Erkən nikah və cəmiyyətin məsuliyyəti.
İnsan cəmiyyəti yarandığı ilk dövrlərdən bugünəcən keçən milyonlarla illər ərzində bir an olsa belə dayanmadan inkişafda olub. Təbiətin kataklizmləri ilə üzləşən insan özünü təhlükədən qorumaq, yaşam tərzini yaxşılaşdırıb ona nəsib olmuş bir insan həyatının daha rahat və sağ canla yaşamaq üçün təbiətin qanunlarını öyrənmək məcburiyyətində qalmışdır. Heç şübhəsiz ki, bugünkü insan özünün ömür payını daha yaxşı yaşamaq üçün nəyin yaxşı, nəyin pis olduğunu nəinki milyon il, hətta 50 il əvvəl yaşamış insandan daha artıq bilməlidir. Cəmiyyət inkişaf etdikcə insan münasibətlərinin, insan hüquqlarının ən yaxşı formada qorunub saxlanması üçün qanunlar düşünülüb, zamanın süzgəcindən keçərək cilalanıb.
Lakin təəssüf ki, cəmiyyətdə hələ də savadsızlıq və cəhalət elementləri ilə üzləşirik. Bunlardan biri də erkən nikahdır.
Nədir erkən nikah? 1962-ci ildə BMT Baş Assambleyasında “Nikah qeydiyyatı, nikah yaşı və nikaha daxil olma razılığı barədə konvensiya” qəbul olunub. Konvensiya ona qoşulan ölkələr qarşısında qanuni olaraq minimal nikah yaşının təyin edilməsi və bu yaşdan əvvəl nikaha icazə verilməməsi barədə şərt qoymuşdur. Bundan əlavə, 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasına görə 18 yaşına çatmayan şəxslər uşaq hesab edilir və onların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Azərbaycan Respublikasında nikah 18 yaş müəyyən olunub. Yalnız vacib və üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.
Erkən nikaha qadağaların ən başlıca səbəblərdən biri azyaşlılarda həyati bilgisinin, dünyagörüşünün və əlbəttə ki, təhsilin az olmasıdır. Təbii ki, 14 -15 yaşında ərə verilən qızın heç orta məktəb təhsilini də tamamlamaq imkanı olmur. Aşkardır ki, belə valideyinin ailəsində böyüyüb-başa çatan övladın cəmiyyət, xalq üçün faydalı olma ehtimalı o qədər də böyük deyil. Təsadüfi deyildir ki, Şərqdə ilk qızlar üçün məktəbin yaradıcısı, görkəmli mesenat Hacı Zeynalabdin Tağıyev “Anaları savadsız olan xalq kordur” demişdir.
Dünyanı, ailə həyatının nə demək olduğunu hələ tam dərk etməyən uşağın təbii ki, yeni ailəsində qat-qat artıq sayda problemlər yaşanacaq; istər ər-arvad münasibətlərində, istərsə də gəlin – qayınana, yaxud qayınata və digər münasibətlərdə.
Təəssüf doğuran daha bir statisik məlumat: Dünya Bankının və Qadın Problemləri üzrə Beynəlxalq Araşdırmalar Fondunun hesabatına görə hər il dünyada ən azı 15 milyon uşağın nikahı bağlanır.
Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs özünün razılığı olmadan nikaha bağlamağa məcbur edilə bilməz. Nikah yaşına çatmayan şəxsin evləndirilməsi isə qanuna ziddir, eyni zamanda şəxs nikah yaşına çatsa belə, öz razılığı olmadan ailə qurulmasına məcbur etmə qanunla qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan şəxsin nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb.
Qadının məcburi nikaha daxil olması, yəni öz iradəsi əleyhinə evləndirilməsindən danışarkən el arasında “qız qaçırma” kimi tanınan bir adət ilə də rastlaşırıq. Azərbaycanda bu dırnaqarası adət hələ 1960-cı ilin Cinayət Məcəlləsinin 128-ci maddəsində “Qadını ərə getməyə məcbur etmə və ya onun ərə getməsinə mane olma”, 129-cu maddədə isə “qadını evlənmək məqsədilə oğurlama” kimi nəzərdə tutulmuş maddələrə əsasən 3 il və 5 il azadlıqdan məhrum etmə cəzaları təsbit edilmişdi. Hazırda qüvvədə olan Cinayət Məcəlləsində isə “qız qaçırma” adəti də Cinayət Məcəlləsinin 144-cü “adam oğlurluğu” maddəsi kimi təsbit edilərək ağır cinayətlər kateqoriyasına aid edilib.
Daha bir problem yaxın qohumların evlənməsi halları ilə bağlıdır. Burada ən vacib faktor ailədə doğulacaq uşağın şikəst və ya hər hansı sağlamlıq problemi ilə dünyaya gəlməsidir. Təbabət statistikası bu cür evlənmələrin fəsadları barədə kifayət qədər nümunələr gətirir. Yəqin ki, belə faktlarla hər birimiz qonşuda-qohumda, tanış-bilişdə rastlamışıq. Lakin təəssüf ki, əmi, dayı, bibi övladlarını bir-biri ilə evləndirilməsi halları hələ də davam etməkdədir.
Ədliyyə Nazirliyinin Yevlax rayon Qeydiyyat şöbəsinin rəisi, Elşən Quliyev

