Siyasət 

Pezeşkian Naxçıvanla bağlı həqiqəti niyə gizlətdi?

İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Pezeşkian ölkəsinin Naxçıvana dron hücumu həyata keçirmədiyini bildirib və hadisəni “düşmənlərin əməli” kimi qiymətləndirib.

Bununla da İran prezidenti üzr istəmək və məsələni araşdırmaq əvəzinə, təkzib yolunu seçib. Onun iddiasının arxasında isə dron hücumunun guya ABŞ və ya İsrail tərəfindən həyata keçirildiyi ehtimalı durur.
Picture backgroundBəs Pezeşkianın Azərbaycanla birbaşa əlaqə saxlamaması diplomatik baxımdan nə deməkdir?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli Musavat.com-a deyib ki, İranda hazırda faktiki hakimiyyət SEPAH generallarının əlindədir: “Onlar ölkədə bütün qərarları idarə edir, Pezeşkian isə demək olar ki, səlahiyyətlərindən məhrum edilib və bir fiqur kimi onların əlində oynadılır. Lazım olan məlumat və göstərişlər ona dolayısı ilə çatdırılır, o isə onları bilavasitə SEPAH-ın istədiyi siyasəti həyata keçirir. Pezeşkian öz səlahiyyətlərini müstəqil idarə edə bilmir və əslində bütün fəaliyyəti SEPAH-ın tapşırıqlarına uyğun olaraq formalaşır. Pezeşkian isə Putini inandırmağa çalışır ki, İranın Azərbaycanla münasibətləri və gərginliyi nəzarət altında saxlanılır və vəziyyət daha məqbul səviyyəyə gətirilməyə çalışılır”.

Picture backgroundİran-Azərbaycan gərginliyinin nə qədər davam edəcəyi sualına gəldikdə isə politoloq qeyd edib ki, İran rəhbərliyi Azərbaycanın nəhəng hərbi gücünü tam təsəvvür edə bilmir: “Digər tərəfdən, ölkənin içində ciddi etirazlar mövcuddur və bu etirazlar həm hakimiyyəti, həm də SEPAH-ı sarsıdır. Yəni əgər İran Azərbaycana qarşı yeni təxribatçı addımlar atsa, Azərbaycan ordusu dərhal hərəkətə keçəcək. Ölkənin müxtəlif növ hərbi qüvvələri hazır vəziyyətdədir və həmçinin oradakı azərbaycanlılar Azərbaycan ordusu ilə birlikdə rejimə qarşı addımlar ata bilərlər. Nəticədə, hazırkı situasiya İranda təzyiq altında olan hakimiyyət üçün son dərəcə həssas bir mərhələdir. SEPAH-ın dəstəklədiyi strukturlar artıq iç və xarici təzyiqlərlə qarşı-qarşıyadır və ölkədə hər an rejim dəyişikliyi baş verə bilər”.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər