Siyasət 

Qarabağa türk general və hərbçilər gələcək – Rusiyaya türk xəbərdarlığı

“Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır. Məsələni rəsmi Bakı ilə müzakirəyə çıxarıb həll edəcəyik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hülusi Akar deyib.

Onun sözlərinə görə, Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Mərkəzin tikintisi davam edir: “Generalımız və digər əməkdaşlarımız ora getməyə hazırdır”.

H.Akar daha sonra bəyan edib ki, Qarabağda yaşanan bütün prosesləri Türkiyə nəzarətdə saxlayır.

“Ruslar iddia edirlər ki, Türkiyə hərbçiləri Qarabağda ermənilərin olduğu yerdə olsa, problem yaranar. Müzakirələr davam edir”, – H.Akar deyib.

Cənab Akarın açıqlamaları zahirən sərt təsir bağışlaya bilər. Əslində nazirin ifadələrindəki zəruri və labüd diplomatik kazuistikanı kənara qoysaq, Akarın açıqlamaları ermənilərə ultimatumdur.

Yəni rəsmi Ankara son aylarda ilk dəfə olaraq açıq bəyan edir ki, Qarabağa hərbçilərini yollayacaq, rusiyalı sülhməramlıların Qarabağda inhisarçı kimi davranaraq istədiklərini etmələrinə imkan verilməyəcək və situasiyanın Azərbaycanın maraqlarına toxunacaq şəkildə azacıq dəyişəcəyi təqdirdə Türkiyə dərhal proseslərə müdaxilə edəcək.

Türkiyə bu baxımdan ABŞ və NATO-nun mövqelərini səsləndirir.

Vaşinqtonla Brüssel isə Qarabağ məsələsində həmrəydirlər: onların qəti fikrincə, Rusiyanın Qarabağda sülhməramlı fəaliyyət adı ilə gördüyü işlər əslində Moskvanın bölgədə möhkəmlənmək, Qarabağ problematikasından Azərbaycanla Ermənistana sürəkli təsir və təzyiq rıçaqı vasitəsi qismində istifadə etmək niyyətidir.

ABŞ Dövlət Departamentinin olayla bağlı bəyanatı da sərtdir: “Rusiyanın Dağlıq Qarabağda hərbi-siyasi mövcudluğu regionda sabitliyə təhlükə yaradır”.

Bu bəyanat əslində Rusiyaya xəbərdarlıq, hətta son ultimatum da sayıla bilər.

Xatırladım ki, Suriya və Liviyadakı Rusiya hərbi qruplaşmalarının taleyi bir çox mənada Rusiya-Türkiyə münasibətlərindən asılı olduğundan Ermənistana kömək xatirinə həmin münasibətləri risk altına almaqdan vaz keçildi.

Ancaq 10 noyabr gecəsi, sülh razılaşmasının rəsmi elanından əvvəl vəziyyət həddən artıq gərginləşdi.

Rusiyanın Mi-24 helikopteri Ermənistan üzərində Naxçıvanla sərhədin yaxınlığında Azərbaycan tərəfindən vuruldu, helikopterdəki iki hərbçi öldü, üçüncüsü isə ağır yaralandı.

Həmin insident müdaxilə üçün əsas ola bilərdi, lakin Azərbaycan tərəfi qurbanların ailələrinə təzminat ödəməyə hazır olduğunu bildirərək baş verənlərə görə üzr istədi.

Son sülh müqavilələrini imzalamağa hazırlaşan Moskva bu faciəyə həddən artıq əhəmiyyət vermədi.

Əslində, Kreml bu məsələ ilə münaqişə başlayandan məşğul olub. Rusiya Türkiyə ilə danışıqlar aparırdı, Azərbaycanla təmasda olurdu və İrəvana qeyri-rəsmi hərbi dəstək göstərirdi.

Vətən Müharibəsi əsnasında Rusiya Azərbaycanın irəliləməsində maraqlı deyil. Xankəndinin ələ keçirilməsi humanitar fəlakət yarada bilərdi. Belə bir razılaşma bir həftə əvvəl təklif olunsaydı, Ermənistan razılaşmazdı. Ancaq indiki vəziyyət tamamilə fərqli idi.

Nəticədə Rusiya vəziyyətdən özü istədiyi kimi çıxa bildi. Moskva həm Bakı, həm İrəvaanla münasibətləri qorunub saxlanıldı. Rusiyanın hərbi mövcudiyyəti gücləndi. Ermənistanın Rusiyadan asılılığı artdı.

Türkiyənin münaqişə nəticəsində aldığı əsas üstünlüklərdən biri Naxçıvan və Ermənistan üzərindən qurulacaq dəhliz vasitəsilə Azərbaycanla birbaşa quru nəqliyyat əlaqəsinin əldə olunmasıdır.

Türkiyə dolayı hərəkətlər sayəsində Ankara hələlik mümkün maksimum nəticəni əldə edib və görünür, Cənubi Qafqazdakı mövcudiyyətini genişləndirərək Gürcüstanla əlaqələrini inkişaf etdirəcək.

Türkiyənin Cənubi Qafqazda əsas oyunçu olmaq cəhdi Rusiyanın təsir dairəsinə təhlükə yaradırdı.

Moskva bölgədə öz hökmranlığına qarşı yaranmış sınaq səciyyəli vəziyyəti Qarabağdakı hərbi mövcudiyyətinə çevirə bilməklə Türkiyənin təsir dairəsini burada məhdudlaşdırıb.

Təbii ki, Ankara bundan narazıdır və proseslərin gedişatına mütləq müdaxilə edəcək.

Daha çox xəbərlər