Manset 

Qalibiyyət Lideri!

XX yüzilliyin 20-ci ilini başa vurmaqdayıq. İl sonlarında, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir-birimizi təbrik edərkən işlətdiyimiz cümlələr 30 ilə yaxındır eyni məzmunlu olurdu: “Arzu edirəm, gələn bayramı, yeni ili Şuşada qarşılayaq”. Bu il bu arzumuz çin olub, inamımız doğrulub. Bu inamı bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız başda olmaqla Azərbaycan Silahlı Qüvvələridir! Cənab Ali Baş Komandana çox minnətdarıq. Uzun illərin həsrətinə son qoyuldu, xalqın inamı özünə qayıtdı. Generallarımız, zabitlərimiz, əsgərlərimiz, məcburi köçkünlərimiz, ev-eşiyi dağılmış mülki əhali – bir sözlə, qədirbilən xalqımız İlham Əliyevin dövlət və siyasi xadimi, ölkə rəhbəri olaraq necə gərgin işlədiyini Vətən müharibəsində bir daha gördü. Cənab Prezidentin özəlliklə şəhid ailələrinə, yaralı hərbçilərimizə diqqət və qayğısı örnək təşkil edir. Prezident İlham Əliyevin dövlət idarəetmə məktəbi, ustad diplomatiya dərsləri, dövlət-xalq birliyinin təntənəsini yaşatması 44 gün içində özünü xüsusilə parlaq şəkildə göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Qənirə Paşayeva deyib: “44 günü niyə qabardıram? Birincisi, ona görə ki, o, 44 gündə əldə etdiyimiz uğura gedən yol var idi – illərin zəhməti var idi o möhtəşəm günlərdə. Məqsədyönlü siyasətin, o cümlədən iqtisadi siyasətin, xarici siyasətin, ordu quruculuğunun, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin nəticələri iştirak edib 44 günlük Vətən müharibəsində…

İkincisi, biz o günlərdə apardığımız mübarizə nəticəsində böyük bir tarixi sınaqdan keçdik və Zəfər qazandıq. Üçüncüsü, dünyanın düz vaxtı qərar qəbul etmək, rəhbərlik etməklə müharibə dövründə dövlətə rəhbərlik etmək eyni tutula bilməz. Dördüncüsü, 44 gün 44 günün özündə qalmayıb, öz nəticələri ilə böyük sabahımızı şəkilləndirir, bu günümüzdə iştirak edir, gələcəyimizdə iştirak edəcək. Demək, əldə edilmiş nəticələrin qorunması, uğurların davam və inkişaf etdirilməsi əsas mövzudur. Bütün bu amillərdən danışarkən məhz Müzəffər Ali Baş Komandanın titanik səylərini minnətdarlıqla vurğulayırıq. Xalqa müraciətlər, “twit”lər, xarici media orqanlarına müsahibələr, diplomatik görüşlər, saysız-hesabsız telefon zəngləri və sair… Bizim nəsil 44 gün içində 44 ilin miqyasında hadisələrin şahidi, iştirakçısı oldu. Bu günləri bizə yaşadan Tanrımıza şükürlər olsun.

Çəkinmədən deyirik, dövlətimizə Prezident İlham Əliyev kimi dünya miqyaslı siyasi xadimin başçılıq etməsi hərb meydanında da, siyasi-diplomatik sahədə də qələbələrimizin rəhnidir. Dost da, düşmən də bir daha gördü ki, Azərbaycanın müstəqil xarici siyasəti var. Ölkəmizin beynəlxalq münasibətlər sisteminin layiqli və nüfuzlu üzvünə çevrilməsi tarixi gerçəklikdir, qəbul edilməli, hesablaşılmalı həqiqətdir.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrünə aid, dövlət başçısının fəaliyyətinin elmi-nəzəri, konseptual təhlili zaman-zaman ayrı-ayrı alimlər, araşdırmaçılar tərəfindən işlənib. İnanıram ki, bundan sonra yazılacaq əsərlər indiyədək formalaşdırlmış nəzəri bazaya da əsaslanaraq Vətən müharibəsindəki Zəfərimizlə daha da zənginləşəcək.

