Narkomaniya cəmiyyətin bəlasıdır
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Proqramı”ının və eyni zamanda Dövlət komissiyasının 2020-ci ilə dair “İş Planı”nın bəndlərinin icrası ilə bağlı Zərdab rayonunda xeyli iş görülmüşdür.
Belə ki, 2020-ci ilin birinci yarımilində “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” üzrə rayon komissiyasının idarə, müəssisə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və bələdiyyələrin rəhbərlərinin iştirakı ilə 2019-cu ildə bu sahədə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr barədə onlayın iclas keçirilmişdir. Komissiyanın təşkilatçılığı ilə rayonun Məlikumudlu, Bıçaqçı kənd tam orta məktəblərində “Narkomaniyanın fəsadları” mövzusunda şagirdlərə maarifləndirici mühazirələr oxunmuş, onları maraqlandıran suallara cavab verilmiş, mövzuya dair video çarxlar nümayiş etdirilmişdir. Komissiyanın və Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə narkotik maddələrin insan orqanizminə zərərli və zəhərli təsirləri barədə rayonun inzibati ərazi dairələrində praktiki məşğələlər və seminarlar təşkil edilmişdir. Zərdab Mərkəzi Rayon Xəstəxanasında tibb işçilərinin iştirakı ilə “Narkotik maddələrin insan orqanizminə zərərli və zəhərli təsirləri”, “Gənclər və məktəblilər arasında narkotik vasitələrin insan mənəviyyatına mənfi təsirləri” və “Narkotik maddələrin qadın orqanizminə mənfi təsirləri” mövzularında mühazirələr dinlənilmişdir. Rayon Polis şöbəsi ilə birlikdə polis şöbəsi tərəfindən saxlanılmış alkoqollu və narkomaniyaya meyilli şübhəli şəxslərin müayinəsi keçirilmiş, Zərdab RMX-nın Poliklinika şöbəsində narkomaniyaya yoluxmuş xəstələrin xüsusi qeydiyyatı aparılmasına nəzarət təmin edilmişdir.
2020-cu ilin oktyabr ayında Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə gələcəyimizin sağlam təminatıdır” mövzusunda onlayın tədbir keçirilmiş, eyni zamanda tədbirdə “Narkomaniya cəmiyyətin bəlasıdır” adlı video-çarx nümayiş etdirilmiş, iştirakçılara Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən çap olunmuş “Sağlam həyat tərzini seç” adlı maarifləndirici bukletlər paylanılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin “Əkinçi” rayon qəzeti səhifələrində geniş işıqlandırılması müvafiq komissiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur.
Rayon ərazisində “26 İyun – Narkomanlıq əleyhinə Ümumdünya mübarizə günü” münasibətilə “Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda təşviqat kompaniyası keçrilmiş və antinarkotik mövzuda hazırlanmış bukletlər paylanmışdır.
Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana sistemində “Gəlin gələcəyimizi qoruyaq, narkomaniyaya yox deyək” mövzusunda karantin rejiminə əmək edilməklə dəyirmi masa təşkil edilmişdir.
Narkomaniyaya qarşı mübarizə tədbirləri təkcə rayon mərkəzində deyil, kənd Mədəniyyət evləri, klub və kitabxana filiallarında da geniş şəkildə qeyd edilmişdir.
Rayon Komissiyasının təşkilatçılığı ilə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Narkotiklərə yox deyək” devizi altında karantin rejiminə əməl edilməklə dəyirmi masa təşkil edilmiş, dəyirmi masada rayonun bir sıra idarə və müəssisələrinin əmək kollektivlərinin nümayəndələri iştirak etmişdir.
Rayonun Bıçaqçı kənd ərazisində “Xaş-xaş 2020” şərti adı altında əməliyyat keçirilmiş və nəticədə ümumi çəkisi 1021 (min iyirmi bir) kiloqram, orta boyları 150-170 sm, eni 60-70 sm olan 2830 ədəd narkotik xassəli yabanı halda bitmiş çətənə kolları yığılıb məhv edilmişdir.
Yeniyetmə və gənclər arasında hüquq pozuntuları, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizə məqsədilə rayon ərazisində “Sağlam həyat tərzini seç” adlı maarifləndirici bukletlər çap edilib müxtəlif vaxtlarda gənclərin sıx toplaşdığı yerlərdə paylanması təmin olunmuşdur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaqda rayon sakinlərinin aktiv fəaliyyət göstərməsi üçün rayonda yaradılmış etimad telefonlarının mövcudluğunun ictimaiyyət arasında geniş təbliğ edilməsi təmin edilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Proqram”ın icrası ilə bağlı rayon ərazisində, idarə, müəssisə və təşkilatlarda gənclər arasında anonim sosialoji sorğular aparılmışdır. Tərtib edilmiş sorğu blanklarında gənclərə müxtəlif suallarla müraciət edilmiş, sorğunun nəticələri ümumiləşdirilərək hazırlanmış təkliflər müvafiq rayon komissiyasına göndərilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizə sahəsində görülən işlərin Dövlət Komissiyasının www.nmdk.gov.az internet saytında yerləşdirilməsi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumatların (foto, video materiallar elektron formada əlavə olunmaqla) mütəmadi olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupuna göndərilməsi təmin edilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası bundan sonra da öz fəaliyətini gücləndirərək narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini daha da genişləndirəcəkdir.
R.Feyzullayev,
Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Rayon Komissiyasının sədri

