Gəncədə binada partlayış: ölən var – FOTO + YENİLƏNİB
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.
ARANTV.AZ Report-a istinadən xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılıb.
Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.
08:54
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yaşayış binalarından birində baş vermiş partlayışla bağlı məlumat yayıb.
ARANTV.AZ xəbər verir ki, bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
İlkin məlumata görə, üç girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.
Əlavə məlumat veriləcək.
08:32
Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında partlayış olub.
ARANTV.AZ-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.
Nəticədə üçüncü blokun bir hissəsi çöküb.
İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.
Faktla bağlı araşdırma aparılır.

