“ASAN Xidmət”in əməkdaşları Qusarlılara səyyar xidmət göstərirlər
ARANTV.AZ xəbər verir ki, hazırda ölkəmizdə 10-u bölgələrdə olmaqla 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Amma belə mərkəzlərin olmadığı şəhər və rayonların sakinləri də dövlət orqanlarının xidmətlərindən rahat istifadə edə bilirlər. “ASAN Xidmət”in əməkdaşları hazırda Qusarlılara səyyar xidmət göstərirlər. Noyabrın 7-dən bəri burada 1700 nəfərə xidmət göstərilib.
Quba ASAN Xidmət Mərkəzinin müasir texnoloji avadanlıqlarla təchiz edilən xüsusi avtobusunun Qusara gəlməsi ilə bu rayonun sakinlərinin də işi asanlaşıb. Sakinlər vaxt itirmədən və uzaq məsafə qət etmədən xidmətin avtobusunda qurulan mobil ofisdə lazımi sənədləri qısa müddətdə əldə edə bilirlər. Öz innovativliyinə görə seçilən Asan Xidmətdən qusarlılar da razı qalırlar.
Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azəriqaz” İstehsalat Birliyi təqdim edir. Vətəndaşlar əsasən notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, texniki pasportların verilməsi üçün müraciət edirlər.
“ASAN xidmət”in əməkdaşlarına yerli gənclər də könüllü kimi kömək edirlər. Bu iş onlar üçün gələcək karyeraları baxımından yaxşı təcrübədir.
Quba ASAN xidmət avtobusu dekabrın 6-a qədər Qusarda qalacaq. Ona görə də Qusarlıların ASAN xidmətin mobil ofisinə müraciət etmək üçün vaxtları var. Dekabrın 10-dan 29-dək isə Asan xidmət briqadası Şabran və ətraf rayon sakinlərinin xidmətində olacaq.

