Sosial 

Unutmayaq: Məsuliyyətsizliyimiz sağlamlığımıza təhlükədir!

Qaydalara əməl etməklə biz yalnız özümüzü yox, ətrafımızı da təhlükələrdən qorumuş oluruq

Görülən tədbirlərə baxmayaraq  hər gün pandemiyaya yüzlərlə yeni yoluxma halları qeydə alınır.  Həkimlərin qənaətinə görə,  artımın baş verməsinin səbəbi insanların hələ də koronavirus xəstəliyini ciddiyə almaması və qaydalara qarşı məsuliyyətsiz yanaşmasıdır.

Pandemiyanın hökm sürdüyü aylarda Prezidentimiz İlham Əliyevin davamlı çağırışlarına, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfərbəredici müraciətlərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, tövsiyə və tələblərinə baxmayaraq çox təəssüf ki, məsuliyyətsiz davranan vətəndaşlar kifayət qədər çoxdur. Koronavirusa yoluxanların sayının gündən-günə artması artıq virusun geniş miqyas aldığından xəbər verir.  Ölkədə ümumi vəziyyət heç də ürəkaçan deyil və  getdikcə də daha da pisləşəcəyi proqnozlaşdırılır. Vətəndaşlarımız karantin  qaydalarına həddindən artıq  məsuliyyətsiz yanaşır və demək olar ki, sosial izolyasiya, şəxsi gigiyena qaydalarının heç birinə əməl etmirlər. Bütün bunlar yoluxmaların sayının artmasına səbəb olur.

Bir müddət iş yerlərinin açılması  insanlarımızda  bir arxayınlaşma, rahatlıq yaratdı. Karantin qaydalarının yumşalmasından istifadə edən vətəndaşlar sosial izolyasiya qaydalarını pozdular və fərdi qoruyucu vasitələrdən istifadə etməyə qeyri-ciddi yanaşdılar. Maska taxan insanlar da çox halda maskadan istifadə qaydalarını bilmirlər. Maskanı çıxarıb cibinə qoyanlar, əlində saxlayıb təkrar taxanlar var. Çirkli maskaların yenidən istifadəsi əksinə virusun yayılmasına səbəb olur. Bilməliyik ki,  insanların kütləvi olduğu yerlərdən çəkinməliyik, yoluxma ən çox belə hallarda baş verir. Bir xəstənin olduğu məkanda 15 dəqiqədən artıq qalmaq yoluxma riskini artırır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir. Məqsəd koronavirusun qarşısını almaq və bu bəladan qurtulmaqdır. Əgər kimsə öz sağlamlığını düşünmürsə demək ki, onun üçün ətrafındakı insanların sağlamlığı da maraqlı deyil.

Hər kəs ictimai nəqliyyatda, iş yerlərində və insanların sıx toplaşdığı digər məkanlarda maskadan istifadə etməli, məsafə saxlamalı, şəxsi gigiyena qaydalarına riayət etməlidir. Bunlarla yanaşı, qaydalara riayət etməyənlərə qarşı ictimai qınaq olmalıdır. Yalnız bu cür, təhlükəyə və təhlükə yaradanlara qarşı birgə mübarizə apararaq, həmrəy olaraq müsbət nəticə əldə etmək mümkündür.

Röya Rasimqızı, “İki sahil”

Daha çox xəbərlər