Böyük qayıdış: Açar, saat, şəkil, torpaq… – FOTOREPORTAJ
Qarabağın işğalından sonra doğma yurdundan didərgin düşmüş vətəndaşlarımız Qələbə gününü 30 ildir ki, səbirsizliklə gözləyirdilər.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə müjdəsini verdikdən sonra məcburi köçkünlər öz evlərinə qayıtmaq üçün hazırlıq işlərinə başlayıblar.
Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı ən yaxın zamanda evlərinə və doğma torpaqlarına geri dönəcək vətəndaşlarımız haqqında layihə fotoreportaj hazırlayıb.
Onlar evlərinin açarlarını və çıxarışlarını, saatlarını, şəkillərini, doğmalarının məzarından götürdükləri torpaqları 30 ilə yaxındır ki saxlayırlar.
Həmin layihədən bir neçə hekayəni təqdim edirik:
Səfquliyeva Bəsti Nəbi qızı – 78 yaş. Laçın rayonu, Qarakeşiş kəndi. Öz kəndlərindəki evlərinin açarını 28 ildir ki, saxlayır.
Hacıyeva Gözəl Eldar qızı – 57 yaş. Füzuli rayonu, Füzuli şəhəri. 27 ildir ki, evlərinin açarını saxlayır.
Hümbətova Vəzifə Musa qızı – 80 yaş. Cəbrayıl rayonu, Horovlu kəndi. Qaçqın düşərkən sadəcə oğlu Şükranın əsgərlik albomunu özü ilə götürüb və 27 ildir ki, saxlayır.
Məmmədova Kəmalə Səttar qızı – 43 yaş. Cəbrayıl rayonu, Horovlu kəndi. Nənəsinin toxuduğu 100 yaşlı kilimi hələ də saxlayır.
Qarayeva Mahilə Bəhrəm qızı – 61 yaş. Ağdam rayonu, İsmayılbəyli kəndi. Kənddəki evinin açarını qaçqın düşərkən özü ilə götürüb. Kəndlərinin azad ediləcəyi günü səbirsizliklə gözləyirdi və indi evlərinə qayıtmağı səbirsizliklə gözləyir.
Mehdiyeva Güləndam Sabir qızı. Cəbrayıl rayonu, Mərzə kəndi. Anası Eyvazova Solmaz 1992-ci ildə bu xalçanı toxuyub. Qaçqın düşərkən təkcə həmin xalçanı götürə bilib. Xalçanı almaq istəsələr də ailə bu dəyərli əşyanı satmayıb.
Məhərrəmova Məlahət Əkrəm qızı – 65 yaş. Cəbrayıl rayonu, Quycaq kəndi. Həyat yoldaşı Arif Qarabağ müharibəsində 1992-ci ilin iyulun 2-də şəhid olub. Cəbrayıldan çıxmamışdan öncə həyat yoldaşının məzarından bir ovuc torpaq götürüb və bu şəkildəki parçanın içində 27 ildir ki, saxlayır. Yaxın zamanda geri dönərək torpağı yenidən həyat yoldaşının məzarına tökəcəyini deyir. Torpaqdan əlavə o, həyat yoldaşının qana bulaşmış saatını da saxlayıb.
Salmanova Siyatel Nəbi qızı – 78 yaş. Cəbrayıl rayonu, Nusuz kəndi. 1963-cü ildə hazırlanan araxçını hələ də saxlayır. Qaçqın düşərkən çox az əşya götürə bilib. Bu araxçın da onlardan biridir.
Həsənova Gültac Bəhrəm qızı – 50 yaş. Cəbrayıl rayonu. Evlərinin sənədini hələ də saxlayır və evlərinə geri dönəcəyi günü gözləyir.
Qarayeva Məhluqə Firudun qızı – 79 yaş. Cəbrayıl rayonu, Çapand kəndi. Qaçqın düşərkən oğlunun əsgərlik albomunu özü ilə götürə bilib və hələ də saxlayır.
Əsədova Sevinc Arif qızı – 57 yaş. Qubadlı rayonu, Qubadlı şəhəri. Qaçqın düşərkən evin sənədlərini götürüb və 27 ildir ki, saxlayır. Bəzən internetdə google maps-lə Qubadlıya baxdığını və binalarının demək olar ki, tam dağıdıldığını deyir. Doğma yurdun qayıdacağı günü səbirsizliklə gözləyir.

