Bakı aeroportunda taksi xidməti tələblərə cavab vermir – VİDEO
Azərbaycan ərazisinə Heydər Əliyev Beynəlxalq Aeroportundan daxil olan yerli və xarici vətəndaşlar hava limanında taksi xidməti ilə bağlı vəziyyətdən narazıdır.
ARANTV.AZ-ın “Report”a istinadən verdiyi məlumatına görə, buna səbəb taksi sürücülərinin təyyarədən yeni düşmüş sərnişinlərin üstünə hücum çəkməsi, onları az qala zorla maşınlarına mindirərək harasa aparmaq istəməsidir.
Üstəlik sürücülər potensial müştəriləri bacardıqca aldatmağa, onlara bazar qiymətindən azı 2 dəfə baha xidmət göstərməyə çalışırlar. Məsələn, aeroportdan şəhərin mərkəzinə getməyin haqqı maksimum 8-10 manat olduğu halda, insanlardan 15-20 manat tələb edilir. Halbuki, həmin yolu “Baku Bus” MMC-nin ekspress avtobusları ilə 1 manata belə getmək mümkündür. Amma taksi sahibləri vətəndaşlara heç avtobus dayanacağına getməyə imkan belə vermək istəmir.
Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev da etiraf edib ki, aeroportda taksi xidmətinin keyfiyyəti qənaətbəxş deyil.
Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Kənan Hacıyev isə bildirib ki, hazırda 2 taksi şirkəti hava limanında xidmət göstərmək hüququna malikdir.
“Həmin şirkətlərə məxsus avtomobillərin aeroportun qarşısındakı zolaqlarda dayanmasına icazə verilib. Bundan başqa, hava limanının terminalları daxilində taksi dayanacaqları yaradılıb. Terminalların çıxışında isə taksilərlə bağlı məlumat lövhələri yerləşdirilib. Həmin lövhələrdə taksi şirkətləri haqqında məlumatlar var. Əsas məqsəd sərnişinlə taksi sürücüsü arasındakı dialoqu tamamilə aradan qaldırmaqdır”, – o bildirib.

