Ermənistanın məşhur mineral suyuna Rusiyada qadağa – 340 min şüşə dövriyyədən çıxarıldı
Rusiyada Ermənistan istehsalı olan “Cermuk” mineral suyunun idxalı və dövriyyəsi müvəqqəti olaraq dayandırılıb. Qərar istehlakçıların sağlamlığı üçün mümkün risklərlə əsaslandırılıb.
Musavat.com xəbər verir ki, Rusiya Federal İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Xidməti – Rospotrebnadzor – tərəfindən verilən məlumata görə, ölkə üzrə dövriyyədə təxminən 340 min şüşə “Cermuk” mineral suyu aşkar edilib və həmin məhsulların satış şəbəkələrinə çıxışı bloklanıb.
Qurumun açıqlamasında qeyd olunur ki, qərar aparılan yoxlamalar nəticəsində məhsulun istehlak üçün potensial risk daşıması ehtimalı ilə bağlıdır. Bu, “Cermuk” suyunun Rusiyada ilk dəfə qadağan olunması deyil. 2024-cü ildə də “Çestnıy znak” sistemi çərçivəsində məhsulun satışı müvəqqəti dayandırılmışdı. Həmin vaxt qərar Vladiqafqaz şəhərində baş verən ölüm hadisəsi ilə əlaqələndirilmişdi. İddialara görə, bir şüşədə mineral su əvəzinə sirkə turşusu aşkar olunmuşdu. Hadisə ilə bağlı cinayət işi başlanmışdı, lakin ilkin mərhələdə təqsirkarların müəyyən edilməsi mümkün olmamışdı. İndi isə Rusiya İstintaq Komitəsi (SK) işi yenidən açıb və bildirilib ki, araşdırmada yeni hallar üzə çıxıb.
Qeyd edək ki, Jermuk son illərdə Rusiyada həm satış həcmi, həm də təhlükəsizlik müzakirələri baxımından diqqət mərkəzində olan brendlərdən biri kimi qalır.
E.Məmmədəliyev,
Musavat.com

