Siyasət 

Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşıladı

16 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər ediblər.

Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən cənab Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır. Qələbədən sonra bölgələrə ilk səfərini edən cənab Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan cənab İlham Əliyev  xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.

Prezident cənab İlham Əliyevin seçimi bütün dövrlərdə və yaşanan hadisələrdə daima xalqın yanında olmaqdan ibarət olub. Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib və öz qələbə sevincini xalqla bölüşüb.

Azərbaycan xalqının orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən cənab Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir. Prezidentin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.

Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.

Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi .Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir.

Yaşasın müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! Biz Sizinlə güclüyük, möhtərəm Prezidentimiz!”

Rahim Muradov,
YAP Naftalan şəhər təşkilatının məsləhətçisi

Daha çox xəbərlər