Şəhidə ŞEİR QOŞDU: Şəhadətin Mübarək – FOTO
Azərbaycanlı şair Namiq Xınalıqlı Qarabağ savaşında şəhid olan Xınalığın şücaətli oğlu Əli Bəxtiyar oğluna şeir ithaf edib.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə sosaial şəbəkələrdə məlumat paylaşılıb. Şeri olduğu kimi təqdim edirik:
Bilirəm kimlərdən almışdınsa sən
Tükənməz cəsarət, rəşadət, Əli!
Min-min ürəklərdə yaşamaqdır bil
Dünyada ən böyük səadət, Əli!
Adın da özüntək qüsursuz, təmiz
Bu adın kimliyin tanıyırıq biz!
Döyüşdə səngərə söykədiyin diz
Sayıldı ilahi ibadət, Əli!
Gələndə üz-üzə mənfur düşmənlə
Vurdu Xınalığın ürəyi sənlə!
Düşmənə çəkdiyin hər cəsur həmlə
Oldu əsər, oldu hekayət, Əli!
Qardaş, az çəkməyib dünyadan başım
Bəxtiyara baxdıqca çatılır qaşım!
Ey, dünyadan vaxtsız gedən qardaşım
Mübarək olsun bu şəhadət, Əli!