Şirvanda narkomaniya ilə mübarizə tədbirləri davam edir
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir.
Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində normativ hüquqi baza təkmilləşdirilmiş, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əməli işlər görülmüş, narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra qanun və Dövlət Proqramları qəbul edilmiş və uğurla həyata keçirilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində şəhərin hüquq mühafizə orqanları, şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxs, şəhərin digər aidiyyəti idarə, müəssisə və təşkilatları tərəfindən müəyyən işlər görülmüşdür.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının vəziyyəti hər il Şirvan şəhər İcra Hakimiyyəti başçısı yanında Şura iclaslarında müzakirə olunur, şəhər Komissiyasının, şəhər Polis şöbəsinin və digər aidiyyəti orqan rəhbərlərinin mübarizə-profilaktika tədbirləri barədə hesabatlarının dinlənilməsi təmin edilir, Şura iclasının qərarından irəli gələn zəruri məsələlərin icrası ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilir.
Şirvan Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya” tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, bu sahədə müşahidə olunan ümumi tendensiyalar, narahatlıq doğuran məqamlar, dövlət orqanlarının gündəlik fəaliyyətində meydana çıxan problemlərin xarakteri (təşkilati, nəzəri, praktik və s.), onların aradan qaldırılması və müvafiq orqanın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə görülən və təklif olunan tədbirlər, xarici dövlətlərdə tətbiq olunan qabaqcıl üsullar, və narkomanlığa qarşı mübarizə ilə əlaqədar digər məsələlər üzrə müzakirələr aparılmışdır.
Narkomanlığın yaşadığımız cəmiyyətə ziyanı bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, narkomanların müalicə və bərpasının təşkili,sağlam mühitə qaytarılması və digər aktual problemlərlə bağlı konfranslar, müşavirələr keçirilmiş, kollec, lisey və orta ixtisas təhsil müəssisələrində mühazirələr oxunmuş, bu məsələlərə kütləvi informasiya vasitələrində geniş yer verilmişdir.
Narkotik xassəli bitkilərin qanunsuz əkini və yabanı bitmiş sahələrinin aşkar və məhv edilməsi istiqamətində mütəmadi qabaqlayıcı tədbirlərin keçirilməsi nəzarətdə saxlanılır.
Şəhərin hüquq mühafizə orqanları “Xaş-Xaş 2020” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində bir sıra uğurlu nəticələr əldə etmişlər.
Dövlət əhəmiyyətli tədbirlərin keçirilməsində polis orqanlarına mütəxəssis, ictimaiyyətin nümayəndələrinin iştirakı, nəqliyyat, texniki vasitələrlə və.s lazımi köməklik göstərilmiş və aidiyyəti olan təşkilatların qarşılıqlı fəaliyyəti təmin edilmişdir.
Şəhər İcra Hakimiyyətində “Etimad” telefon əlaqə mərkəzi yaradılmış, vətəndaşları hərtərəfli məlumatlandırmaq məqsədi ilə idarə,müəssisə, təşkilatlarda, qəsəbə icra nümayəndəliklərində, o cümlədən yaşayış massivlərində geniş təbliğat və izahat işləri aparılmışdır.
Təhsil, Gənclər və İdman İdarəsi yeniyetmə və gənclərə narkomanlığın törətdiyi ağır fəsadlar barədə təhsil müəssisələrində elmi-praktiki konfranslar təşkil etmiş, tədris proqramına narkotik vasitələrin ziyanı barədə biliklərin aşılanması istiqamətində yeni mövzular daxil edərək bəzi metodiki tövsiyələr hazırlayaraq, tədris müəssisələrinə paylamışdır. Bununla yanaşı şəhərin ümumtəhsil orta məktəblərində “Zərərli vərdişlərə yox deyək” devizi altında mədəni aksiyalar, rəsm, inşa yazı müsabiqələri təşkil edərək müsabiqənin fəallarına “ Fəxri” diplomlar verilmişdir.
Son illər ərzində ölkə başçısı cənab İlham Əliyevin yeniyetmə və gənclərə xüsusi diqqəti nəticəsində şəhərimizdə müasir standartlara cavab verən idman kompleksləri inşa edilərək, onların istifadəsinə vermişdir. Yaradılmış şərait gənclərin asudə vaxtlarının səmərəli keçirilməsində və sağlam mühitdə formalaşmasında önəmli rol oynayır.
Şəhərin ümumtəhsil məktəblərində “Narkomaniya əsrin bəlasıdır” , “Narkotiksiz gələcək”, “Sabahkı gələcəyimizi narkotik vasitələrdən qoruyaq”, “Hamılıqla narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki konfranslar, dəyirmi masalar və disputlar keçirilmişdir.
Şəhər Gənclər və İdman İdarəsi Təhsil şöbəsi ilə birlikdə məktəblilər arasında “Narkomaniyaya yox deyək!” devizi altında rəsm müsabiqəsi, ”Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi dövründə müəyyən edilmiş qaydalara uyğun olaraq 18-25 iyun 2020-ci il tarixlərdə “26 iyun – “Ümumdünya Narkotiklərlə Mübarizə Günü” ilə əlaqədar orta ümumtəhsil məktəbləri arasında “Narkotiklərə yox deyək” mövzusunda onlayn videoçarx müsabiqəsi keçirilmiş, müsabiqə iştirakçıları olan şagirdlər tərəfindən narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən videoçarxlar hazırlanmışdır.Videoçarxlar Şirvan şəhər Gənclər və İdman idarəsinin “Facebook” sosial şəbəkəsində paylaşılmış, narkomaniyanın cəmiyyətdəki mənfi rolu, törətdiyi fəsadlar barədə ictimaiyyət məlumatlandırılmışdır.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında qarşılıqlı, işgüzar əlaqələr və məlumat mübadiləsi keyfiyyət baxımından gücləndirilmiş, narkomanlığın profilaktikası və qarşısının alınmasında qeyri-hökumət qurumlarının yeri və rolu xeyli möhkəmləndirilmiş, fəaliyyətlərinin genişləndirilməsi istiqamətində irəliləyiş əldə olunmuşdur.
İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası tərəfindən şəhərin hüquq mühafizə orqanları, gənclər və idman, təhsil müəssisərlərinin və ictimaiyyətin gücündən səmərəli istifadə etməklə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsi ilə əlaqədar tədbirlər davam etdirilir.
Məharət Mustafayev,
İcra Hakimiyyəti başçısının müavini

