Erməni uşağını XİLAS edən əsgərimiz DANIŞDI
Könüllü döyüşçü Məmmədzadə Orxan Təbriz oğlu körpə erməni uşağını xilas edib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Sonxeber.az-a əsgər özü məlumat verib:
“Füzulinin kəndlərinin birinə basqın edirdik. Düşmənlərlə döyüşdən sonra kənarda ferma kimi bir yer gördük. Bu, bizim diqqətimizi çəkdi. Fermaya girməyə qərar verdik. Çox ehtiyatla hərəkət edirdik ki, hər an bizə tələ qurmuş ola bilərlər. Birdən uşaq ağlamasını eşitdik. Otağa girəndə gördüm ki, çarpayının üstündə balaca bir körpə var. Haradasa 7 aylıq olardı. Belinə ip bağlayıb bir az irəli çəkdim ki, görüm uşağın altında hər hansı partlayıcı quraşdırılmayıb? Şükürlər olsun ki, heç nə yox idi. Uşağı qucağıma aldım. Çörəyi suya batırıb dodağına sürtdüm ki, mədəsinə bir şey getsin. Uşaq ağlamaqdan göyərmişdi. Sakitləşdirdim.
Sonra qərar verdim ki, onu buradan aparmaq lazımdır, yoxsa öləcək. Uşağı bükdüm və silahımı yoldaşlarıma təslim edib 8 km geri qayıtdım. Yol boyu gah snayper, gah minamyot atırdılar. Yanımda torpaq qalxırdı və başımdan aşağı tökülürdü. Güc-bəla ilə uşağı gətirib çatdırdım. Rəis heyətindən biri çıxdı qarşıma, dedi, “niyə özünü təhlükəyə atıb gətirdin?” Dedim, körpədir. Biz də qocaları, körpələri öldürsək, ermənidən fərqimiz olmaz. Biz torpaq davası edirik. Döyüşə kişi kimi girmişik, kişi kimi də çıxmalıyıq. Uşağı təhvil verdim və gecə yenidən yoldaşlarımın yanına yollandım”.


