Vətənin qalib əsgəri
Qazi Elnur Əkbərovun Vətən eşqi, döyüş əzmi hər bir gəncə örnəkdir
Mən azərbaycanlıyam!.. Bu söz necə də qürurlu səslənir. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı olan xalqı, qəhrəman oğulları var. Onu yağılardan qoruyan güclü ordusu var. Beləliklə, 30 ildən bəri gözlədiyimiz Qələbə artıq bizimlədir. Azərbaycan xalqı xeyli vaxtdır ki, ordumuzun sıralanan qələbələrini bayram etməkdədir.
Müstəqilliyi qoruyub saxlamaq, ərazi bütövlüyünü təmin etmək üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altında olur. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz möhkəm maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Burada ən yeni raketlər, güclü silahlar, toplar, döyüş maşınları ilə yanaşı, qorxmaz, mərd, cəsur əsgərlərin olması da vacib faktordur.
Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyi, Vətən sevgisidir! Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: “Qılınc həmin qılıncdır, qol o qol deyil.” Bəli, silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanın əsgərləri silahlarını döyüş meydanında qoyub qaçırdılar, Azərbaycan əsgərləri isə son damla qanına qədər döyüşü davam etdirirdilər.
“Öncə Vətəndir!” deyən, torpaqlarımızın işğalçılardan azad edilməsində qətiyyətlə iştirak edən qəhrəmən oğullarımızdan biri də Elnur Əkbərovdur. 27 yaşlı Elnur Azərbaycan Ordusunun 44 gün ərzində zəfərlə bitirdiyi İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Elnur Əkbərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 5-ci kurs tələbəsidir. 2019-cu ilin mart ayından SOCAR-ın Təhlükəsizlik İdarəsinin 31 saylı komandasında atıcı vəzifəsində çalışır. Elnur Əkbərov müharibə başlayan kimi orduya çağırılıb. Qısa təlimlərdən sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etməyə başlayıb. Elnur Əkbərov oktyabrın 3-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, sol qolunu itirib, ayaqlarından xəsarət alıb. Hələ də müalicəsi davam edir. Elnur Füzulinin alınmasında şücaət göstərib, qəhrəmanlıqla vuruşub. Əkbərovlar ailəsi və qohum-əqrəba onunla fəxr edir.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmək Elnur Əkbərovun çoxdankı arzusu olub. Onun hər kəlməsində Vətənə sevgi və qələbədən doğan qürur var. Elnur Əkbərov kimi oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. O, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməyi özünə şərəfli vəzifə hesab edir. Dözümlülük, möhkəmlik, mərdlik kimi əsl kişiyə xas olan bütün xüsusiyyətlər Elnurda var. Onunla söhbətim zamanı bir daha əmin oluram ki, müasir gənclərimiz hərbi xidmət keçməyin vacibliyini dərk edirlər. Vətən qarşısında borcun öhdəsindən uğurla gəlirlər. Döyüş tapşırıqlarına məsuliyyətlə yanaşır, nümunəvi xidmət etməyə çalışırlar.
Bu gün xalqımız Elnur Əkbərov kimi igid oğullarla fəxr edir. Kiçikdən-böyüyə hər kəs belə qəhrəmanlara xüsusi rəğbət və sevgi bəsləyir. Elnur Əkbərov da müharibədə canla-başla vuruşan digər zabitlərimiz kimi yüksək sayğıya layiqdir. Onun məğrurluğu, qürurlu baxışları hər kəsdə xoş təəssürat yaradır. Var olsun belə igid oğullarımız. Yaşasın Azərbaycan əsgəri!
Cavid Əkbərov, “İki sahil”

