Siyasət 

Türkiyənin İğdır şəhərində və Koreya Respublikasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbirlər keçirilib

ARANTV.AZ xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə İğdırda İstanbul Türkiyə-Azərbaycan Dərnəyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən birgə təşkil edilən tədbirdə hər iki ölkənin şəhidlərinin xatirəsi ehtiramla yad edildi, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi. Sonra çıxış edən İğdır valisi Ənvər Ünlü, Türkiyə Parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Şamil Ayrım, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu və digər çıxış edənlər Xalq Cümhuriyyətinin yaradılmasını tariximizin ən parlaq səhifələrindən biri kimi qiymətləndirdilər. Tədbir zəngin və maraqlı mədəni proqramla davam etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Koreya Respublikasında da tədbir keçirildi. Ölkəmizin Koreya Respublikasındakı səfirliyi və Koreya Parlamentinin Azərbaycan üzrə Dostluq Qrupunun birgə təşkil etdiyi tədbirdə səfir Rəmzi Teymurov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, üzləşdiyi çətinliklər, mövcud olduğu qısa müddətdə müxtəlif sahələrdə qazandığı tarixi nailiyyətlərdən danışdı. Koreya-Azərbaycan Dostluq Qrupunun rəhbəri LiMyonq Su və Koreya Parlamentinin üzvü NaKyunVa isə Azərbaycan-Koreya əlaqələrinin inkişaf perspektivlərindən söz açdılar. Koreyanın Azərbaycandakı ilk Səfiri olan LiKvanq Çul və Hankuk Universitetinin Türk-Azərbaycan tədqiqatları fakültəsinin dekanı Oh Çonq Cin təqdimatla çıxış etdilər. Sonra Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olundu, fotosərgi təşkil edildi.

Daha çox xəbərlər