxmayız biz

Zalımın zülmünə boyun əyməriz biz

Keçərik candan torpağı verməriz biz

Zəfər sənə yaraşır, can Azərbaycan!

Bəli, güc birlikdədir. Xalq və dövlət bir olanda heç bir qüvvə onu məhv edə bilməz.Digər tərəfdən də artıq Azərbaycan dövləti 1992-93-cü illərdəki dövlət deyil.Kifayət qədər dünyada tanınan,sürətlə inkişaf edən ölkədir. Bu gün bizim ordumuz da 27il bundan öncəki ordu deyil.Ermənistan isə özü-özlüyündə heç bir mahiyyət kəsb etməyən,kimlərəsə arxayınlıqla addım atan və Azərbaycanla müqayisə olunmayacaq bir dövlətdir. Buna görə də dövlətimizin bu haqlı savaşında qalib çıxacağına əminik.Dualarımız bu xoşbəxtliyi, fərəhi bizlərə yaşadanlarladır! Tanrı yalnız zəfərlər qismətimiz etsin, İnşallah!

Cənab prezident, ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun göstərdikləri şücaətlər bizi qanadlandırır. Cəbhə xəttində sevindirici xəbərləri duyduqca sevinc göz yaşlarımıza hakim ola bilmirik. Bu gün məni daha bir qürurlandıran digər səbəb bölgə, rayon, şəhər bölünmədən milli birlik hissini birgə yaşamaq və bütöv Azərbaycan, Qarabağlı Azərbaycan üçün hamılıqla can yandırmaqdır. İstər Şuşa, Laçın, Kəlbəcər, istərsə Füzuli, Qubadlı, Zəngilan  bütün işğal olunmuş hər bir ərazimiz Qarabağdır və Azərbaycana məxsusdur.

Mavi Xəzər sıxıb səni öz köksünə

Elə bil göyün əksi düşüb üzünə

Otuz illik həsrətin nəmli gözünə

Səbrinə, nisgilli gücünə qurbanam

Sən varsansa bu millət də var, mən varam!

Kor olsun Vətənimizə göz tikənlər

Torpağımızda ev qurub, ev tikənlər

Qondarma-qondarma, saxta söz tikənlər

Gərək xar ola, niyyətləri puç ola!

Kökləri kəsilə, məhv ola, yox ola!

Vətənə eşqlə bağlıdır bu qanımız

Vətənpərvər aşiqlərdir dörd yanımız

Hazır olun!- əmri verilsə hamımız

Hazırıq! – canımız əziz deyil vətəndən

Dərs verərik düşmənə gəzmərik gendən!

Tarix silinmir yeniləri gələcək

Dalğalanacaq bayrağımız əsəcək

Qarabağda nəğmə olub süzəcək

Bir ümid üzümüz güləcək inşallah!

Varlığını qorusun o Yaradan Allah!

Tanrı bu haqq savaşımızda bütün xoş diləkləri, niyyətləri ilə dövlətimizin,Azəri türklərinin yanında olan,mənəvi dəstəkləri ilə güc verən,dostluq və qardaşlığı çox uzun illərə dayanan qardaş Türkiyə dövlətini və hər zaman  Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sözü ilə, əməli ilə yanında olan müsəlman Pakistan dövlətini qorusun! Gərgin döyüşlər gedən ərazilərdə, cəbhə xətlərində, döyüş bölgələrində düşmənin alçaqlığını dünyaya çatdırmağa çalışan türk qardaşlarımızdan Allah razı olsun!

Mən inanıram ki, üçrəngli bayrağımız Azərbaycanın hər bir guşəsində qürurla dalğalanacaq, necə ki artıq bir sıra azad olunmuş torpaqlarımızda dalğalanır.Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və hər zaman da belə qalacaq!

 Yeni şanlı tarixin isə qəhrəman obrazları olan ali baş komandanımız, ordu generallarımız,hərbi vəzifəli şəxslər, əsgərlərimiz, şəhadət şərbətini içən şəhidlərimiz  heç bir zaman unudulmayacaq.Vətən torpaqları müqəddəsdir.Bu müqəddəsliyi isə əbədi qoruyub saxlamaq biz azərbaycanlıların mənəvi borcudur. Bu müqəddəs amal üçün canından keçən şəhidlərimizin ruhlarının pərvazlanıb Qarabağda şadlanacağı günə inanıram.Allah şəhildik zirvəsinə ucalan qeyrətli qardaşlarımıza, oğullara rəhmət eləsin! Şəhidi olmayan torpaq qoruna bilməz! Şəhidi olmayan torpaq müqəddəs ola bilməz! Şəhid qanının torpaqla qovuşmasıdır onu müqəddəs edən! Allah bütün şəhid analarımıza imanlı səbr versin və qürurlu, məğrur dayansınlar ki,oğulları qeyrət simvoludur. Şəhidlərimiz ölümü ilə əbədi ölümsüzlüyü qazanırlar və bu gün Azərbaycan xalqı onların qarşısında baş əyir. İnanıram ki,Azərbaycanımızın bütövlüyünə nail olacayıq və bununla da illərin acısı unudalacaq.  Gələcək nəsillər bu tarixi, mənəvi hadisələri oxuyacaq və azərbaycanlı olduqları üçün bir daha qürurlanacaqlar.

Rəbbim bu müqəddəs haqq yolunda Ordumuza, əsgərlərimizə güc versin, zalım düşməni isə zəlil-rüsvay eyləsin İnşallah.

Rəbbim əsgərlərimizi, igid aslanlarımızı qorusun!

Rəbbim Azərbaycanımızı qorusun!

Qarabağ Azərbaycandır!

Daha çox xəbərlər