Sosial 

Daha bir şəhidin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ: “Yemək yemədən…”

Quliyev Rüfan Şəmkirin Keçili kəndinin “Vətən müharibəsi” ndə verdiyi altı şəhiddən biridir.

ARANTV.AZ  Sonxeber.az-a istinadən şəhidin Vətən hekayəsini yaxınlarının dilindən izləyicilərlə bölüşür:

“Rüfan sentyabrın 21-də təlimlərlə çağırılmışdı. Füzulidən Qubadlıya qədər döyüş yolu keçdi. Qubadlı uğrunda gedən döyüşlərdə də qəhrəmancasına şəhid oldu.

Rüfanın həyatı, döyüş yolu, Şəhidliyi də elə bir az qəribədir. 22 yaşlı bir gənc üçün yaşının üzərində həyatı və vətənpərvərliyi var idi. Hələ körpə olan vaxtı atası tərəfindən atılmışdı. Anası ilə birgə babasının yanında yaşayırdılar. Ata qayğısını isə dayı qayğısı əvəz etmişdi.

Uşaqlıqdan zəhmətlə böyümüşdü. Çox zəhmətkeş və olduqca vətənpərvər uşaq idi. Hələ “Tovuz döyüşləri” zamanı Ağdam kəndinə getmişdi. Könüllü olaraq israrla döyüşlərə qatılmaq istəyirdi. Amma digər vətən sevdalıları kimi Rüfanı da qəbul etməmişdilər.

Rüfanın arzusu isə 21 sentyabrda gerçəkləşmişdi. Dayısı deyir ki, komissarlıqdan zəng gələndə, o qədər tələsə-tələsə getdi ki… Avtomobilini küçədə qoydu, yemək belə yemədi. Sevincli halda özünü komissarlığa çatdırdı”.

Əvvəlcə təlimlərdə oldu. Əslində, Rüfanı həmişə təlimlərdə bildilər. Döyüş yoldaşları ilə and içiblər ki, ailələri ilə danışanda, öndə olduqlarını deməsinlər. Rüfan da hər zaman danışanda, gülərək, döyüşdə olmadığını deyirmiş. Əslində isə mərmi yağışı altında o çox sevdiyi torpağını azad edirdi.

Rüfanın 22 yaşı var idi. Qarabağ haqqındakı təsəvvürü sadəcə şəkillər və videolarda idi. Polis olmaq istəyirdi amma 22 yaşında ona Vətən torpağını xilas edə bilmək şansı verildi.

Rüfan evin tək övlad, anasının tək dayağı, tək nişanəsi idi. O, tək nişanə də özünü Vətəninə qurban verdi. Rüfandan geriyə isə sadəcə xatirələri qaldı”.

Daha bir şəhidin ÜRƏKDAĞLAYAN HEKAYƏSİ: "Yemək yemədən..."

Daha çox xəbərlər