Beyləqanda iki ay öncə yanan ev bərpa olunaraq sahibinə təhvil verilib
Əlinəzərli kənd sakinləri bu nümunəvi addımla yüksək milli keyfiyyətlərimizə bir daha sadiq olduqlarını göstəriblər.
ARANTV.AZ bildirir ki, xəbər verdiyimiz kimi sentyabrın 20 –də evi yanan Beyləqan rayonunun Əlinəzərli kənd sakini Suliddin Adıgözəlova bu gün həmkəndliləri xoşbəxt anlar yaşadıblar. Belə ki, yanğından sonra dərhal hamılıqla xeyirxah adamlar qəzanın aradan qaldırılması üçün səfərbər olublar. Zaur Quliyev, Mehman Əliyev birinci olaraq ailəyə yardım əli uzadıblar. Qısa vaxt ərzində icmadakı həmrəylik öz bəhrəsini verib. Toplanan ianələr hesabına tikinti materialları alınaraq təmir-bərpa işlərinə başlanılıb. Ustalar əl haqqı almadan işləyərək inşaat işlərinin aparılmasına töhfələrini əsirgəməyiblər.
Evin yanğından əvvəl və sonrakı görünüşündə də fərqlilik müşahidə olunub. Kənd camaatı həvəslə çalışaraq evi əvvəlkindən də gözəl görünüşdə işləyiblər. Hətta bir neçə daş hündürlüyündə evin divarını qaldırıblar. Əvvəllər evin damı şifer tikinti materialı ilə örtülmüşdüsə, indi bunu müasir tikinti materialı çerepitsa ilə əvəz ediblər. Evin mətbəx, hamamında isti-soyuq suyun olması üçün suqızdırıcı elektrik avadanlığı quraşdırılmışdır.Xeyli sayda qohum-əqrabadan yataq əşyaları , yorğan-döşək olmaqla pay gətirənlərdə olub. Xülasə Əlinəzərlilər atdıqları nümunəvi addım kimi, gördükləri işlərdə nümunəvidir. Göründüyü kimi burada əlinəzərlilər sözün həqiqi mənasında ürəkdən çalışıblar.
Noyabrın 13-də isə İşin başlanğıcında deyildiyi kimi şadyanalıq təşkil olunmaqla əziyyəti keçənlərin bir qrupunun iştirakı ilə Suliddinin ailəsi yenidən isti ocağının başına yığılıb. Dövlət Sığorta Şirkətinin nümayəndələri dəvət olunaraq gələcəkdə baş verə biləcək bədbəxt hadisəyə görə evin sığortalanması həyata keçirilib.