Necə çətin dövrlərdə necə düzgün qərarlar verilib – gələcəyin Azərbaycanında xoşbəxt nəsillər oxusun, öyrənsin, qürur duysun. Bu, dövlətçilik irsi kimi gələcək nəsillərə ünvanlanmalıdır.

Prezident İlham Əliyev dövlət xadimi və siyasi xadim olaraq şanlı keçmişimizi, milli qürurumuzu bütün kəsafətlərə, gərginliklərə, üzüntülərə baxmayaraq, inam, qətiyyət və prinsipiallıqla gələcəyə daşıyır. Bu, özünə inam, xalqına inam, öz qəlbində xalqına, Vətəninə bəslədiyi duyğulara inam və o duyğuları ən mürəkkəb şəraitdə də əməli müstəvi üzərində ustalıqla təcalla etdirməkdən keçir. “Gələcək nəsillərə güclü Azərbaycan dövləti qoymaq amalına sahib olmaq”. Məncə, Prezidentimizin tarixi uğurunun sirri burdadır.

Prezident İlham Əliyev qarşısına strateji hədəflər qoyan və o hədəflərə necə, nə vaxtadək, kiminlə çatmaq planında alternativlərin ən yaxşısını seçən Liderdir. O, çağdaş tələblərə cavab verən, rəqabətə davamlı iqtisadi sistemin yaradıcısıdır. Məhz Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində respublikamız yeni infrastruktur layihələrin meydanı oldu, ölkəmizdə yeni iqtisadi, sosial, mədəni infrastruktur formalaşdırıldı. Çağdaş dövlət və vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət yaşamının bütün sahələrini əhatə edən islahatlar və sair Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Azərbaycan Prezidenti özü dediyi kimi, “Həyata keçirilən siyasətin mərkəzində insan amili” durur. Dövlətimizin başçısının siyasətində humanizm prinsipinin, multikulturalizm ənənəsinin inkişaf etdirilməsi, eləcə də güclü milli birlik və vətəndaş həmrəyliyi xüsusi istiqamətlərdir.

Beləliklə, Prezident İlham Əliyev hələ 17 il əvvəl qarşıya qoyduğu, bəyan etdiyi strateji hədəflərə nail olunması üçün bütün sahələrdə uğur qazanıb. Buraya istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində aparılmış məqsədyönlü, ardıcıl siyasət, bir sözlə, “güclü dövlət” konsepsiyası daxildir.

Prezident İlham Əliyev qurucu, birləşdirici, xalqın istək və arzularını həyata keçirə bilən, dövlətin, xalqın maraqlarını ən ali məqsəd olaraq öz siyasətinin mərkəzinə qoyan, buna görə də qədirbilən xalqımızın yüksək etimad göstərdiyi, etibar etdiyi Liderdir.

Azərbaycan Prezidenti praqmatik siyasətçidir. Prezidentin siyasətini təhlil edən yerli və xarici mütəxəssislər də vurğuladığı kimi, o, hadisələri, prosesləri dəqiq qiymətləndirir, önəmli məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi vədləri gerçəkləşdirir – 44 günlük Vətən müharibəsində olduğu kimi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Ermənistan haqqında təhlilləri, uğursuz dövlətin “gələcəy”i barədə proqnozları indi erməni cəmiyyətinin əsas müzakirə mövzularındadndır. O cəmiyyət ki, öz siyasi-hərbi rəhbərliyi tərəfindən illərlə qəflət yuxusuna verilmişdi. Artıq kimsə daşları ətəyindən töksün, kimsə daşları ətəyinə yığsın, bizim üçün fərq etməz – Azərbaycanın uğur qatarı kəsafətləri yara-yara irəliləyir, daha da irəliləyəcək. Hər kəs öz gələcəyini özü müəyyənləşdirir – şəxs olaraq da, xalq olaraq da, dövlət olaraq da…

Dövlətimiz var olsun!

Daha çox xəbərlər