“Deyirdi ki, 30 yaşımda öləcəm” – Şəhidin xanımı
Şəhid Nurlan Zeynalovun ailəsi “Bizimləsən” proqramının qonağı olub.
ARANTV.AZ xəbər verir ki, şəhidin atası övladı haqda danışaraq bunları deyib:
“Oğlumla fəxr edirəm. Özüm birinci Qarabağ müharibəsi veteranıyam. Həmişə deyirdi ki, ata, sizin davamçınız olaraq Qarabağı alacağıq. Övladım bunu yerinə yetirdi. Oğlum oktyabrın 9-da vəfat etdi. Deyirdi Mübariz İbrahimov kimi olmaq istəyirəm, mənimlə fəxr edəsiniz”.
Şəhidin anası isə bildirib ki, oğlu qələbəyə inanırdı:
“29-da oğlumu çağırdılar, sevinə-sevinə getdi. Deyirdi, Vətəni biz qorumasaq kim qoruyacaq? Vətən, ana, bacı üçün şəhid oldu. Qızı Nurayı Vətənə dəyişdi. Deyirdi ki, ana ömrüm çox deyil, 30-31 yaşımda öləcəm”.
Nurlan Zeynalovun həyat yoldaşı qızının tez-tez atasını soruşduğunu deyib:
“Ölüm xəbərini noyabrın 17-də aldıq. 25-də isə 31 yaşı tamam oldu. Qızımıza su verirəm, baxıram pəncərəyə baxır. Danışır, soruşuram kimdir? deyir, ata. Qızımızın gözünə görünür”. (axsam.az)

