Sosial 

Səngərdə sürünərək yaralılara yardım edən həkim DANIŞDI – FOTO

“Canavar”ləqəbli hərbi həkim, II Qarabağ müharibəsinin fəal iştirakçısı Cəmşid Qiyaslı cəhbə bölgəsində yaşadığı ən unudulmaz xatirəsini sosial şəbəkədə bölüşüb:

“Bir gün Füzuli istiqamətində gedən döyüşlərdə bizim qrup çətin vəziyyətə düşdü, mən də qrupun tərkibindəydim. 8 saat olduğumuz yerdə qaldıq, yaralılarımız var idi, çox şiddətli döyüş gedirdi. Döyüşçülərimizin o andakı dəliqanlılığını inanın ki, heç bir sözlə ifadə etmək olmur.

Həm döyüşür, həm də öz həkimlərini qoruyurdular. Əslində çətin vəziyyətdən tez də çıxa bilərdik. Amma qrup komandiri Rəşadın o cümləsi heç vaxt yadımdan çıxmaz:

“Ya yaralılarımızı, şəhidlərimizi buradan çıxaracağıq, ya da hamımız şəhid olacağıq”.

Səngərdə sürünərək yaralılarımıza əlimdən gələn bütün tibbi yardımı elədim. Elə bil Allah həmin anda məxsusi sehr, soyuqqanlılıq mənə verdi. Qruplarımız həmin gün möhtəşəm taktikayla düşdüyümüz vəziyyətdən çıxdı. Ondan sora döyüşçülərimiz mənə canavar ləqəbi verdilər. Döyüş başlayan gündən, bitən günə qədər əllərim dəyən yaralılarımız şükürlər olsun, indi sağ-salamatdırlar. Bu, mənə ən böyük mükafatdır.

Mən şəhid həkimlərimizin – Şöhrət Qasımov, Turqut Xəlilbəyli, Nurlan Fərəməzov, gənc həkimimiz Mirlətif kimi qorxmadan, tərəddüd etmədən döyüşçülərimizə döyüş meydanında, mərmi yağışının altında canı bahasına can verən canavar həkimlərimizin adını, şanını uca eləməyə, onlara layiq olmağa çalışdım. Heyif ki, onlar kimi ola bilmədim.

Allah bütün şəhid ailələrinə səbr, can sağlığı versin. Fəxr eləsinlər ki, övladları, qardaşları, yoldaşları tarix yazdı”.

Səngərdə sürünərək yaralılara yardım edən həkim DANIŞDI - FOTO

Daha çox xəbərlər