Müharibədə gözlərini itirən qazilərə GÖZ KÖÇÜRÜLƏ BİLƏR?
Məlumdur ki, Vətən müharibəsində gözlərinin nurundan məhrum olan neçə-neçə igidlərimiz var. Bir neçə ölkədə rast gəlinən göz köçürməsinin Azərbaycanda mümkünlüyü gündəmdədir.
Ümumiyyətlə, müharibədə yaralanan qazilərimizin ən çox hansı orqanların transplantasiyasına ehtiyacı var?
ARANTV.AZ xəbər verir ki, bu barədə Sonxeber.az-a Azərbaycan həkimlər İctimai Birliyinin təsisçilərindən biri, dosent Ədalət Rüstəm danışıb:
“Dünyada göz köçürülməsi təcrübəsi var. Mütəxəssislərimiz müəyyənləşdirib mümkünlüyünü araşdıra bilərlər. Transplantasiya haqqında qanun qəbul olunub. Qanunumuz belə əməliyyatları aparmağa imkan verir, amma göz köçürülməsi çox mürəkkəb prosesdir. Dünyada bu barədə elə də böyük təcrübə yoxdur.
Düşünürəm ki, Vətən müharibəsində canından pay verən qazilərimizin ən çox göz transplantasiyasına ehtiyacı var. Hər iki gözünü itirmiş qazilərimizin gözə, ayaqlarını itirmiş qazilərimizin isə mükəmməl elektronik protezlərə ehtiyacı var.
Göz köçürülməsi məsələsi gündəmə gəlib, əsaslandırılmalıdır. Çünki, bu çox çətin prosesdir. Həmçinin bildirim ki, göz və ürək ancaq meyitdən köçürülür.
Vətən müharibəsində yaralanan qazilərimizin digər orqanların (yəni qaraciyər, böyrəklər və s.) transplantasiyasına, güman edirəm ki, hazırda ehtiyacı yoxdur”.

