Müharibədən sonra Ordumuz daha da güclənəcək
Şair Ramaldanov: “Bu döyüş həm də onu göstərdi ki, müqaviləli ordusu olan ölkə daha üstündür”
Ermənistan təslimiyyət razılaşmasına imza atsa da, aydındır ki, açıq düşmənçilikdən əl çəkməyəcək. Ağır məğlubiyyətdən sonra düşmənə bir neçə il lazım gəlsə də, ordusunu modernləşdirməyə çalışacaq. Ermənistan mətbuatında Çinin istehsalı olan pilotsuz uçan aparatların (PUA) qiyməti, texniki göstəriciləri əks olunan məqalələr yayılır, belə aparatların qiymətinin 1 milyon dollar olması haqda məlumatlar verilir. Belə aparatların Çindən alışı üçün çağırışlar səsləndirilir.
Yeri gəlmişkən, onsuz da isterika içərisində olan Ermənistanı noyabrın 12-də bir tərəfdən də İrəvan səmasının “Bayraktar” PUA-ları tərəfindən nəzarətə götürüldüyünə dair xəbər təşvişə salıb.
“AzPolitika.info” xəbər verir ki, tanınmış erməni politoloq Edqar Elbakyanın Ermənistan mətbuatında və sosial şəbəkələrdə yayımlanan açıqlaması əhali arasında böyük ajiotaja və panikaya səbəb olub. Politoloq deyib ki, artıq bütün dünyada məşhurlaşan Türkiyənin “Bayraktar” PUA-ları İrəvan səmasında görünüb: “Deyirəm ki, biləsiniz – İrəvan səmasında ”Bayraktar” uçurdu. Bunu xüsusi olaraq, “biz özümüz Ermənistanı xilas etdik” tezisini sevənlərə çatdırın. Sırada beynəlxalq birlik tərəfindən Azərbaycanın anklavı kimi tanınan Sofulu, Bərxudarlı və Əskiparana aparan yolun keçdiyi Tiqranaşen (Kərki-red.) gəlir. Deməyin ki, xəbərdarlıq etmədim. Qoşunların Qarabağdan çıxarılmasından sonra sıra onlara çatacaq. “Göründüyü kimi, burada söhbət Qazax rayonunun işğaldan azad edilməli olan ərazisindən gedir.

Ermənilər E.Elbakyanın “Bayraktar” xəbərdarlığından necə təşvişə düşüblərsə, artıq hamımızın yaxşı tanıdığı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bununla bağlı açıqlama verməli olub. O, bu şayiələri yayanların cəzalandırılması üçün təhlükəsizlik orqanlarına müraciət etdiklərini deyib. Ş.Stepanyan bildirib ki, Ermənistan səması Rusiya və erməni havadan müdafiə qüvvələri tərəfindən qorunur. Ancaq müharibə dövründə bu xanımın və ümumiyyətlə, Ermənistan hərbi rəhbərliyinin yalanlarının ifşa olunduğunu görən ermənilər Stepanyanın bu cavabına da şübhə ilə yanaşırlar.
Qayıdaq yenidən o mətləbə ki, Azərbaycan müharibədən sonra hansı addımları atmalı və düşmənin hazırlıqlarını nə şəkildə önləməlidir?

Şair Ramaldanov
3-cü ordu korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a deyib ki, Azərbaycan ordunu və arsenalı hər ötən il daha da möhkəmləndirir: “Baxın, həmin modernləşmə və arsenalın vəhdəti, Azərbaycan Ordusunun döyüş əzmi 44 gün ərzində düşmənin qüvvələrini darmadağın etdi. Müharibənin davamı düşmən üçün çox acınacaqlı olacaqdı. Ümumiyyətlə, ordularını itirəcəkdilər. Erməniləri elə günə qoymuşuq ki, bundan sonra çətin özlərinə gəlsinlər. Onlar dron alıb, dron verəcəklər, ancaq bildiyiniz kimi, o dronu biz özümüz istehsal edirik. Bu istiqamətdə xeyli irəliləyişimiz var. Bu müharibədə də silahlarımızın qüdrətini göstərdik. Ermənilər çox çağırış, populist çıxışlar edə bilər. Bu onlara xas olan xüsusiyyətdir. Azərbaycan Ordusu qələbə çalıb, bütün torpaqlar boşalandan sonra düşünürəm ki, döyüşlərlə bağlı geniş tədqiqatlar aparılacaq”.
Hərbi ekspert deyir ki, döyüş meydanında atılan hər bir addım incələnəcək, Azərbaycan Ordusu yenə öz inkişafı, itkilərin bərpası ilə məşğul olacaq: “Ordunun inkişafı davam edəcək. Ordumuz döyüş meydanında qalibiyyət qazanan bir ordudur. Azərbaycan hər cəhətdən üstündür, ordusu da erməni ordusundan üstündür. Nə qədər ki, dövlətimiz onların dövlətini üstələyir, o qədər də ordumuz onların ordusunu üstələyir və bundan sonra da üstələyəcək. Ona görə də ordunun inkişafı üçün müəyyən bir göstəricilər var. Dövlətin gücü, nüfuzu, maliyyə imkanları və sair. Onların xeyli texnikasını da ələ keçirdik. Ordumuzu geniş perspektivlər gözləyir. Artıq əsgərdən sərkərdəyə kimi hamı döyüş təcrübəli heyətdir. Bu, hər bir ordunun inkişafı üçün vacib amildir. Yenə də müasir texnikamız olacaq, ən əsası isə artıq o texnika döyüş görmüş, təcrübəli hərbi heyətin əlində olacaq”.
Hərbi ekspert Azərbaycan Ordusunun perspektivdə müqaviləli orduya çevriləcəyini deyib: “Azərbaycan Ordusunun gələcəyi müqaviləli ordudur. Bu döyüş həm də onu göstərdi ki, müqaviləli ordusu olan ölkə daha üstündür, nəinki digər formada olan ordular. Burada peşəkarlıq məsələsi var. Xüsusi təyinatlılar artıq qəhrəmanlıq salnaməsi yazıb, illər sonra da onların qəhrəmanlığına, peşəkarlığına qiymət verəcək tədqiqatlar ortaya çıxacaq. Bu da onu göstərir ki, bu peşəkar ordudur, 10 müddətli əsgər saxlamaqdansa, bir peşəkar hərbçi saxlamaq daha məqsədəuyğundur”.
Hərbi ekspert Azərbaycan Ordusunun hər ötən il daha da qüdrətlənəcəyini qeyd edərək narahatlığa əsas olmadığını vurğulayıb: “Azərbaycan Ordusu bizi qələbəyə çatdırdı, həmin Ordu hər zaman ərazi bütövlüyümüzü qorumaq əzmindədir. Buna kimsənin şübhəsi olmasın”.
“Yeni Müsavat”

