Kəlbəcər niyə hər zaman düşmənin hədəfində olub? – VİDEO
Kəlbəcər öz təbii ehtiyatlarına görə yaxın dövrdə ölkəmizin ən inkişaf etmiş rayonlarından birinə çevriləcək. Düzdür, başda qızıl olmaqla rayonun əksər faydalı qazıntı yataqları ermənilər tərəfindən istismar edilib. Amma müasir texnologiyalar imkan verir ki, gələcəkdə də həmin faydalı qazıntı yataqlarından səmərəli istifadə edilsin. Rayonun relyefi və iqlim şəraiti yay və qış turizminin inkişafı üçün olduqca əlverişlidir.
Faydalı təbii ehtiyatları ilə zəngin olan Kəlbəcər ən yaxın zamanda Azərbaycanın sənaye, turizm, kənd təsərrüfatı və digər sahələr üzrə ən inkişaf etmiş rayonlarından biri olacaq. Mövcud iqtisadi potensial Kəlbəcəri hər cəhətdən inkişaf etdirmək üçün kifayət edir
Rayon yeraltı və yerüstü təbii sərvətlərlə olduqca zəngindir. Belə ki, Kəlbəcərdə sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü, eləcə də ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları var. Millət vəkili Vüqar Bayramov deyir ki, işğalda olduğu müddətdə yataqlar ermənilər tərəfindən istismar edilib. Onun sözlərinə görə sovet dövründə aparılan kəşfiyyat işlərinin nəticələrinə və mövud müasir texnologiyaların imkanlarına əsasən söyləmək olar ki, həmin yataqlardan bundan sonra da istifadə etmək mümkün ola bilər.
Bundan əlavə rayonda ehtiyatları 850 ton olan – Ağyataq, Levçay, Şorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı və digər faydalı qazıntı yataqları mövcuddur. Həmin yataqlar da ermənilər tərəfindən barbarcasına istismar edilib.
Kəlbəcərin əsas investisiya imknalarından biri də mineral su ehtiyatları ilə bağlıdır.Bununla bərabər rayonun iqlim şəraiti imkan verir ki, qış və yay turizmi daha da inkişaf etdirilsin.
Qeyd etmək lazımdır ki, maldarlıq və əkinçilik uzun dövr ərzində əhalinin əsas məşğuliyyət sahəsi olub. Ekspertlərin proqnozuna görə həyata keçiriləcək aqrar proqramlar hesabına Kəlbəcərdə heyvandarlıq yenə də prioritet sahələrdən birinə çevriləcək.(xezerxeber)

